Ramin Hacılı aclığı dayandırıb - Vəziyyəti hələ də kritikdir

Ramin Hacılı aclığı dayandırıb - Vəziyyəti hələ də kritikdir
Cəmiyyət
Oxunma sayı: 75
Hazırda həbsdə olan Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı 10 gündür davam edən quru aclıq aksiyasını dayandırıb. 
Bu barədə Qaynarinfo-ya ictimai fəalın anası Hürü Hacıyeva məlumat verib. 
Onun sözlərinə görə, aksiyanı dayandırmasına baxmayaraq, Ramin Hacılın səhhətində ciddi problemlər var: "Həkim nəzarətindədir. Xeyli dərman yazıblar. Vəziyyəti yaxşı deyil”.
Ramin Hacılının ötən gün keçirilməli olan məhkəmə prosesi də təxirə salınıb. Hürü Hacıyevanın sözlərinə görə, bu da ictimai fəalın səhhəti ilə əlaqədar olub: "Sentyabrın 14-də növbəti proses oldu. Bu dəfə də təxirə salındı”.
Hürü Hacıyeva oğlu ilə bağlı Prezident İlham Əliyevə müraciət edəcəyini bildirib: "Prezidentə müraciət edəcəm. Cavan, savadlı uşaqdır. Axı nə günahı var? Borca görə tutublar, onu da qaytarırdı. Niyə belə edirlər axı?”
Qeyd edək ki, Ramin Hacılı Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq - təkrar törədildikdə), 178.2.4 (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 29,318.1 (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddələri ilə təqsirli bilinərək 2 il sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilib. Prokurorluq hökmdən protest verib. İş apellyasiya mərhələsindədir.