Gürcüstanda İŞİD üzvü həbs edildi

Gürcüstanda İŞİD üzvü həbs edildi
Dünya
Oxunma sayı: 865
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Terrorla Mübarizə Mərkəzinin əməkdaşları antiterror fəaliyyəti ilə bağlı əldə etdiyi sübutlar əsasında ölkə vətəndaşı Əmir İsa kimi tanınan Çiskara Toxosaşvilini Tbilisi Beynəlxalq Hava Limanında saxlayıblar.
Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, Ç.Toxosaşvili 2015-ci ildə Gürcüstanı tərk edib, Yaxın Şərq regionuna gedərək orada "İŞİD" terror təşkilatına qoşulub. Əmir İsa kimi tanınan Toxosaşvili "İŞİD" üzvləri arasında kifayət qədər nüfuzlu şəxs hesab olunur. O, Suriya və İraq ərazisində terror fəaliyyətlərində və davam edən döyüş əməliyyatlarında fəal iştirak edib. Toxosaşvili, bir müddət terror təşkilatının münaqişə bölgəsindəki bölmələrindən birinə rəhbərlik edib. Onun “İslam dövləti” terror təşkilatının müxtəlif nüfuzlu liderləri ilə yaxın münasibətləri olduğu da qeyd olunub.
Qeyd edilir ki, 2019-cu ildə keçirilmiş birgə əməliyyat nəticəsində Çiskara Toxosaşvilinin kiçik qardaşı Sezar Toxosaşvili də terrorizm ittihamı ilə həbs edilib. O, hazırda cəzasını Gürcüstanda çəkir.
Çiskara Toxosaşvili barəsində Cinayət Məcəlləsinin 328-ci maddəsi əsasında (xarici terror təşkilatına qoşulma və terror fəaliyyətinə yardım etmək) maddələri ilə istintaq başlanılıb.
Onu 10 ildən 17 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
  • Gürcüstanda İŞİD üzvü həbs edildi