Bu xidmətlərin də ƏDV-si geri verilir

Bu xidmətlərin də ƏDV-si geri verilir
Cəmiyyət
Oxunma sayı: 84
Pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti ilə yanaşı, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər (sabit vergi ödəyiciləri istisna olmaqla) tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmaları vergi orqanının elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçiriləcək.
Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilir ki, dəyişiklik “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və gəlirlərin leqallaşdırılması, habelə həmin fəaliyyət sahələri üzrə vergi münasibətlərində şəffaflığın təmin edilməsi məqsədi daşıyır. Yeni nəsil nəzarət-kassa aparatları vergi ödəyicisinin fəaliyyətinə məsafədən nəzarət olunmasına şərait yaratdığından, eləcə də NKA çevik hesablaşma forması olduğundan kassa aparatları tətbiq edilməli fəaliyyət sahələrinin dairəsi genişləndirilir. Nəzərə alınmalıdır ki, belə nəzarət mexanizmi qurulmadığı halda, vergi ödəyicisinin fəaliyyəti operativ vergi nəzarəti tədbirləri ilə əhatə edilir ki, bu da vergi orqanlarına münasibətdə inzibatçılıq yükü yaradır, eyni zamanda vergi ödəyicisinin iş prosesinə təsir etməklə onun narazılığına səbəb olur.
Yeni nəsil NKA-ların tətbiq dairəsinin genişləndirilməsi, öz növbəsində “ƏDV gerial” layihəsinə də müsbət təsir göstərəcək. Bu il qanunvericiliyə edilmiş dəyişikliklərdə ƏDV-nin qaytarılması mexanizmi tibbi xidmətlərə də aid edilib. Tibb müəssisələri tərəfindən göstərilən xidmətlər sahəsində dövriyyələrin şəffaflaşdırılması və bu prosesdə vətəndaşların birbaşa iştirakı məqsədilə pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə yanaşı, tibbi xidmətlərinin göstərilməsi sahəsində də “ƏDV gerial” mexanizmi tətbiq olunub.