Keçmiş nazir polisləri öz fermasında işlədirmiş

Keçmiş nazir polisləri öz fermasında işlədirmiş
Cəmiyyət
Oxunma sayı: 21
Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun həbsi ilə bağlı yeni detallar məlum olub. İstintaq müəyyən edib ki, sabiq nazir polis əməkdaşlarını şəxsi işlərinə cəlb edərək dövlət vəsaitini israf edib.
Musavat.com xəbər verir ki, 17 il nazir olan Əhməd Əhmədovun cəmi iki illik fəaliyyəti dövrü araşdırılan zaman kifayət qədər nöqsanlar üzə çıxıb.
Onun vətəndaşlardan necə rüşvət alması, daxili işlər orqanında qurduğu rüşvət mexanizminin ona cəmi 2 ildə necə 9 milyon qazandırması haqda yazmışdıq.
Bu dəfə isə onun öz qohumlarına, şəxsi işlərinə görə səlahiyyətlərindən necə sui-istifadə etdiyi barədə məlumat verəcəyik.
İstintaqla müəyyən edilib ki, Əhməd Əhmədov nazir işlədiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək öz yaxın qohumlarını işə götürüb. Bu az deyilmiş kimi onlara işə gəlmədikləri halda əmək haqları ayrılıb.
Bundan başqa, bir sıra polis əməkdaşlarını özünə məxsus ferma, balıqçılıq təsərrüfatı və evində işlərə cəlb edərək işlədib.
Əhməd Əhmədov həmin polis əməkdaşlarına işə çıxmadıqları halda dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı almalarına şərait yaradıb.
İstintaqla müəyyən edilib ki, Əhmədovun qardaşı 2000-2002-ci ildə Naxçıvan Şəhər Polis İdarəsində, 2003-2011-ci ildə Mühafizə Şöbəsində, 2011-ci ilin noyabr ayından isə Şahbuz Rayon Polis Şöbəsində polis sahə inspektoru vəzifəsinə təyinat almasına baxmayaraq işə çıxmayıb.
2015-2017-ci ilin iyul ayınadək olan dövrdə müxtəlif müddətlərdə 17 dəfə ayrı-ayrı xarici ölkələrdə olub, işə çıxmadığı halda ona dövlət büdcəsindən 85.425 manat əmək haqqı ödənilib.
Sabiq nazirin digər qardaşı 2013-cü ildən Ordubad Rayon Polis Şöbəsinin Biləv polis bölməsinə təyinat almasına baxmayaraq işə çıxmayıb. 2012-2017-ci illərdə ona 44.744 manat əmək haqqı ödənilib.
Təqsirləndirilən şəxs qardaşı Fazil Əhmədovun qaynının oğlu da polis əməkdaşı olsa da, işə çıxmayıb və əmək haqqı alıb.
İstintaq zamanı üzə çıxıb ki, polis əməkdaşlarından biri Əhməd Əhmədova məxsus balıqçılıq təsərrüfatında işlərə cəlb olunub. İki il ərzində həmin şəxsə dövlət büdcəsindən 16.670 manat əmək haqqı ödənilib.
Babək rayon Polis şöbəsində xadimə işləyən qadın Əhməd Əhmədovun evində qulluqçu kimi işləyib. Ona dövlət büdcəsindən ümumilikdə 4.624 manat əmək haqqı ödənilib.
Kəngərli Rayon Polis Şöbəsinin 4 nəfər polisi sabiq nazirə məxsus Kəngərli rayonundakı yonca sahələrində ot biçiminə cəlb olunub. Amma yonca sahəsində işlədikləri halda onlara büdcədən 13-17 min manat maaş ödənilib.
Əhməd Əhmədov daha bir neçə polis əməkdaşının işə çıxmamasına şərait yaradıb və ümumilikdə 310.485 manat dövlət vəsaitini israf edib.