Elman Nəsirov: “Hər bir hərbçi fərqindədir ki, Vətənə ləyaqətlə xidmət göstərəcəyi təqdirdə mükafatlandırılacaq”

Elman Nəsirov: “Hər bir hərbçi fərqindədir ki, Vətənə ləyaqətlə xidmət göstərəcəyi təqdirdə mükafatlandırılacaq”
Cəmiyyət
Oxunma sayı: 16 607
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi kurs sosial yönümlüdür. Hər bir Azərbaycan vətəndaşının sosial rifahı, müdafiəsi ən mühüm istiqamətdir. Xüsusilə, həssas kateqoriyadan olan insanlara dövlət qayğısı ən yüksək səviyyədədir. Şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına çox böyük diqqət var. Hərbçilərimizə olan diqqəti də xüsusi vurğulamaq lazımdır. Vətən Müharibəsində tarixi qələbəmizin əldə edilməsində hərbçilərimiz müstəsna rol oynayıblar. Onlar Ali Baş Komandanın rəhbərliyi altında, sözün həqiqi mənasında, tarix yazıblar”.
 
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 
O bildirib ki, Azərbaycanda hərbçilərə hər zaman diqqət və qayğı göstərilib: “Onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlər görülür. 20 il müddətində qüsursuz işləmiş hərbçilər evlərlə, mənzillərlə təmin edilirlər, onların sosial müdafiəsi istiqamətində işlər aparılır. Təbii ki, Vətənə, dövlətə ləyaqətlə xidmət etmiş hərbçilərimizin mükafatlandırılması, rütbələrinin artırılması istiqamətində də addımlar atılır. Vətən Müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərimiz yüksək mükafatlara layiq görülüblər. Onların rütbələri artırıldı, nə qədər zabitimiz general rütbəsi aldı. Bütün bunların hər biri dövlətin diqqət və qayğısı, cənab Prezidentin müəyyən etdiyi siyasətin ifadəsi və təntənəsidir. Dövlət Başçısı bu gün bir qrup hərbçini mükafatlandırdı, rütbələrini artırdı. Bu da həmin siyasətin davamı, inkişaf etdirilməsidir. Hər bir hərbçi onun fərqindədir ki, Vətənə, dövlətə ləyaqətlə xidmət göstərəcəyi təqdirdə onu yüksək mükafatlar, hərbi rütbənin artırılması gözləyir”.