Azərbaycan güləşinin kürəyi yerdə...

Azərbaycan güləşinin kürəyi yerdə...
İdman
Oxunma sayı: 149
Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycanın kişilərdən ibarət sərbəst güləş üzrə milli komandasının cəmi 3 idmançısı mübarizə aparacaq. Dünyanın ən nüfuzlu idman yarışında Azərbaycan sərbəst güləşini yalnız Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) təmsil edəcək.
Buna səbəb isə Sofiyada keçirilən təsnifat turnirində güləşçilərimizdən heç birinin lisenziya qazana bilməməsidir.
Bu, sərbəst güləş tariximizdə ən pis göstəricidir. 1996-cı ildə ilk dəfə ayrıca qatıldığımız Olimpiya Oyunlarında ölkəmiz sərbəst güləşdə 6, Sidney-2000, London-2012 və Rio-2016 yenə 6, Afina-2004-də 4, Pekin-2008-də isə 7 nəfər sərbəst güləşçi ilə təmsil olunub.
Atlantada Azərbaycana ilk medalı (gümüş) qazandıran Namiq Abdullayev hazırda sərbəst güləş üzrə milli komandamızın baş məşqçisidir. 
Sonuncu Rio Olimpiya Oyunlarında sərbəst güləş millisi 5 medal qazanıb. Həmin vaxt millinin çalışdırıcısı Firdovsi Umudov olub. Tokioda isə maksimum 3 mükafat qazana bilərik, bunun üçün də 100 faizlik nəticə olmalıdır. Amma bu dəfə olimpiadada kəskin rəqabətin gedəcəyini nəzərə alsaq, bu nailiyyətləri qazanacağımız çətin görünür.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 23 iyul – 8 avqustda keçiriləcək.