Prezidentin çıxışı göstərdi ki, qalib dövlətin rəhbəri sülh və əməkdaşlığın təmin olunmasında çox maraqlıdır - Millət vəkili

Prezidentin çıxışı göstərdi ki, qalib dövlətin rəhbəri sülh və əməkdaşlığın təmin olunmasında çox maraqlıdır - Millət vəkili
Cəmiyyət
Oxunma sayı: 22
Prezident İlham Əliyev dünyanın ən yüksək tribunası sayılan BMT-dən mühüm mesajlar verdi. O, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində videoformatda keçirilən müzakirələrdə bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezident BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıb. İlham Əliyev həmçinin qeyd edib ki, Beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır.
“Azərbaycan təkcə Ermənistanın işğalçı qüvvələrini deyil, həm də erməni faşizmini məğlub edib. Biz yenidən öz suverenliyimizə, ərazi bütövlüyümüzə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid görsək, legitim özünümüdafiə hüququmuzdan heç bir tərəddüd etmədən istifadə edəcəyik. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək üçün Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var”, İ. Əliyev deyib.
Bundan əlavə, Prezident İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibə verib.
Milli Məclisinin deputatı, politoloq Elman Nəsirov Prezident İlham Əliyevin səsləndirdiyi bəyanatları EDNews.net üçün şərh edib.

Millət vəkili bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində videoformatda çıxışı çox böyük siyasi və geosiyasi məna və əhəmiyyət kəsb edir: "Burada çox ciddi mesajlar var. Bu mesajlar həm Ermənistan ictimaiyyəti və Ermənistanın siyasi-hərbi rəhbərliyinə, beynəlxalq ictimaiyyətə, BMT-yə və digər beynəlxalq təşkilatlara, böyük dövlətlərə, ATƏT-in Minsk qrupu həmsədrlərinə yönəlib. Xüsusilə də burada əsas diqqətdən yayınmayan məqamlardan biri onunla bağlıdır ki, Prezident birmənalı şəkildə bildirdi ki, daha Qarabağ münaqişəsi yoxdur. Münaqişə bitib, artıq post-münaqişə dövrüdür və post-münaqişə dövründə həllini gözləyən məsələlər var. Bu ilk növbədə sülh müqaviləsinin imzalanması, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası, Zəngəzur dəhlizinin işə salınması, Ermənistanın minalanmış ərazilərin xəritələrinin tam və dəqiq şəkildə Azərbaycana təhvil verilməsiylə bağlı məsələlərdir. Çünki Ermənistanın bizə verdiyi xəritələrin 25 faizi dəqiqdir və 75 faizi qeyri-dəqiqliyi ilə seçilir.
Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan əməkdaşlıq yolu təklif edir və Azərbaycan regionda dayanıqlı və davamlı sülh, təhlükəsizlik mühitinin formalaşmasını istəyir və bu istiqamətdə ardıcıl, sistemli addımlar atır. Ancaq təəssüf ki, biz Ermənistandan analoji yanaşmanı görmürük. Eyni zamanda, beynəlxalq təşkilatların, beynəlxalq birliyin üzvlərinə xitabən vurğuladı ki, Azərbaycanda inzibati ərazi vahidlərinin adlarını çəkərkən burada siyasi baxımdan manipulyasiya elementi olan, hüquqi əsası olmayan inzibati ərazi vahidlərindən istifadə etmək olmaz. Prezidentin sərəncamı ilə iyul ayının 7-də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu yaranıb və müraciətlərdə məhz bu yeni reallıqlar nəzərə alınmalıdır. Eyni zamanda o, vurğuladı ki, Ermənistan rəhbərliyi bilsin ki, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına və əhalisinin təhlükəsizliyinə Ermənistandan hər hansı bir təhdid yaranarsa, biz yenə də BMT nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünü müdafiə hüququna istinad edib hüquqlarımızı müdafiə edəcəyik”.
 
Elman Nəsirov vurğulayıb ki, qeyd olunan milli müdafiə jurnalı və onun rəhbəri münaqişə ilə bağlı çox obyektiv qiymətləndirmələri ilə yaddaşımıza həkk olub.
“İqor Korotçenko hər zaman bu münaqişə ilə bağlı çox obyektiv, faktlara söykənən fikirlər səsləndirib. O, fikirlərində beynəlxalq hüquqa istinad edir və Azərbaycanın haqq işini müdafiə edir. Prezident İlham Əliyev obyektiv bir jurnalın ədalətli rəhbərinə müsahibə verib. O, müsahibəsində Rusiya ilə münasibətlərə də toxunub. Azərbaycan üçün Rusiya ilə münasibətlər strateji xarakter kəsb edir. Münasibətlərin bu formatının yaranmasında Prezidentin və onun rusiyalı həmkarı Vladimir Putinin rolu böyükdür. Bu gün fundamental məsələlərdə bizim mövqeyimiz üst-üstə düşür. Xüsusilə də, Vətən müharibəsi dövründə Rusiya bu prosesdə neytral mövqeyini qoruyub saxladı. Sülhün formalaşması üçün Rusiya tərəfinin çox ciddi cəhdləri oldu. Eyni sözləri biz digər həmsədrlər Fransa və ABŞ haqqında söyləyə bilmərik. Prezidentin Rusiyanın münaqişənin tənzimlənməsi ilə bağlı səsləndirdiyi fikirlər təsadüfi deyil. Çünki nəinki müharibə dövründə, nəinki müharibədən öncə və ondan dərhal sonra, bu günün özündə də digər həmsədr ABŞ-ın Ermənistandakı səfiri söyləyir ki,  münaqişə yalnız Dağlıq Qarabağın  status müəyyən olunduqdan sonra həllini tapa bilər. Bu absurd yanaşmadır. Halbuki statusun müzakirə mövzusu olmayacağını Azərbaycan Prezidenti dəfələrlə qeyd edib. ABŞ-ın Ermənistandakı səfiri qeyd edir ki, münaqişə Dağlıq Qarabağ xalqının müqəddəratı hüququ əsasında öz həllini tapa bilər. Sanki nə Vətən müharibəsi olub, nə Ermənistanın kapitulyasiyası olub, yəni 30 il bundan öncəki ritorika ilə danışır. Dağlıq Qarabağ xalqı, bu nə ifadədir? Bu qədər  absurd fikirlərin müəllifi olmaq tənqidə dözmür".
Millət vəkilinin sözlərinə görə, Fransa Prezidenti Ermənistanın dırnaqarası müstəqilliyinin 30 illiyi ilə bağlı ilk təbrik yazır, onu erməni dilində ifadə edir, Ermənistanın dırnaqarası haqq işini müdafiə edirlər: "İki həmsədrin davranışına, onların nə qədər ermənipərəst mövqeyi ortaya qoyduğuna baxın. Eyni zamanda, Rusiyanın bu proseslərdə müsbət davranışı diqqətimizdən yayınmır. Prezident bu kontekstdə mövqeyini bildirdi.
Hesab edirəm ki, Prezidentin BMT ali kürsüsündən video format şəklində olsa da səsləndirdiyi fikirlər, eyni zamanda “Nasionalnaya oborona”ya müsahibəsi onu göstərdi ki, Azərbaycan qalib dövlətdir və qalib dövlətin rəhbəri sülh və əməkdaşlığın təmin olunmasında çox maraqlıdır. Bildirdi ki, biz ermənilərlə əbədi olaraq qonşularıq. Qonşular isə daimi düşmən münasibətdə ola bilməz. Ermənistan ksenofobiya və Azərbaycanafobiya düşüncəsindən geri çəkilməli, əməkdaşlıq əlini uzatmalıdır. Belə olan vəziyyətdə sülhdən və əməkdaşlıqdan söhbət gedə bilər. Bu vəziyyətdə bütün tərəflər qazanacaq".