Bu müharibə həm güc, həm də ağıl, zəka və informasiya qarşıdurması idi. Həmin dönəmdə güclü təhlükəsizlik sistemi quruldu, dezinformasiyalara vaxtında reaksiya verildi. Gerçəklərin dünyaya çatdırılmasında öhdəmizə düşəni layiqincə yerinə yetirdik. Bu yazını yazarkən Zəfərin verdiyi qürurdan duyğulanır, azərbaycanlı olmağımla bir daha fəxr edirəm. Necə də qürrələnib, fərəhlənməyəsən?! Axı biz Ali Baş Komandan İlham Əliyevin, Azərbaycanın Silahlı Qüvvələrinin və xalqın birliyi sayəsində 30 il düşmən tapdağında qalan torpaqlarımıza sahib çıxdıq. Torpaqlarımızın cəngavər oğullarımız tərəfindən geri qaytarılmasının, qəhrəmanlığı ilə dünyanın tarixi yaddaşında iz qoyan Azərbaycan ordusunun məharətinin şahidi olduq. Zəfərdən 3 il ötüb. Yurdumun yarası artıq 3 ildir sağalmağa başladılıb. Regionda yeni reallıqlar yaranıb, sürətli bərpa-quruculuq işləri gedir... torpaqlarımız artıq gün işığı görür, ağıllı kəndlər salınır, yeni binalar inşa olunur, məcburi köçkünlər hissə-hissə öz ata-baba yurdlarına yerləşdirilir, müasir avadanlıqlarla təchiz olunmuş məktəblər, tibb məntəqələri, iaşə obyektləri tikilir. Bir sözlə, işğaldan azad edilən, ermənilərin viran qoyduğu torpaqlarımız yenidən çiçəklənir. Əl birliyi ilə təbii gözəlliklərlə zəngin olan, lakin illərdir baxımsız qalıb bir fidan belə əkilməyən torpaqlarımızı yenidən canlandırmağa çalışırıq. Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov öncə 44 günlük müharibənin başlama səbəbindən danışdı. Dedi ki, Prezident İlham Əliyev 2020-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsindəki çıxışında ən mötəbər kürsüdən beynəlxalq ictimaiyyətə xəbərdarlıq etdi ki, Ermənistan rəhbərliyinin düşmən, Azərbaycanofob bəyanatları və təxribatları Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzə hazırlaşdığını nümayiş etdirir. Bu xəbərdarlıqdan 3 gün sonra, sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı. Nəticədə hərbi qulluqçularla yanaşı, 11 dinc sakin, o cümlədən 2 uşaq həlak oldu. Buna cavab olaraq Azərbaycan Ordusu, BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində bütün cəbhə boyu Qarabağda yerləşdirilmiş erməni silahlı qüvvələrinə qarşı əks-hücuma keçdi. Nəhayət, 30 il sonra Ermənistanın işğalı altında olan və vandalizm aktına məruz qalan ərazilərimiz azad edildi. Noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın, müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində, azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabr ayının 10-da prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşinyanın imzaladığı üçtərəfli bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazazasını başa çatdırdı. Bu bəyanat faktiki işğalçı Ermənistan dövlətinin məğlubiyyətinin etirafı, kapitulyasiya aktı idi. Noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olundu. Deputat qeyd etdi ki, ordumuzun əldə etdiyi tarixi zəfər heç bir halda təsadüfi olmayıb, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq siyasətinin məntiqi nəticəsi idi. - Bu tarixi zəfərin mühüm nəticələri kimi nələri qeyd edə bilərsiniz? - Bəzi Qərb mətbu orqanlarında, habelə ABŞ-nin Milli Müdafiə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası çox yüksək qiymətləndirilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında yekun nitqində qeyd etdiyi kimi, “müharibənin nəticələrindən biri də, əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim eyni zamanda böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır.” Ordumuzun vətənpərvərlik hissindən, döyüş ruhundan danışan millət vəkili bildirdi ki, ordumuz hər zaman Vətən qarşısında xilaskarlıq missiyasını həyata keçirdiyindən intəhasız motivasiyaya malik olduğu halda, düşmən ordusu öz işğalçı mahiyyəti səbəbindən bütün bunlardan məhrumdur. “Yenilməz” erməni ordusunun gücü isə yalnız əliyalın dinc insanlara çatır. - Müharibə dövründə Ermənistan hakimiyyəti növbəti hərbi cinayətlərə imza atdı. Bu cinayətlər və nəticələri haqqında nə deyə bilərsiniz? - İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilmişdir. Belə ki, 13 dünya əhəmiyyətli (6 memarlıq, 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq, 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunələri) tarix və mədəniyyət abidələri erməni vandalizminin qurbanı olmuşdur. Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid-ətraf mühitə qarşı genosid törətmişdir. Meşələrimizin 60 min hektarı məhv edilmiş, torpaqlarımız və çaylarımız çirkləndirilmiş və zəhərlənmişdir. Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma işləri üçün 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard manat vəsait ayrılmışdır. 2023-cü ilin büdcəsində isə işğaldan azad olunmuş ərazilərin bərpası üçün 3 milyard manat nəzərdə tutulmuşdu. Bu vəsait 2023-cü il dovlət büdcəsinin dürüstləşdirilməsi prosesində daha 1,8 milyard dollar artırılmışdır. Yeni reallıqda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi bir nömrəli məsələyə çevrilmişdir. Düşmən tərəf son 30 il ərzində işğal altında saxladığı torpaqlarımızı kütləvi şəkildə minalamışdır. Bunun nəticəsində müharibə başa çatdıqdan sonra indiyədək 300 nəfərdən çox Azərbaycan vətəndaşı Ermənistanın mina terrorunun qurbanı olmuşdur. Bundan əlavə, 44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən rayonlarımızı və şəhərlərimizi - Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtəri intensiv şəkildə atəşə tuturdu. Ermənistan həmçinin cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərləri də raket atəşinə məruz qoyurdu. Raketlərdən biri Azərbaycanın hava hücumundan müdafiə qoşunları tərəfindən Bakının yaxınlığında yerləşən Xızı üzərində zərərsizləşdirilmişdir. Bu isə onu göstərir ki, paytaxt Bakı da Ermənistanın raket hücumlarının hədəfi idi. Ermənistan “Skad” və “İsgəndər-M” tipli ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli sursatlardan istifadə edirdi. Bütün bunlar, əlbəttə ki, beynəlxalq hüquq norma və prinsiplərinə qarşı Ermənistanın həqarətli davranışının növbəti bariz nümunəsidir. Birbaşa müharibə cinayətidir. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməli idi ki, azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini ölkəmizə təqdim etsin. Amma, təəssüf ki, bu missiya da yerinə yetirilmədi, biz bu işi də öz öhdəmizə götürdük. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin məlumatına görə, 2020-2022-ci illərdə 57,6 min hektar ərazi minalardan təmizlənib. Həmçinin qeyd edim ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın birinci prioritetinin birinci istiqaməti işğaldan azad olunmuş 280 min hektar ərazinin 2022-2026-cı illərdə minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsini nəzərdə tutur. Beləliklə, Vətən müharibəsi ilə Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Uzun illər ərzində ilmə-ilmə işlənən, müxtəlif dövrlərdə Cənubi Qafqazla bağlı planları olan qüvvələrin dəstəyi ilə reallaşdırılmağa çalışılan “Böyük Ermənistan” planı Azərbaycan liderinin uzaqgörən siyasəti, qətiyyəti və iradəsi sayəsində süquta uğradı, darmadağın edildi. Erməni “miatsum”u, “ikinci erməni dövləti” xəyalları birdəfəlik məhv edildi. Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız! Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!