"Cəbrayılın alınması asan məsələ deyildi" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Cəbrayılın alınması asan məsələ deyildi" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
Cəmiyyət
Oxunma sayı: 6 513
"2020-ci il sentyabr ayının 27-də erməni silahlı qüvvələri Azərbaycana qarşı növbəti irimiqyaslı təxribata başladı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz bu hücumun qarşısını almaq üçün əks həmləyə keçdi. Bununla da Vətən müharibəsi başlandı. Sentyabr ayının 27-dən başlayaraq Zəfərə gedən yolumuzun əsası qoyuldu". Bu sözləri açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri aprel döyüşlərindən sonra növbəti dəfə tarix yazmağa başladılar: "Bu tarixin yazıldığı ən böyük məntəqələrdən biri Cəbrayıl rayonu oldu. İlk azad olunan kəndlər də Cəbrayılın kəndləri idi. Oktyabr ayının 4-ü Cəbrayılın işğaldan azad olunduğu gündür. 1993-cü ildən işğal altında olan Cəbrayıl rayonu azadlığa qovuşub.
Cəbrayıldan başlanan uğurlu hərbi əməliyyatlarımızın dalğası daha da genişlənməyə başlandı. 44 günlük Vətən müharibəsi gedişatında 300-dən çox yaşayış məntəqəsi işğaldan azad olundu. Qarabağın işğal altındakı rayonları azadlığa qovuşdu. Bununla da Azərbaycan Silahlı Qüvvələri həm tarixi ədaləti bərpa etdi, həm də erməni faşizminin başını əzdi".
Deputat sözlərinə belə davam edib: "Sözün həqiqi mənasında Azərbaycan Ordusu elə bir zəfərə imza atdı ki, bu dünyanın hərb məktəblərində araşdırılaraq öyrənilir. Cəbrayılın alınması asan məsələ deyildi. Çünki ermənilər bura sədlər çəkib minalamışdı. Azərbaycan ordusu mümkün olmayanı mümkün etdi. Azərbaycan düşmənə həm də psixoloji zərbə endirdi.
Cəbrayılın işğalının baş verməsində hakimiyyətdə cəmisi 1 il qalmış AXCP və Müsavat cütlüyünün də rolu oldu. Çünki Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəlmişdi. Ancaq nizami ordu hələ formalaşmamışdı. Heydər Əliyev bu nəhəng işi həyata keçirməkdə idi.
Onlar çalışırdılar ki, cəbhədə uğursuzluqlarımız olsun. Onlar bu uğursuzluqların günahını Ulu Öndər Heydər Əliyevin üzərinə atmaq istəyir, Heydər Əliyevi hakimimiyyətdən uzaqlaşdırmaqla bağlı çirkin planlar cızırdılar. Bunların planları gözlərində qaldı".