"Yasmin"dəki sahibkarların ÇİLƏSİ DAVAM EDİR... - NARAZILIQ!

"Yasmin"dəki sahibkarların ÇİLƏSİ DAVAM EDİR... - NARAZILIQ!
Cəmiyyət
Oxunma sayı: 118
Həqiqət və reallıq bundan ibarətdir ki, paytaxt Bakının ən elitar ərazilərindən birində -- Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən, mürəkkəb tikinti quruluşlu 7 mərtəbəli baxımlı binası ilə diqqəti daha çox cəlb edən "Yasmin" Biznes Mərkəzi də, son illər ölkəmizdə milyonlarla manat vəsaitin havaya sovrulması anlamına gətirən maddi maraqlar uğrundakı daxili intriqaları, səs-küylü qalmaqalları ilə gündəmdən düşməyən biznes müəssisələri sırasında özünə xüsusi yer alıb. Ölkə mətbuatının, xəbər saytlarının, sosial şəbəkələrin, eləcə də araz.az xəbər portalının çoxsaylı yazılarında belə bu Biznes Mərkəzi cəmiyyətə, ətrafında 2015-ci ildən başlayan, getdikcə böyüyərək, hətta ictimai qınağa çevrilən intriqa və qalmaqalların məkanı olaraq təqdim edilib. Ən əsası odur ki, həmin yazılarda, illərin əzab-əziyyətləri hesabına topladıqları bir ətək halal pullarını verərək, özlərinə bu Biznes Mərkəzindən olduqca baha qiymətə obyekt və ofislər alan 20 nəfərdən çox iş adamına qarşı, onların göz dikdikləri bu qiymətli halal mülklərini ələ keçirmək üçün istədiklərini etməkdən çəkinməyən "XalqBank" ASC-nin başında duranların əsl düşmən mövqeyi nümayiş etdirdikləri xüsusi vurğulanıb. O da xüsusi qeyd edilib ki, düşmən mövqeli bu nüfuz sahibləri, “Yasmin”in bu baxımlı binasını, "ağına-bozuna baxmadan" ələ keçirməkdə israrlıdırlar. Konkret desək, onlar, zərərçəkən həmin iş adamlarının hər birinin binanın içindəki müxtəlif ölçülü halal mülklərinə, hiylə, fırıldaq, iftira... dolu iyrənc planlı oyunlardan çıxmaqla əl qoya, heç bir qanun və vicdan çərçivəsinə sığmayan vasitələrlə, ən əsası isə, qanunsuz təşkil etdirdikləri hərracla, reallıqda 60 milyon manata yaxın dəyər qiymətli "Yasmin"i, vur-tut 22 milyona öz banklarının adına ala biliblər. Bir sözlə “Xalq Bank”, artıq, “Yasmin”inin binasını tam zəbt edib, bizi ora buraxmır, hərrac vasitəsilə, obyektlərimizi də ələ keçirib.
Hər şey göz qabağında olduğundan, açıq-aydın görmək olur ki, özü də, "Xalq Bank" rəsmiləri istədiklərini çox fərasətsiz şəkildə həyata keçiriblər. Bunun əsas sübutu, bankın bu Biznes Mərkəzini tikən “Mars -- M” MMC-nin hazırda həbsdə yatan sahibi və direktoru Mərhəmət Bəşirova, 2013-cü ilin oktyabrından 2014-cü ilin mayınadək, bu sahibkarlara satılmış əmlakları ilə bərabər, "Yasmin"in binasının adi xəbərdarlıq belə olmadan girov qoyulması müqabilində, 14 milyon manat kredit verməsidir. Bu kreditin təyinatı binanın tikintisi və təmiri üzrə olsa da, kredit üzrə ödənişdə dərhal problem yaranıb. Buna baxmayaraq, 2015-ci ilin iyulunda “Xalq Bank”, “Mars -- M”ə 17 milyon dollar məbləğində yeni kredit də ayırıb. Bu kreditin verilməsində əsas məqsəd isə, ölkədə baş verən devalvasiya görə, əvvəlki kreditin bağlanmasına köməklə, habelə binanın tikintisi və təmirini sürətləndirməklə bağlı olub. Guya, “Xalq Bank” bunu özünü növbəti devalvasiyadan qorumaq üçün edib. Bankın müvafiq filialı kreditin verilməsinə etiraz etsə də, Müşahidə Şurası kreditin verilməsində israrlı olub. Beləcə, hər iki kredit açıq-aşkar qanunsuz ayrılıb. Amma “krışa”sı yüksəkdə olduğundan, obyekt sahibləri birləşsələr də, bu bankın qanunsuz əməllərinin öhdəsindən gələ bilməyiblər. Ədalətli açıq məhkəmə proseslərinin təmin edilməməsi ucbatından və əlacsızlıqdan, sonda, “Mars -- M” MMC-nin və “Xalq Bank”ın fırıldağına məruz qalan iş adamları Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutublar.
Onu da qeyd edək ki, bu ciddi məsələ, ömür boyu yığdıqları bu yolla əllərindən alınan həmin iş adamlarına olduqca pis təsir etdiyindən, hətta onların arasında dünyasını dəyişənlər, insult keçirərək, ağır yataq xəstəsi olanlar da var. Özlərinin ürək ağrısı ilə dedikləri kimi, doğrudan da, haqqlarının bu cür pozulmasına heç cür tab gətirmək olmur; Axı, insan taleyi ilə belə oynamaq olmaz və açıq-aydın görünür ki, bu obyekt sahibləri “Mars -- M” MMC-nin və “Xalq Bank”ın iştirakçısı olduğu tikinti fırıldağının qurbanlarıdır. Ən dəhşətlisi odur ki, bu fırıldaqda aidiyyatı dövlət qurumlarının da əlləri var. Hüquq-mühafizə orqanları və məhkəmələr də, törədilmiş bu qatı cinayəti ört-basdır etmək üçün, 5 milyon manatdan çox ziyana düşmüş zərərçəkən bu obyekt sahiblərini öz investisiyalarından məhrum etməyə iyrənc yollar axtarıblar həmişə.
Xeyli vaxtdır müxtəlif instansiya məhkəmələrinə iddiaçı, hüquq-mühafizə orqanlarına şikayətçi kimi müraciət edən obyekt və ofis sahibləri Akif Mahmudovun, Tahirəxanım Əfəndiyevanın (Məmmədovanın), Afət Ağazadənin, Yalçın Məlikovun, Qalib Məmmədovun, Elçin Əliyevin, Azər Mahmudovun, İlqar Məhərrəmovun, Ruhiyyət Məmmədovanın, Sahib Quliyevin, Anar Hüseynovun, Ədalət Zamanovun, Zülfüqar Kazımovun, Natəvan Bağırovanın,.. ölkə başçısına, Birinci vitse-prezidentə, aidiyyatı dövlət qurumlarının rəhbərlərinə ünvanladıqları çoxsaylı müraciətlərin və şikayət məktublarının, eləcə də məhkəmə çıxışlarının aşağıdakı qısa xülasələrində göstərilənlər də, yuxarıda deyilənlərin inkaredilməz təsdiqidir:

-- Bu qatı cinayətin baş verməsinin əsas səbəbi, "Yasmin" Biznes Mərkəzi binasının “Xalq Bank”a girov qoyulmasıdır. Mərhəmət Bəşirov, ümumi sahəsi 22 min kvadratmetrdən çox olan 7 mərtəbəli bu binanın, 16 min kvadratmetrlik 5 mərtəbəsini banka girov qoyaraq, bizdən xəbərsiz iki dəfə külli miqdarda kredit götürüb. Bu hadisə, biz bu binadakı ofis və obyektlərimizə maliyyə arayışları aldıqdan 5 il sonra baş verib. Dəhşət ondadır ki, biznes mərkəzinin özü tam təhvil verilmədən, yəni, binası girov obyektinə çevrilməmişdən əvvəl bank rəhbərliyi bu əməliyyatlara razılıq verib. Bank rəhbərliyi kreditlər ödənilmədiyi üçün, qanunlarımızın tələb etdiyi məcburiyyətdən məhkəməyə müraciət də edib. Elə, girov predmeti olan və çoxdan göz saldığı bu gözəgəlimli binanı ələ keçirmək istəyini reallaşdırmaq üçün, üzərinə müxtəlif xoşagəlməz üsullardan istifadə etməklə, məhkəmə Qərarıyla həbs qoydurmağa nail olub. Sən demə, “XalqBank” rəhbərliyi "Yasmin"in bu gözəgəlimli binasına çoxdan göz dikibmiş. Həmişə bu tikilini ələ keçirmək arzusunun çin olması üçün, yollar düşünürmüş. Elə, Mərhəmət Bəşirovun cinayət işində zərərçəkmiş kimi tanınmaları da, onların bu arzularının çin olmasında xüsusi rol oynayıb. Danılmaz bu həqiqəti bizə sonradan bilmişik.
Ümumiyyətlə, bizim bu banka qarşı heç bir iddiamız yoxdur. Sadəcə, bizim də hüquqlarımızın, əlimizdə olan sənədlərin tanınmasını istəyirik. Axı, göz qabağındakı onlarla obyektin işinə mane olmaq yaxşı iş deyil. Daha doğrusu, göz qabağındakı bu boyda işlək obyektləri bu vəziyyətə salmaq ən böyük cinayətdir. Bunu sübut etməyə savad da lazım deyil. Krediti, vətəndaşların pulunu ora-bura səpələməyin başqa izahı yoxdur. O saat başa düşülür ki, ortalıqda pullar bölünərək, mənimsənilib. Əvəzində, vətəndaşların əmlakı girov götürülüb.
"XalqBank”la Mərhəmət Bəşirovun aralarında nə olubsa, özləri bilməli, problemlərini özləri həll etməlidirlər. Sahibkar əmlakını zəbt etməyə isə, heç bir Azərbaycan qanunu yol vermir. Vətəndaşın əmlakı kiminsə etdiyi cinayətə görə, necə mənimsənilməlidir?! Dövlətə, xalqa, hökumətə sadiq olan insanlar, qanunpərəst vətəndaşlar, başını aşağı salıb işləyən adamlar buna görə niyə əziyyət çəksinlər ki?! Obyekt və ofislərimiz bizə qaytarılmalıdır. “Xalq Bank” isə, bütün binanı mənimsəyib və bizi içəri buraxmır. Belə biabırçılıq harda görünüb?!";

-- Cənab Prezident! Sizdən xahiş edirik ki, bu məsələni şəxsi nəzarətinizə götürüb, haqq-ədalətin bərpa olunmasında bizə kömək əlinizi uzadasınız! Çünki "Xalq Bank" "Yasmin" Biznes Mərkəzini, məhkəmələr gedə-gedə hərraca çıxarmaqla, biz sahibkarlara hərtərəfli ciddi zərbələr vurdu! Buna qarşı biz kəskin etirazlar etmişik.
Bəli, qısa və konkret desək, elə, kriminal təfəkkürlü Mərhəmət Bəşirov özünəməxsus kriminal süjet xətti olan bu "kredit hekayəsi" ilə də, çoxlarını bəlaya düçar edib. Buna baxmayaraq, uzun zaman onun xətrinə, törətdiyi bu səs-küylü cinayətin şiddətinə görə dəyən tapılmayıb. Dəhşət ondadır ki, onun cinayət əməlləri ilə bağlı gedən məhkəmə proseslərində belə haqq-ədalət qalib olmağı bacarmayıb. Belə olmasaydı, Yasamal Rayon Məhkəməsində gedən səs-küylü prosesdə, bu boyda kreditlər götürüb, qaytara bilməyən, buna görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2. və 308.2. maddələri ilə ittiham edilərək, cinayət məsuliyyətinə cəlb olunan bu vəzifə sahibinə dövlət ittihamçısı -- prokuror 6 il 6 ay cəza tələbi qoymaz, hakim Hüseyn Səfərov isə, bu qatı cinayətkarı, vur-tut 4 il 6 ay azadlıqdan mərhum etməzdi.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Mərhəmət Bəşirovla “Mars -- M” şirkətində 25 faizlik payçı olan, o vaxtlar milli təhlükəsizlik naziri vəzifəsində oturan Eldar Mahmudovun ən sadiq adamlarından biri kimi tanınan, hazırda “İnterpol” xətti ilə axtarılan “Akula Akif” ləqəbli Akif Mustafayev, şərikinin istədiyi hərəkətlər etməsindən, bankirlərlə gizli sövdələşmələrə getməsindən xəbər tutandan sonra, bərk qəzəblənib. Adı yuxarılara bağlı olan "Xalq Bank"ın başında duran imkan sahiblərinin Mərhəmət Bəşirova güclü dəstək göstərmələrinə baxmayaraq, “Akula Akif” də, “Mars -- M” MMC-yə və onun rəhbərinə qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiası qaldıra bilib. Başlanan bu məhkəmə çəkişməsi, sonda, iddiaçının şərikinə olduqca ağır başa gəlib. “Akula Akif”in özünün və onun MTN-dəki dostlarının təkidiylə, məhkəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və dələduzluq etməkdə təqsirli bildiyi Mərhəmət Bəşirovun 11 il müddətinə azadlıqdan məhrum edilməsi barədə Qərar verib.
Bu yerdə, məlumat üçün onu da bildirək ki, Akif Mustafayevin “Mars -- M”də 25 faizlik paya hansı şərtlər daxilində sahib olduğunu indiyədək bilən olmayıb;

-- Biz, hətta "Yasmin" qarşısında açıq etiraz aksiyalarına da qalxdıq, deyilənlər barədə jurnalistlərə açıqlamalar verdik. Bildirdik ki, əzab-əziyyətlə topladığımız külli miqdarda pullarımız müqabilində aldığımız obyektlərimiz artıq əlimizdən çıxmaq təhlükəsi ilə üz-üzədir: Çoxdandır ki, biznesimizi davam etdirməyə də imkan verilmir. "Xalq Bank", girişinə qanunsuz olaraq, "Cəsur" mühafizə qurumundan mühafizəçilər də yerləşdirib və onlar tərəfindən öz halal obyektlərimizə daxil olmağımıza belə qanunsuz qadağalar qoyub. Bir sözlə, obyektlərimiz Biznes Mərkəzinin içində yerləşdiyindən, fəaliyyətimiz zorla dayandırılıb.
Ölkənin uğuru onun biznesinin inkişafından daha çox asılı olduğu üçün, bu məqsədlə ortaya qoyulan dövlət siyasətinə, Prezidentin siyasi iradəsinə hörmət və ehtiram göstərilməli, dövlət qurumları inkişafa maneçilik törətməməli, əksinə, buna daha yaxından kömək edib, şərait və imkan yaratmalıdırlar. Lakin Azərbaycan dövlətinin rəhbərinə məxsus ciddi ittiham xarakterli bu göstərişlərdən hələ də çəkinməyərək, "Xalq Bank" birbaşa ölkə biznesinin inkişafına əngəl yaradır. Bu bankla Mərhəmət Bəşirovun aralarında nə olubsa, özləri bilməli, problemlərini özləri həll etməlidirlər. Çünki, bir daha deyirik, sahibkarın əmlakını ağına-bozuna baxmadan zəbt etməyə heç bir Azərbaycan qanunu yol vermir. Bir sözlə, vətəndaşın əmlakı kiminsə etdiyi cinayətə görə, mənimsənilə bilməz.
Biznes Mərkəzi önündə baş tutan aksiyamızın birində, biz zərərçəkənlər bu olaylar barədə önəmli məqamları jurnalistlərin diqqətinə çatdırarkən, bank rəhbərliyinin binanın qapısını bağlatdırıb, obyekt sahiblərini içəri buraxmamalarına ciddi göstəriş vermələri bir yana, hətta onların mühafizə xidməti əməkdaşlarının əliylə törətdikləri, qanunsuz hərəkətlər etməkdən çəkinmədiklərinin daha bir sübutuna çevrildi.
Konkret desək, onlar tərəfindən, mühafizə xidmətinin əməkdaşları ilə bizim aramızda qarşıdurma yaradıldı. Üstümüzə hücum edərək, bizi zor-gücünə çölə çıxaran mühafizəçilər, hətta bu davada qadın obyekt sahiblərinə qarşı zor tətbiq etməkdən belə çəkinmədilər. Nəticədə, ciddi bədən xəsarətləri alanlarımız oldu. Özümüzə qarşı bu sayğısızlığı görub, ölkə rəhbəri olaraq Sizə, eləcə də hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qaldıq. Lakin bu zaman da, indiyədək etdiyimiz etirazlarımıza məhəl qoyan tapılmadığı kimi, daha çox əziyyət çəkənlərin şikayətlərinin belə əhəmiyyəti olmadı.
Fırlldaq nəticəsində haqqımızın pozulmasının, əmlaklarımızın qanunsuz ələ keçirilməsinin qarşısının alınması, bu ciddi məsələnin vicdan çərçivəsində həllini tapması və şikayətlərimizi təcili nəzarətə götürməyiniz üçün, dövlət rəhbəri olaraq, bir daha Sizə səslənirik. Cənab Prezident, tam əminik ki, gec-tez bu işdə bizim tərəfimizdə olacaqsınız! Çünki “Mars -- M” firmasının sahibi 2009-cu ildən başlayaraq, yəni, hələ “Yasmin”i inşa edib, binasını hazır etmədən öncə bizə qeyri-yaşayış sahələri satıb. Orta hesabla aldığımız hər bir obyektin qiyməti 100 -- 600 mın manat arasında olub. 2010-cu ilin sonunda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti binanı qeydiyyata alıb və bizə bu barədə məlumat verilməyib. Adətən, həmin xidmət qurumu belə binaları könüllü olaraq qabaqcadan qeydiyyata almır, yalnız məhkəmə qərarı əsasında bunu edir. Görünən odur ki, lap əvvəldən bu fırıldağın arxasında çox güclü məmurlar dayanıb;

-- Bank ilk dəfə məhkəməyə müraciət edəndə, birinci instansiya məhkəməsi 2016-cı ildə “Mars -- M”dən 19,5 milyon dollar borcun tutulmasını, o cümlədən girov qoyulmuş “Yasmin”inin tutuma yönəldilməsini qət edib. Yalnız bundan sonra, biz sahibkarlardan iki nəfər bu fırıldaqdan xəbər tutub. 2017-ci ildə onların şikayəti həm Bakı Apellyasiya Məhkəməsi, həm də Ali Məhkəmə tərəfindən təmin olunub. Binanın girov müqaviləsi onlara satılmış obyektlər hissəsində etibarsız hesab edilib. Lakin "Xalq Bank" Konstitusiya Məhkəməsinə müraciət edib. Sonuncu 2018-ci ildə Qərar verib ki, sahibkarların xeyrinə qərar verən məhkəmələr Daşınmaz Əmlakın Dövlət Reyestrinin mötəbərlik prezumpsiyasını, əmlak əldə edənin vicdanlılıq məsələsini nəzərə almayıb, buna görə də, işə yenidən baxılmalıdır. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə isə, yalnız reyestrin mötəbərlik prezumpsiyasını rəhbər tutaraq, bankın xeyrinə qərar veriblər. Yəni, guya, bank reyestrə etimad edərək, binanı girov götürüb. Amma bu əsnada “Xalq Bank”ın vicdanlılıq məsələsinə qiymət verilməyib.
Əslində isə, “Xalq Bank” Biznes Mərkəzini girov götürərkən vicdanlı olmayıb. Çünki bank onu yaxşı bilib ki, Azərbaycanda heç bir bina tikintisinin əsas hissəsi şirkətinin öz vəsaiti hesabına həyata keçirilmir. Tikinti başlayan kimi binanın hissələri (yaşayış və qeyri-yaşayış sahələri) satılır, tikinti əldə edilən vəsait hesabına davam etdirilir və yekunlaşdırılır. Bunu, hətta hamı bilir. Banka gəldikdə isə, o, “Banklarda kreditlərin verilməsi Qaydaları”na əsasən, “Mars -- M”in maliyyə hesabatları əsasında asanlıqla müəyyən edə bilərdi ki, “Yasmin” borc alanın öz hesabına inşa edilmir. Bank bunu etməyibsə, vicdanlı deyil, edibsə, deməli, ümumiyyətlə, cinayət əməlində iştirakçıdır.
Digər tərəfdən, “XalqBank” “Yasmin”i girov götürərkən, orada alınmış obyektlərin xeyli hissəsi artıq təmir olunmuş, bəzilərində isə, vergi kodu alınaraq, sahibkarlıq fəaliyyəti həyata keçirilməyə başlamışdı. “Banklarda kreditlərin verilməsi Qaydaları”na əsasən, bank girov götürdüyü obyektə baxış keçirməli idi. Keçirsəydi, obyektlərin satıldığını müəyyən edə bilərdi. Bank bunu da etməyibsə, bir daha vicdanlı olmadığını ortaya qoymuş olub və bunu bilə-bilə edərək, deməli, ümumiyyətlə, cinayət əməlində iştirakçı olduğuna imza atıb.
Ümumiyyətlə, kreditin verilməsi çox şübhəli şəraitdə həyata keçirilib və “Banklarda kreditlərin verilməsi Qaydaları”nın tələbləri dəfələrlə pozulub. Belə ki, bank krediti filialının mənfi Qərarına zidd olaraq verib. Filial “Mars -- M”in problemli və zərərlə işləyən borc alan hesab etdiyi üçün, kreditin əleyhinə olub. Əlimizdə bu barədə rəsmi protokol var. “Mars -- M” əvvəlki krediti ödəməsə də, ona yeni kredit verilib -- özü də, açıq-aşkar bankın devalvasiya risklərini ötürmək məqsədilə. Bu zaman kreditin təyinatı da dəyişməz qalıb: Binanın tikintisi və təmiri. Yəni açıq-aşkar saxta və formal təyinat. Əksinə, həmin dövrdə bu işlər artıq bitmək üzrə idi. Bankın qəsdən ödəniş qabiliyyəti olmayan borc alana kredit verməsi o deməkdir ki, o, tamamilə girov predmetinə tutmaya arxalanıb. Halbuki, “Banklarda kreditlərin verilməsi Qaydaları”na görə, təminat kreditin qaytarılmasının yeganı mənbəyi ola bilməzdi.
Nəhayət, “Banklarda kreditlərin verilməsi Qaydaları”na əsasən, belə iri kredit üzrə girov azı iki kənar qiymətləndirici tərəfindən dəyərləndirilməli və yoxlanılmalı idi. Amma yalnız bir qiymətləndirici rəy verilib. Belə olduğu halda, bankın vicdanlı olmasını necə iddia etmək olardı?! Üstəlik, bank həmin Qaydalarla tələb olunan bir sıra sənədi “Mars -- M”dən götürməyib: Biznes-plan, tikinti sənədləri, borc alanın qiymətləndirilməsi hesabatı və s., və i.a. Bu yerdə, qanunvericiliyə riayət etmədən kredit vermiş bank vicdanlı hesab oluna bilməz.
Bütün bunlara baxmayaraq, bank iddia edir ki, nəinki vicdanlıdır, hətta, guya, “Mars -- M”in sahibi və rəhbəri Mərhəmət Bəşirov tərəfindən alçaldılib. Bu ittihamın da irəli sürülməsi məqamı bankın rəhbərliyinə dair şübhələri artırır. Bank yalnız Konstitusiya Məhkəməsinin 2018-ci il tarixli Qərarından sonra, Baş prokurorluğa Mərhəmət Bəşirov barədə şikayət edib. Həmin vaxtadək bank, artıq, 2 il idi və bilirdi ki, sahibkarlar obyektlərin onlara daha əvvəl satıldığını iddia edirlər. Amma, nədənsə, bank, açıq-aşkar Bəşirovu himayə edərək, şikayət etmirdi. Yalnız başa düşəndən sonra ki, biz haqqımızı tələb edəcəyik, bank Mərhəmət Bəşirovu qurban verdi. Amma tam da qurban vermədi və bu işdə prokurorluq da banka kömək əli uzatdı. Belə ki, Mərhəmət Bəşirova qarşı, əvvəlcə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq, maksimal cəza – 10 il müddətinə azadlıqdan məhrumetmə) ilə cinayət işi açıldı. Halbuki, bizlərə, birgə olaraq, milyonlarla ölçülən zərər dəyişmişdi. Deməli, Mərhəmət Bəşirova qarşı 178.4-cü maddə (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq, maksimal cəza – 14 il müddətinə azadlıqdan məhrumetmə) ilə iş açılmalı idi. Bunu başa düşəndən sonra, prokurorluq, ümumiyyətlə, dələduzluq ittihamından imtina etdi və onu qanunsuz kredit almaqda (Cinayət Məcəlləsinin 195.2-ci maddəsi, maksimal cəza – 5 il müddətinə azadlıqdan məhrumetmə) ittiham etdi. Guya, Mərhəmət Bəşirov girovun hissələrini satdığı haqda banka məlumat verməyib və nəticədə, bank yox, biz sahibkarlar zərərə məruz qalmışıq. Maraqlı məntiqdir: Aldadılan, guya, bankdır, zərər çəkən isə, biz!
Yasamal Rayon Məhkəməsində də, Bəşirova qarşı bu ittiham üzrə cinayət prosesi gedir. Nədir bu “humanistliyin” səbəbi?! Açıq-aşkar onu göstərir ki, cinayətkar qrup öz üzvünü himayə edir, ona yardım edir. Məhz buna görə də, cinayət prosesində heç bir vəsatətimiz təmin edilmir. Kredit dosyesi, bankın daxili kredit qaydaları təqdim edilmir, kredit haqda qərar vermiş “Xalq Bank”ın vəzifəli şəxsləri dindirilmir və s. Açıq-aşkar qurama məhkəmə işi gedir.
Bu yanaşmanın məqsədi də aydındır. Əgər Mərhəmət Bəşirov 195.2-ci maddə ilə cəza alsa, deməli, bankı aldadıb, Guya, bank özü qanunsuz kredit verməyib, Bəşirov ondan qanunsuz kredit alıb. Aldadılan bu bank isə, vicdanlı hesab olunacaq. Deməli, biz də pulumuzu bankdan deyil, adına heç bir rəsmi əmlak olmayan Bəşirovdan tələb etməliyik. Eyni zamanda, Bəşirova da çox yüngül cəza veriləcək. Beləliklə, yekunda itirən biz sahibkarlar olacağıq;

-- Əlimizdə 2009-cu ildə “Yasmin” Biznes Mərkəzindən əmlak almağımız barədə maliyyə arayısları, dövlətin notariusunda təsdiq olunmuş alqı-satqı müqavilələri də var. Biz sahibkarlar da, Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Notarius – dövlət qurumudur, Ədliyyə nazirliyinə aiddir. "Xalq Bank"ın nümayəndəsi və vəkili bizi təhqir edib, deyir ki, guya, "kol dibində" təsdiq etdirmişik bu müqavilələri -- “filkina gramota”. Muxtar Mustafayev Ədliyyə Nazirliyini “kol dibi”, onun rəhbərini isə, “Filka” adlandırdı.
On yeddi million dollar kredit!
Bunun 170 kilo çəkisi var -- iki yekə kişinin çəkisi!
Mərhəmət necə götürüb bu pulu. Belində aparıb, araba ilə, yoxsa köçürmə yolu ilə?! Əgər köçürmə yolu ilə olubsa, onda pulun transferi və hərəkəti göstərilsin "Xalq Bank" tərəfindən. Hansısa hesabdan və kartdan pulun hərəkətini və transferini çıxarmaq çətin iş deyil. Amma "Xalq Bank" bunu gizlədib indiyəcən və məhkəməyə təqdim etməkdən imtina edib. Di gəl ki, məhkəmələr yenə bankı dəstəkləyib.
On yeddi milyon dollar pul verilib – illik 16 faizlə. Yəni, illik yalnız faizi 2 milyon 720 dollardı. Bu, o deməkdir ki, bir ayda Mərhəmət Bəşirov 227 min dollar banka pul ödəməli idi. Normal düşüncəyə görə, əgər hansısa şəxs bir ayda yalnız bu qədər faiz ödəyə bilirsə, onda həmin şəxs krediti neyləyir, nəyinə gərək?! Axı, bu pula paytaxt Bakının mərkəzindəncə hər ay normal 4 -- 5 otaqlı mənzil almaq olar! Və yaxud hər ay tikintiyə bu məbləği xərcləməklə böyük işlər görmək olar, özü də surətlə. Bunu ona görə qeyd etmək istəyirik ki, bəlkə, kiməsə, nağıl danışmaq olar, amma mütəxəssisə nağıl danışmaq olmur. İnşaata və təmirə nə qədər vəsait xərclənir -- bu sirr deyil! Zərər çəkmiş sahuibkarlardan biri -- Vüqar Həsənov hörmətli və savadlı bir memardır. Elə, “Yasmin” Biznes Mərkəzinin yaraşıqlı və cəlbedici binası da, onun eskizləri və layihəsi əsasında inşa olunub.
Bank binanı girov götürərkən, binaya baxış keçirib. Həmin vaxt orda bəzi tikinti-tamamlama işləri aparılıb, hətta bəzi obyektlər fəaliyyət göstərib.
Bir sözlə, o zaman bir çox sahələr tam şəkildə təmir edilmişdi, aptek işləyirdı. Sahibkarlar öz əmlaklarını da, zövqlərinə uyğun dizaynla təmir etdirmişdilər -- müxtəlif dizayn konseptdə. Hətta bu da bankın nümayəndələrində sual yaratmadı?! İnanan daşa dönsün ki, bunu, guya, görmədilər! Biri kor olub görməyə bilər. Yəni, bütün bankın işçiləri kor olub, bunu görmədilər?! Hardaydı "Xalq Bank"ın başında duranlar biz öz əmlaklarımızı təmir etdirəndə?! Heç iz-tozları da yox idi! Çünki "Xalq Bank"ın saxta kredit müqaviləsi, sahibkarlar əmlak alandan beş il sonra bağlanıb.
Hansısa bir vətəndaş kredit götürmək üçün banka müraciət edərkən, yaxşı bilir ki, bu asan iş deyil. Həmin şəxsin az qala nənəsi də yoxlansın bank tərəfdən! Nə bilim, hətta sosial şəbəkələrdə həmin şəxs barədə informasiyalara və bir sıra məqamlara da diqqət yetirilir. Di gəl ki, internet vasitəsi ilə, "Google"dən Mərhəmət Bəşirov yığanda, Azərbaycan və ya rus dillərində xeyli sayda mənfi informasiya çıxır bu şəxs haqqında. İngilis dilində yığanda isə, bir ucu gedir “Goldman Sachs” Banka.
Bir də ki, kredit verərkən banklar bir sıra məqamlara diqqət yetirməlidirlər. Öncə,
kredit vermək üçün, gəlir haqqında məlumat olmalıdır -- olmayıb! Kredit vermək üçün müştərinin fəaliyyətini qiymətləndirmə prosedurası aparılmalıdır -- aparılmayıb! Kredit vermək üçün müştərinin etibarlı şəxs olub-olmaması yoxlanılmalıydı -- yoxlanılmayıb! Kredit vermək üçün, kreditgötürən tanınmış özəl şilkətdirsə, onun yüksək ödəmə qabiliyyəti olmasının qiymətləndirilməsi olunmalıydı -- olunmayıb! Kredit vermək üçün rəsmi əmək haqqı (maaş) araşdırılmalıydı -- araşdırılmayıb! Kredit vermək üçün, kredit tarixiçəsi öyrənilməliydi -- öyrənilməyib! Əqər müştəri birinci krediti vaxtında ödəyibsə, deməli, bank ikinci krediti də verə bilər. Deməli, kredit tarixçəsi Mərhəmət Bəşirova aid olmayıb, çünki hamı bilib ki, yaxşı tarixi yoxdur! Ən əsası, kredit vermək üçün zaminlər olmalıdır. Belə bir zamin olubmu?l Əgər həmin zaminlər olubsa, onların, gərək, yaxşı ödəmə qabiliyyəti olaydı. Di gəl ki, yox, əlbəttə, yox, bunlar da olmayıb.
Ümumiyyətlə, bankdan kredit almaq çətindir, adamın az qala tumanının rənginəcən yoxlayırlar, əsasən də böyuk kredit, dollarla 17 milyon götürəndə. Belə bir krediti verən “Xalq Bank”, daha ətraflı məlumat toplamalıydı müştərisi haqqında. Onun da, böyük kredit almaq üçün, ya ideal kredit tarixçəsi, ya da Müşahidə Şurası ilə yaxınlığı olmalıydı. Bu sirr deyil ki, “Xalq Bank”ın Müşahidə Şurası ilə Mərhəmət Bəşirov qabaqcadan sövdələşib və birləşərək, sahibkarlara qarşı bu cinayəti törədiblər.
Konkret olaraq, kredit verilib saxta sənədlər əsasında! Deməli, bu kreditlər saxtadır! Çünki sahibkarlar Əmlak Komitəsinə qarşı iddia qaldırıblar. Məhkəmədə hakim M. Hacibəyova tərəfindən artıq ikinci dəfə sorğu göndərilməsinə baxmayaraq, heç bir sənəd təqdim olunmayıb və oluna da bilməz. Çünki Dövlət Əmlak Komitəsində olan qanunsuzluqlardan və korrupsiya əməllərindən cəmiyyətin də xəbəri çoxdur. Bu binaya əvvəlcədən qeydiyyat arayışının saxta yolla və zənglə verilməsi də, inkarolunmazdır.
Belə çıxır ki, ortada hələ də "Bumeranq Qanunu" işləyir və onu heç kim ləğv etməyib. Bunu biz sahibkarlar da müşahidə etmişik. Nərimanov Rayon Məhkəməsinin hakimi biz sahibkarlardan birimizin məhkəmə prosesində qeyri-qanuni, yəni çox kobud şəkildə iclas apardı -- vətəndaşı aşağılayaraq! Sabahı gün, o hakimin ən yaxın qohumu rüsvayçılıqla həbs olundu -- törətdiyi korrupsiyaya görə!
Bəli, bu bankdan qanunsuz kredit alınmayıb. Ortada dələduzluq faktı var. Bank da, burada zərərçəkmiş şəxs deyil. Böyük ehtimalla, bankın öz işçiləri də bu cinayətdə əlbir şəxslərdir. Araşdırılmalıdır, deyilmi?!.

...Sonda, bir daha onu qeyd etməyi lazım bildik ki, bu qalmaqallı işin mahiyyəti barədə, araz.az saytı çoxdandır yazılar dərc edir. Yazılarda xüsusi olaraq o qeyd olunur ki, "Mars -- M” şirkətinin inşa etdiyi və bu MMC-nin tərkibindəki "Yasmin" Biznes Mərkəzi qanunsuz olaraq, xeyli vaxtdır məhkəmələrdə mübahisə obyektinə çevrilib. Hətta ictimai qınağa çevrilən bu qalmaqallar getdikcə daha da böyüyüb. Bu səbəbdən ki, ictimaiyyətin də pis əməllər sahibi kimi tanıdığı və hazırda həbsdə olan MMC sahibi Mərhəmət Bəşirov, "Xalq Bank" ASC-nin rəhbər şəxsləri ilə saxta biznes əlaqələrinə girərək, bu mərkəzdən özlərinə obyekt və ofislər alan həmin iş adamlarının başlarına istədikləri oyunları açmaqdan, külli miqdarda kredit borcunun qarşılığında, həmin sahibkarların dəyərləri üst-üstə milyonlarla ölçülən halal mülklərinə də əl qoymaqdan çəkinməyiblər.
Bəli, "XalqBank", adı bir sıra qatı cinayətlərdə hallanan kriminal ləqəbli Mərhəmət Bəşirovun, kriminal süjet xətli "kredit hekayəsinin" əsas qəhrəmanıdır.
Məhz əsas qəhrəmanın təqsiri ucbatındandır ki, "Yasmin" Biznes Mərkəzi və "kredit hekayəsinin" digər qəhrəmanları olan iş adamlarının burada yerləşən biznes obyektləri ciddi formada tənəzzül dövrlərini yaşayırlar. Bu xoşagəlməz hal isə, cəmiyyət arasında bu bankın reytinqini olduqca aşağı salır. Elə, belə də olmalıdır, çünki bu "kredit hekayəsinin" rastlaşdığın bütün qəhrəmanları ilə söhbətlərin sonu bu sözlərlə bitir: "Heç kim istifadə etməsin bu soyğunçu bankdan! Bank adına ləkədir onun qanun çərçivəsinə sığmayan əksər əməlləri. Adında "Xalq" sözü olsa da, di gəl ki, ortada nəinki müştəri məmnuniyyəti yoxdur, hətta bu bank getdikcə xalqın övladlarını soyan, xalqa aid olmayan bir bank kimi yaddaşlarda əbədiləşir. Hansı xalqın bankıdır bu bank?! Hansı xalqa xidmət edir?! Açması çətin olsa da, elə, tapmacaya bənzər bu sualların cavabından belə açıq-aydın onu görmək olur ki, "Yasmin"də baş verən qarşıdurmada, hələlik, Şər Xeyir, Yalan Həqiqət üzərində istədiyini qazanıb".
Bu "Yasmin" qalmaqalında yalanla həqiqətin arasındakı sərhəd getdikcə daha çox dumanlı olmağa başlayır. Lakin haqqları tapdanan bu iş adamlarına qalmaqallarla dolu bütün məhkəmə proseslərində vəkillik edən tanınmış hüquqşünas Əkrəm Həsənov belə hesab edir ki, həqiqət hər zaman yalan üzərində qələbə çalıb: "“Yalanın zaman baxımından bir ömrü olsa da, həqiqət əbədidir” zərb-məsəli müdrik Nizami Gəncəvinin iki əks qütbdə dayanan “Xeyir və Şər”inin mübarizəsi ilə eyniləşir. Bütün sınaqlarda böyük xeyirxahlıqlar nümayiş etdirən “Xeyir”in, sonda qazanmış olduğu parlaq qələbəsinin fövqündə “Şər”in rəzil ölümü, əslində, əbədi həqiqətin mütləq təntənəsinin təzahürü idi. Sirr deyil ki, siyasətçilər belə tez-tez yalan danışırlar, lakin onlar bunu həqiqəti deməklə də edə bilirlər. Çaşbaş qaldınız, deyilmi?!
İndi nə olsun ki, "Xalq Bank" adı yuxarılarla bağlıdır?! Onun başında duranların uydurduqlarının və bu qədər iş adamını pis günə salan yalanlarının da sonu olacaq. Qanun qarşısında hamı bərabərdir və əmlak hüququ danılmazdır. Halal əmlakı heç kəs heç kəsin əlindən ala bilməz! Sadəcə, baş verən hər bir hadisənin həqiqi qiymətini almasının geci-tezi var!".
Sonda onu da qeyd etməyi lazım bildik ki, "Xalq Bank" "İlin sahibkar düşməni" kimi də elan edilib. Tanınmış hüquqşünas Əkrəm Həsənov “Xalq Bank”ı 2019-c ilin sahibkar düşməni adlandırıb. Bu zaman da, xüsusi olaraq onu vurğulayıb ki, "Xalq Bank"ın başında duranlar “Yasmin” Ticarət Mərkəzini ələ keçirərək, buranı daha əvvəl almış sahibkarların əmlakına göz dikib. Özü də bunu çox fərasətsiz edib. Hər şey göz qabağındadır. Hətta həmin Mərkəzi tikən şirkətə 17 milyon dollarlıq krediti də, açıq-aşkar qanunsuz verib. Amma “krışa”sı deyəsən elə yüksəkdədir ki, sahibkarlar birləşərək də, bu bankın qanunsuz əməllərinin öhdəsindən gələ bilmirlər.

Haqqın tezliklə öz yerini tapacağı ümidiylə və zərərçəkənlərin dərd-sərlərinə şərik olmaq istəyiylə hazırlayacağımız növbəti yazılarımızın mövzu ana xəttində yuxarıdakı suallara tam və ətraflı cavabın duracağını planlaşdırmışıq. Həm bu səbəbdən, həm də "Yasmin" ətrafında baş verən qanunsuzluqlarla bağlı fakt və dəlillərin, araşdırmalarımız zamanı rastlaşdığımız saysız-hesabsız xoşagəlməz məqamların, yuxarıda qeyd etdiyimiz digər vacib məsələlərə dair sənəd-sübutların sayı əlimizdə çox olduğundan, bu mövzunu daim diqqətdə saxlayıb, jurnalist araşdırmalarımızı davam etdirəcəyimizi, yazılarımızın davamlı olacağını bir daha bildiririk.
//araz.az//