Niderland millisinin qapıçısı Andris Noppert Qətərdə keçirilən futbol üzrə dünya çempionatının 1/4 finalında Argentina millisinə qarşı oyuna hazır olduğunu bildirib. 28 yaşlı qapıçı əmindir ki, komanda yoldaşları Lionel Messini “zərərsizləşdirə” biləcəklər. “Messiyə qarşı mübarizə aparmağa və onun penalti zərbələrini dəf etməyə hazıram. O da səhv edə bilər, biz bunu turnirin əvvəlində gördük (Messi qrup mərhələsində Polşa ilə oyunda penaltini qola çevirə bilmədi – red.). Messi zərbə üçün həmişə eyni ayaqdan istifadə edir. O da bizim kimi bir insandır”, - deyə “Herenven” klubunun qolkiperi söyləyib. Qapıçı əlavə edib ki, hazırda Niderland millisinin güclü müdafiəçiləri var. “Qarşıdakı matç məni narahat etmir. Məqsədim titul qazanmaqdır. Bunun üçün çalışacağıq və mübarizəmizi davam etdirəcəyik”, - deyə Andris Noppert fikrini tamamlayıb. Xatırladaq ki, Niderland-Argentina oyunu sabah Bakı vaxtı ilə saat 23:00-da start götürür.