Bakı Azərbaycan-Türkiyə qardaşlığı sayəsində işğaldan azad edildi - Elman Nəsirov

Bakı Azərbaycan-Türkiyə qardaşlığı sayəsində işğaldan azad edildi - Elman Nəsirov
Cəmiyyət
Oxunma sayı: 123
Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin çox qədim tarixi vardır. Bu iki dövlət öz tarixlərinin ən çətin dövrlərində daim bir-birlərinə qardaş dəstəyini nümayiş etdiriblər. Məhz bu qardaşlıq münasibətləri sayəsində 1918-ci il sentyabrın 15-də Azərbaycan və türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad etdilər.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru, professor Elman Nəsirovun qəzetimizə müsahibəsində o dövrün gerçəkliklərinə işıq salınır.  
- Elman müəllim, o dövr üçün Bakının azadlığının siyasi əhəmiyyəti nə idi?
- Bu gün Bakı şəhərinin erməni-bolşevik qüvvələrindən azad edilməsindən 103 il ötür. Bu, Azərbaycan xalqına məxsus ən şərəfli tarixlərdən biridir. Həm də qeyd etdiyimiz hadisənin böyük tarixi mənası və əhəmiyyəti var. Birincisi, məhz Azərbaycan və türk qardaşlığı sayəsində Bakı şəhəri işğaldan azad edildi. Qardaşlığımız üçün çox ciddi, böyük örnək formalaşdı. Bu hadisənin ən böyük siyasi əhəmiyyəti onda idi ki, yeni yaranmış Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) paytaxtı yox idi. O zaman Bakı işğal altında olduğundan milli hökumətin müvəqqəti olaraq Gəncədə fəaliyyətə başlaması barədə qərar qəbul edilmişdi. Bakı şəhəri azad olunduqdan sonra artıq AXC-nin fəaliyyət göstərməsi üçün hökumət bu şəhərə köçürüldü. Ondan sonra Azərbaycanın ictimai-siyasi həyatında çox önəmli hadisələrlə bağlı mühüm qərarlar məhz Bakı şəhərində qəbul edildi. Parlament fəaliyyət göstərməyə başladı.
Bu hadisənin ən böyük siyasi və rəmzi mənası ondan ibarətdir ki, ən ağır günlərdə Azərbaycan və Türkiyə  bir yerdə olublar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin tarixi şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərinin özlərinin kədəri, sevincinin isə öz sevincləri olduğunu bildirmişdi. Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlət” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir.
- 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu minlərlə şəhid verərək Bakını işğalçılardan azad etdi. Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda Türkiyə  Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi  “Bu bayram gələcək nəsillərə ötürəcəyimiz ən böyük ərməğandır. Bir əsr əvvəl bu torpaqlarda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyik” fikirləri 44 günlük Vətən müharibəsində dostluğumuza hansı əlavələri etdi?
Bəli, Bakı şəhəri uğrunda döyüşlər heç də asan olmadı. Azərbaycanın, Bakının işğaldan azad olunmasında qardaş Türkiyə 1132 nəfər şəhid verib. Bu, qardaşlığın zirvəsidir. Biz qardaşlığımızı qan ilə möhkəmlətmişik. Biz qardaşlığımızı sözdə deyil, əməldə sübut etmişik. Bu gün biz bir daha əmin oluruq ki, bu qardaşlıq, dostluq sarsılmazdır.
Xatırlatdığınız sözləri Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda cənab Rəcəb Tayyib Ərdoğan təsadüfən söyləmədi. Biz, Türkiyə və Azərbaycan daim bir-birimizə dayaq, arxa olduğumuzu sübut edirik. Xüsusilə də Vətən müharibəsi günlərində, 44 günlük Zəfər səlnaməsinin yazıldığı günlərdə Azərbaycan-Türkiyə qardaşlığı növbəti dəfə sınaqdan üzüağ çıxdı. Türkiyə Azərbaycanı birmənalı şəkildə dəstəklədi. Qardaş ölkənin Prezidentindən tutmuş, onun sıravi vətəndaşına qədər 83 milyonluq Türkiyə yumruq kimi birləşib Azərbaycanın yanında oldu. Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərdilər.
- Elman müəllim, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı ümumiyyətlə, bu münasibətlərdə hansı xüsusi məqamlarla tarixə yazılıb, yadda qalıb?
- Hazırda Türkiyə iqtisadi, siyasi, hərbi və digər sahələr üzrə dünyanın lider dövlətlərindən biridir. Türkiyə öz hərbi gücünə görə NATO-da ikinci, dünyada isə ilk onluğa daxil olan dövlətdir. O, Avropada iqtisadi gücünə görə 6-7-ci, dünyada 16-17-ci yerdədir.  Yuxarıda da qeyd etdiyim kimi, qardaş Türkiyə bizim haqlı davamızda həmişə yanımızda olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söylədi ki, qırmızı xətt keçilərsə, atamızın oğlu da olsa, gözümüz görməz. Bilirsiniz, bu sözün çox böyük mənası var. Bu ifadə üçüncü dövlətlərin İkinci Qarabağ savaşına müdaxiləsinin qarşısını aldı. Ona görə də Vətən müharibəsində Ermənistanın yanında olmaq istəyənlərin qarşısı alındı. Qırmızı xətti keçməyə cürət etmədilər. Prezident İlham Əliyevin də söylədiyi kimi, Türkiyə faktoru həlledici çəkiyə və rola malikdir. Türkiyə əvvəl də Azərbaycanın yanında idi, bu gün də Azərbaycanın yanındadır.
- Bəs, bu gün postmüharibə dövründə Azərbaycan-Türkiyə münasibətlərini necə şərh edərdiniz?
-103 il bundan qabaq nümayiş etdirdiyimiz o hərbi zəfəri indi də davam etdiririk. Bu gün də Azərbaycan-Türkiyə Silahlı Qüvvələri intensiv  şəkildə birgə hərbi təlimlər keçirirlər. İlk dəfədir ki, işğaldan azad olunmuş ərazidə- Laçında artıq xüsusi təyinatlıların birgə hərbi təlimləri keçirilir. Bu bir daha sübut etdi ki, artıq biz strateji tərəfdaş deyilik, strateji müttəfiqik.
Eyni zamanda, yeni tarixi dövrü xarakterizə edən ən mühüm məsələlərdən biri də odur ki, ilk dəfə iyun ayının 15-də Azərbaycanın Milli Qurtuluş Günündə Şuşa şəhərində birgə Bəyannamə imzalandı. Həmin Bəyannamə ilə Azərbaycan-Türkiyə münasibətləri strateji həm də hərbi müttəfiqlik səviyyəsinə qalxdı. Bu, o deməkdir ki, əgər biz yenidən müharibə reallığı ilə üz-üzə qalsaq, bu qaçılmaz olsa, Azərbaycana qarşı təcavüz əli uzadılarsa Türkiyənin ölkəmizə təkcə siyasi, mənəvi deyil, həm də hərbi dəstək göstərməsi artıq hüquqla müəyyən edilmiş, razılaşdırılmış, imzalarla təsdiqini tapmış məsələ olacaq. Bu, yeni dövrün yeni reallıqlarıdır. Həm də Ermənistana, ona dəstək verənlərə bir mesajdır. Yəni o əli, təcavüz əlini Türkiyə kəsəcək. Yox, Türkiyəyə  qarşı hər hansı təcavüz olarsa Azərbaycan Türkiyənin yanında yer alacaq. Bunu bizi sevənlər də, sevməyənlər də yaxşı bilirlər. Bu, bir həqiqətdir ki, Türkiyə-Azərbaycan qardaşlığı daimidir, əbədidir, sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Əks halda məhv olar.