"Bütün minaların xəritələri verməlidir" - Dövlət başçısı

"Bütün minaların xəritələri verməlidir" - Dövlət başçısı
Cəmiyyət
Oxunma sayı: 76
"Bu yaxınlarda, beynəlxalq təşkilatların fəal təmasları sayəsində biz ermənilərin basdırdığı minalar haqqında müəyyən informasiyanın alınmasına yaxınlaşırıq. Ümid edirəm ki, tezliklə yaxşı xəbərlər olacaq. Lakin bu nəticələri əldə etmədən öncə heç nə söyləmək istəmirəm. Lakin Ermənistan bizə bütün minaların, basdırdıqları bütün yüz minlərlə minaların xəritəsini verməlidir. Əgər onlar bunu etməsələr, bu, bir daha bu ölkənin terrorçu xislətini nümayiş etdirəcək".
Bunu Prezident İlham Əliyev iyunun 12-də Qvatemala Respublikasının, İrlandiyanın, Albaniya Respublikasının, Norveç Krallığının, Monteneqro Respublikasının, Estoniya Respublikasının, Somali Federativ Respublikasının, Yeni Zelandiyanın, Sloveniya Respublikasının və Danimarka Krallığının Azərbaycana yeni təyin olunan qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən deyib.
"Ərazini təmizləyəndən sonra bununla paralel olaraq biz şəhər və kəndlərimizin bərpasına və yenidən qurulmasına başlayacağıq. Bu, böyük ərazidir, on min kvadratkilometrdən çoxdur. Bu ərazi ordumuz tərəfindən, Dağlıq Qarabağ münaqişəsinə son qoymuş Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin ötən il 10 noyabr tarixli birgə Bəyanatı nəticəsində azad edilib. Ötən il noyabrın 10-da imzalanmış Bəyanat, bəzi ölkələrin təqdim etmək istədiyi kimi, sadəcə, atəşkəs barədə Bəyanat deyil. Bu, atəşkəsdən daha böyük sənəddir, çünki burada gələcəkdə hadisələrin necə inkişaf edəcəyi, necə davam edəcəyi açıq-aydın göstərilir. O, kommunikasiyaların açılmasını təmin edir, sülhməramlı əməliyyatları təmin edir, o, regionda gələcək əməkdaşlığa dair Bəyanatdır. Ona görə də, bu, bəzilərinin təqdim etmək istədiyi kimi atəşkəs sənədi deyil. Bu, Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün bünövrədir", - Prezident vurğulayıb.