Hava Limanının iki qardaş ölkə rəhbərinin iştirakı ilə açılışı... – Şərh

Hava Limanının iki qardaş ölkə rəhbərinin iştirakı ilə açılışı... – Şərh
Cəmiyyət
Oxunma sayı: 15 310
Bu bir həqiqətdir ki, hazırda dövlətlər arasında bir etimadsızlıq mühiti hökm sürür. Bu reallıqda “əslində dövlətlərarası münasibətlər necə olmalıdır” sualına cavab tapmaq üçün heç də uzağa getmək lazım deyil. Azərbaycan-Türkiyə münasibətləri bir örnək, bir nümunədir və münasibətlərimiz dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətləridir.
Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
O qeyd edib ki, Şuşa bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətləri özünün ən yüksək zirvəsinə qalxıb: “Əvvəllər də belə idi. Sadəcə, hüquqi baxımdan biz münasibətlərimizi artıq həm də strateji və hərbi müttəfiqlik səviyyəsinə qaldırmışıq. Bunu 44 günlük Vətən müharibəsi zamanı da gördük. Türkiyənin müharibə dövründə Azərbaycana göstərdiyi böyük siyasi və mənəvi dəstək unudulmazdır”.Elman Nəsirov qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilmiş torpaqlarımıza səfər edən ilk xarici dövlət rəhbəri oldu: “Eyni zamanda cənab Ərdoğan Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə birlikdə 26 oktyabr 2021-ci ildə Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışında iştirak etdi. Qeyd edim ki, Rəcəb Tayyib Ərdoğanın və Türkiyə dövlət rəsmilərinin olduğu Türkiyənin bir nömrəli təyyarəsi, elə Ankara-Füzuli hava xətti ilə uçuş edərək, birbaşa Füzuli Beynəlxalq Hava Limanına enmişdi.
İndi isə Azərbaycan Prezidenti cənab İlham Əliyev münasibətlərimizin yüksək səviyyəsinin göstəricisi olaraq Qara dənizin üzərində inşa edilən nəhəng layihənin – Rize-Artvin Hava Limanının açılışında iştirak edir. Hava limanının iki qardaş ölkə rəhbərinin – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə açılışı Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və ardıcıl inkişaf etdiyini nümayiş etdirir. Bu bir daha onu göstərir ki, həm dövlətlərimiz, həm rəhbərlərimiz, həm də xalqlarımız dost-qardaşdır”.
Elman Nəsirov qeyd edib ki, buradan bütün dünyaya ciddi mesajlar ünvanlanır. Bu mesajlar isə ondan ibarətdir ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır: “İstər xoş məqamda, istər çətin anlarda bu iki dost-qardaş ölkə bir-birinin yanındadır. Həmçinin, Azərbaycan-Türkiyə dostluğu həm də regional sülhə və təhlükəsizliyə xidmət edir. Regionda uzunmüddətli sülhün təminatı üçün çox böyük təsir imkanlarına malikdir”.