Elman Nəsirov: “Çox istərdik ki, İranda daxili situasiya sabit olsun”

Elman Nəsirov: “Çox istərdik ki, İranda daxili situasiya sabit olsun”
Cəmiyyət
Oxunma sayı: 8 902
“İranda son günlər çox mürəkkəb, qəliz proseslər getməkdədir. Ölkə daxilində çaxnaşmalar baş verir. 22 yaşlı iranlı gənc qızın əxlaq polisi tərəfindən saxlanılması, onunla sərt davranış fonunda qızın ölməsi faktı İranda gərginliyin artması və genişlənməsi üçün səbəb deyil, bəhanə rolunu oynayıb. Çünki baş verən hadisələr İrandakı hakimiyyətin daxili mahiyyətindən irəli gəlir. Xüsusilə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində ciddi problemlərin olduğu bu ölkədə, təbii ki, belə hadisələr qığılcıma səbəb olur, ölkə daxilində çox ciddi katakalizmlərə yol açır”.
 
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 
Deputat bildirib ki, İran xarici siyasətində də müəyyən səhvlərə imza atıb: “Xüsusən Azərbaycana münasibətdə son zamanlar ortaya qoyduğu siyasi kurs İranın strateji maraqlarnın ziddinədir. İran Azərbaycanın yanında olmalıdır. Ən azı ona görə ki, həm Azərbaycan, həm də İran müsəlman ölkələridir. İranda dövlət idealogiyası “xameynizm”dir. “Xameynizm”in iki mühüm istiqaməti var. Birincisi, müsəlmanın müsəlmandan yaxın dostu yoxdur. İkincisi də İran islam inqilabının ixracı ilə bağlı məsələlərdir. Ən azından “xameynizm” idealogiyası nöqteyi-nəzərindən məsələyə qiymət versək, Ermənistan-Azərbaycan arasındakı mövcud gərginliklərə münasibətdə İran Azərbaycanın, həqiqətin, beynəlxalq hüququn yanında olmalıdır. Təəssüf ki, bunun əksini görürük. İran rəsmiləri açıq şəkildə bəyan edirlər ki, Ermənistan-Azərbaycan sərhədinin dəyişdirilməsi İran üçün “qırmızı xətt”dir. Bununla da Azərbaycanı hədələyirlər. Azərbaycanla sərhəd boyu 40 minlik qoşun toplayıb hərbi manevrlər keçirirlər. Bununa da bizə “əzələ” nümayişi göstərirlər. Bunlar, təbii ki, qəbuledilməzdir”.
 
E.Nəsirov vurğulayıb ki, İran cəmiyyətində də bu hadisələr çox mənfi qarşılanır: “Qonşu Azərbaycan dövləti ilə bağlı atılan bu addımlar İranın özündə də çox kəskin reaksiyalarla müşaiyət olunur. İranda yüksək vəzifəli şəxslər hədələyirlər ki, Azərbaycan gərək “şirin quyruğu” ilə oynamasın. Azərbaycanı təhdid edirlər. Düşünürəm, İran bu təhdidlərə son qoyub özünün daxili siyasi məsələləri ilə məşğul olsa, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində real, ardıcıl, sistemli addımlar atsa, sabit dövlətə çevrilər. Biz İranın sabit, təhlükəsiz dövlət olmasına maraqlıyıq. Çünki qonşu dövlətlərik. Bizi tarix, ümumi islami dəyərlər birləşdirir”.
 
Deputat həmçinin əlavə edib: “Çox istərdik ki, İran İslam Respublikasında daxili situasiya sabit olsun və bu ölkədən heç bir tərəfə, eyni zamanda Azərbaycana təhdidlər ünvanlanmasın. Bu, bizim dövlət siyasətimizdir. Cənab İlham Əliyevin müəyyən etdiyi siyasi kursa görə, ikitərəfli münasibətlər formatına üstünlük veririk. İranla da eyni məntiqlə münasibətlərimizin inkişafında maraqlıyıq. Hesab edirik, Azərbaycan-İran münasibətlərinin inkişafı bu regionda sülhə, təhlükəsizliyə xidmət etmiş olar. Amma burada birtərəfli addımlar nəticə vermir. Gərək, hər iki tərəf anoloji xəttə sadiq qalsın, anoloji addımlar atsın. Ermənistana “dost” deyib, bu istiqamətdə əməli addımlar atmaqla, Azərbaycana da “dost” deyib, reallıqda isə təhdid etməklə münasibətlər inkişaf etmir. Əkinsə, təhdidlər təhlükələr yaranır. Hesab edirəm ki, İranın ali siyasi rəhbərliyi bu məsələləri düzgün qiymətləndirəcək. Ən azı “xameynizm” prinsipi ilə çıxış edərək Azərbaycanla münasibətlərin inkişafı xəttinə üstünlük verəcək”.