Yoluxanların sayı artır, təhlükəli həddə çatır - Omikron son olmayacaq

Yoluxanların sayı artır, təhlükəli həddə çatır - Omikron son olmayacaq
Cəmiyyət
Oxunma sayı: 6 730
"Əvvəllər də insanlarda yuxarı tənəffüs yolları infeksiyaları müşahidə edilirdi, indi də görülür. Bu aralar influenzanın da daha çox artımını seyr edirik".
 Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Vüsalə Yaşar deyib.
O bildirib ki, yeni ştammlar yaranacaq:
"İnfluenza ilə yanaşı digər yuxarı tənəffüs yolları infeksiyaları da artır, çünki mövsümi xəstəliklərdir. Qış aylarındayıq, insanlar kütləvi məkanlarda kütləvi toplaşdıqları halda həmin məkan daha az havalanmış olur. Hava-damcı yolu ilə necə COVİD-19-a yoluxma olurdusa, eyni şəkildə digər tənəffüs yollarının infeksiyalarına yoluxa bilirik. Ona görə də hazırda yoluxanların sayı çoxdur. Digər tərəfdən də maskalardan insanlar keçən il daha ciddi şəkildə istifadə edirdilər, ona görə də influenza və digər infeksiyaları az görürdük. Müdafiə qaydalarına bu il bir az laqeyd yanaşdığımız üçün həmin infeksiyalar indi daha çox yayılmağa başlayıb.
COVİD-19-a yoluxmuşların hamısı Omikrona yoluxanlar deyil. Burada Delta da ola bilər. Çünki Omikrona yoluxmalar artdıqda çox güclü, silsilə şəklində artacaq. Ona görə ki, bu ştammın yoluxuculu gücü daha yüksəkdir. Digər tənəffüs yolları infeksiyalarına yoluxmuş şəxslərdə də, Omikrona yoluxmuş şəxslərdə də yüksək hərarət olur, hər ikisində güclü öskürək görürük, amma influenzalı xəstələrdə daha çox səs batıqlığı, daha çox bəlğəmli öskürək müşahidə edilir. Amma bu xəstəlikləri bir-birindən yüzdə-yüz ayırd edəcək elə bir əlamət yoxdur. Onu ancaq laborator diaqnostika təsdiqləyə bilər. Amma influenzalı xəstələrdə daha çox loringit, daha çox səsin batması, daha çox öskürək olur, temperaturları da daha uzun müddət davam edir. Əzələ-sümük ağrıları və digər əlamətlər hər ikisində də eyni olduğuna görə, yəni xəstənin simptomları narahat edəcək qədər çoxdursa, temperaturu 4-5 gündən artıq davam edirsə, bəlğəmi yaşıla çalırsa, çoxdursa, mütləq həkimlə konsultasiya etmək lazımdır. Çünki bu zaman ağırlaşmalar mövzu ola bilər. 
Omikron digər ştammlardan üç-dörd qat daha yoluxdurucudur. Bilirdik ki, yoluxma sayı buna görə də belə artacaq. Hətta iş Omikron ştammında durmaya da bilər. Bu virusdur, mutasiya edəcək, daha yeni ştammlar görəcəyik. Amma o variantlar daha az xəstələndirib, daha az ölümcül ağırlaşma verərsə, bu bizim üçün daha yaxşı olur, nəinki daha ölümcül variantların meydana gəlməsi. Epidemioloji cəhətdən də əslində belə olması normaldır. Yəni Omikronun yoluxuculuğu çox olsa belə, daha ağır xəstəlik yaratması və ölüm ehtimalı digərlərindən daha aşağıdır".