Tətil üçün tur paketi aldı, iki gün ailəsi ilə küçədə yatmalı oldu – Turizm şirkətilə bağlı qalmaqal + FOTO

Tətil üçün tur paketi aldı, iki gün ailəsi ilə küçədə yatmalı oldu – Turizm şirkətilə bağlı qalmaqal + FOTO
Cəmiyyət
Oxunma sayı: 6 837
Hər il yay fəslində tur şirkətləri ilə əlaqədar problemlər də gündəmə gəlir. Vətəndaşa ucuz tur paketləri vəd edərək aldadıb pulunu mənimsəyir, daha sonra bütün əlaqə nömrələrini bağlayaraq izi itirirlər.
Oxu.Az-a turizm şirkətinin oxşar fırıldağı ilə əlaqədar nə az, nə çox - 15 nəfərin şikayəti daxil olub.
Şikayətçi Bəbirov Emil bildirib ki, “Optimal Tour” adı ilə yanaşı, başqa müxtəlif adlarla fəaliyyət göstərən tur şirkəti onunla birlikdə ən azı 14 ailənin pulunu mənimsəyib:

“Bu tur şirkətinin dırnaqarası rəhbəri Ülvi Abbaslı adlı şəxs vətəndaşlara üç-beş min manata yaxın müxtəlif məbləğlərdə pul “atıb”. Tur vaxtı çatdıqda isə turun biletləri alınmayıb, ödədiyimiz məbləğlər də geri qaytarılmayıb. Məsələ barədə hüquq-mühafizə orqanlarına şikayət etmişik, lakin sözügedən şəxs bütün hesabları dondurub, telefonları isə söndürüb”.
Zərərçəkən vətəndaşlardan biri deyir ki, əməkdaşları özlərini hüquqi sənədlərdə və sosial şəbəkələrdə “Optimal Tour” tur şirkəti kimi təqdim edirlər:
“Tur şirkətinin rəhbəri Ülvi Abbaslı adlı şəxsdən fevral ayında yayda istirahət etmək üçün Türkiyənin Alanya şəhərinə tur paketi aldıq. Türkiyəyə istirahət etmək üçün yollanıb otelimizə yaxınlaşdıqda bizə bildirildi ki, şirkət tərəfindən bizim üçün oteldə otaq bron edilməyib və sözügedən tur şirkəti tərəfindən onlara ödəniş olunmayıb. İki gün ailəmlə birgə küçələrdə qaldıq.

Türkiyədə olarkən şirkətlə əlaqə yaratdım və bildirdilər ki, kompensasiya ediləcək, ödəniş geri qaytarılacaq. Bakıya qayıdan zaman araşdırdıq və gördük ki, bu şəxs dələduzluqla məşğul imiş. Bizdən başqa, 15 nəfər də bu şəkildə aldadılıb. Hazırda tur şirkəti ilə əlaqə yaratmağa çalışsaq da, bu, mümkün deyil. Çünki həmin nömrələrə zəng çatmır, Ülvi Abbaslı isə yoxa çıxıb”.
Daha bir zərərçəkən Zümrüd Mehdiyeva bildirir ki, Ülvi Abbaslı və Nigar Abbaslı adlı şəxslərin ona 1096 AZN borcu var:
“İstirahət üçün tur paketi almışdım. Lakin aldadıldığımı sonradan anladım. Amma bu adamları tapa bilmirəm”.

Adını vermək istəməyən daha bir şikayətçi bildirir ki, tur paketi üçün fevral ayında 1500 manat ödəyib:
“Lakin istirahətə yollanmaq vaxtım çatanda şirkətin işçiləri ilə əlaqə saxlamaq mümkün olmadı”.
Bəs belə olan halda zərərçəkən vətəndaşlar nə etməlidirlər? Ümumiyyətlə, bu dələduzları hansı cəzalar gözləyir?
Məsələ ilə əlaqədar Oxu.Az-a açıqlama verən hüquqşünas Şamil Paşayev bildirib ki, bu hal vətəndaşları aldatma və etibardan sui-istifadə etməklə əmlakını və yaxud əmlaka olan hüquqlarını ələ keçirmə, bir sözlə, vətəndaşlara pul “atmaq”dır:

“Vətəndaşların pullarını alıb söz verilən məkana göndərməyən bu şirkətlərin fəaliyyətləri birmənalı olaraq dələduzluq kimi qiymətləndirilməlidir. Bundan başqa, nəzərə almaq lazımdır ki, sahibkar olmadıqları halda bu görüntünü yaradıblar və yalançı sahibkarlıqla da mühakimə oluna bilərlər. Bu halların hər biri Cinayət Məcəlləsində qeyd olunub və həmin şəxslər cinayət məsuliyyəti daşıyırlar”.
Ş.Paşayevin sözlərinə görə, məsələdə ilk olaraq şirkətin və onun əməkdaşlarının niyyətləri aşkarlanmalıdır ki, bunlar, həqiqətən, vətəndaşı aldadıblar:
“Belə olan halda həmin şəxslər dələduzluqla məsuliyyətə cəlb oluna bilərlər. Zərərçəkənlər prokurorluq, hüquq-mühafizə orqanlarına müraciət etməli və cinayət işinin başladılmasını tələb etməlidirlər. Eyni zamanda ödədikləri məbləği geri almaq üçün məhkəmədə də iddia qaldıra, mülki iddia qaydasında  onlara dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edə bilərlər”.
Mövzu ilə əlaqədar qarşı tərəfin mövqeyini öyrənmək üçün əlaqə saxlamağa çalışsaq da, telefonları işlək vəziyyətdə olmadığı üçün bu mümkün olmadı.