Azərbaycan Texnologiya Universiteti "rektorsuzluq" yaşayır - İTTİHAM

Azərbaycan Texnologiya Universiteti "rektorsuzluq" yaşayır - İTTİHAM
Cəmiyyət
Oxunma sayı: 124
Təhsil naziri Emin Əmrullayevin yarıtmaz idarəçiliyi və "diş"sizliyi sayəsində Gəncədə fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetində (ATU) ikili idarəetmə problemləri yaranıb. Aylardır universitetin təhsilyönümlü metodologiyasını iflic edən özbaşınalıq, kimlərinsə rektorluq davası hələ də öz həllini tapmır. Nəticədə, universitet tələbələri və professor-müəllim heyəti süni çəkişmələrdən əziyyət çəkir.

"Demokratik.Az"-ın məlumatına görə, baş verənlər göstərir ki, "islahatçı" və gənc nazir Emin Əmrullayev ATU-nu uzun illərdir öz şəxsi maraqları ilə idarə edən rektor Akif Süleymanova doy gələ bilmir. Nazir Emin Əmrullayev yaşı 70-i haqlayan, vəzifə hərisliyinə mübtəla olan, sağlamlıq imkanlarını xeyli itirmiş birinə qarşı müqavimətsiz və taqətsiz görünür.

Onu da qeyd edək ki, durumu ağırlaşdıran ən önəmli hal isə hazırda ATU-da iki rektorun olmasıdır. Belə ki, 2020-2021-ci illər üzrə uzun müddət səhhətilə əlaqədar müalicələr alan və ortalıqda görünməyən Akif Süleymanovun yerinə rektor səlahiyyətlərini Təhsil nazirliyinin şöbə müdiri Yaşar Ömərov həyata keçirib. Adıçəkilən rektor əvəzi bir neçə aydır ki, universitetə nazirin fövqəladə ezamiyyəsilə təyin edilib. Lakin, bir az özünə gələn Akif Süleymanovun müalicədən sonra - bir neçə ay əvvəl yenidən işinin başına qayıtması paradoksal durum yaradıb. İndi ATU-da həm 6 ay idi yerində olmayan rektor, eləcə də nazirin geri çağırmaq istəmədiyi rektor əvəzi Yaşar Ömərov bir rəhbər kimi paralel səlahiyyətlər icra edirlər.

Təhsil ocağında yaşanan xaotik idarəetmə hər kəsi təngə gətirib. Mövcud problemləri açıq şəkildə söyləyən əməkdaşların qoca rektor və oğlu Şamil Süleymanov tərəfindən ciddi təqiblərə, təhditlərə məruz qalması, ya da işdən çıxarılmasına dair iddialar da dolaşır.

Məlumata görı, Akif Süleymanov ümumiyyətlə iş qabiliyyətini itirmiş durumdadır. O, müstəqil şəkildə yeriməyi belə bacarmır, tədbirlərə qtılmır, korpuslarda gəzib hansısa işlə və ya tədris prosesləri ilə maraqlanacaq sağlamlığa malik deyil. hətta özünün iş otağına da başqalarının köməyilə qaldırılır və cəmi bir neçə saatlıq işdə olmaqla günorta evinə aparılır.
Təhsil adına baş verən rüsvayçılıqda Təhsil naziri Emin Əmrullayevin də şəxsi maraqlarının olduğu diqqət çəkir. Artıq 4 aydır rektor əvəzi kimi ATU-ya göndərilmiş, TN-nin şöbə müdiri Yaşar Ömərovun nazirin yaxın dostu olduğu deyilir. Şöbə müdiri dəfələrlə oyundan geri çəkilməyə və nazirlikdəki işinə geri qayıtmağa çalışsa da, nazir onun tezliklə rektor təyin etdirəcəyini deyərək sözügedən təhsil ocağında saxlayır.

Daha bir məlumata görə isə qoca rektoru nazir qarşısında bunca "toxunulmaz" edən səbəb onuin oğlu Şamil Süleymanovun sabiq təhsil naziri, hazırda supernazir olan Mikayıl Cabbarovla yaxın olmasıdır. Emin Əmrullayev isə digər sələfi, Azərbaycan XİN naziri Cehun Bayramova yaxın kadr kimi ad çıxarıb. Yəqin ki, bu özəl səbəblər Əmrullayevin ölkə başçısına təqdimat yazmağına, Azərbaycan Texnologiya Universitetində sağlam mühit yaratmağına imkan vermir. Lakin, nazir bütün kənar münasibətləri bir yana atıb, onu bu kürsüyə əyləşdirən və ona etimad edən prezidentə hər şeyi olduğu kimi məruzə etməyə borcludur.

İnanırıq ki, rektorların təyin və vəzifədən azadetmə səlahiyyətlərini özündə saxlayan prezident cənab İlham Əliyev tez bir zamanda adıçəkilənlərin maddi maraqlarını yerlə bir edən mühüm sərəncama imza atacaq, ATU oliqarxiya maraqlarından xilas olub minlərlə tələbənin daha sağlam şəkildə təhsil ala biləcəyi ünvana çevriləcək...

Osman Nərimanoğlu
Demokratik.Az