Azərbaycan qardaş ölkə hesabına modern müharibə metodlarını mənimsəməyə başlayıb - TƏHLİL

Azərbaycan qardaş ölkə hesabına modern müharibə metodlarını mənimsəməyə başlayıb - TƏHLİL
Hərbi
Oxunma sayı: 491
Azərbaycan-Türkiyə hərbi-siyasi müttəfiqliyi və qardaşlığı Dağlıq Qarabağın işğalının rəsmiləşməsi yönündə iki ən ciddi əngəldən biri olaraq qalır. Sevindiricidir ki, COVİD-19 pandemiyasının yaratdığı maneələrə baxmayaraq, “bir millətin iki dövləti” arasında iqtisadi əlaqələrlə yanaşı, hərbi və hərbi texniki sahədə əməkdaşlıq da yüksələn xətlə davam edir. Qardaş ölkə hər cür çətinliklərə rəğmən, Azərbaycan Ordusunun hərbi və döyüş qabiliyyətinin yüksəlməsini də daim diqqət mərkəzində saxlayır.

Söz düşmüşkən, ötən həftə Azərbaycanla Türkiyə arasında imzalanmış “Hərbi sahədə maliyyə əməkdaşlığı anlaşması” qüvvəyə minib. Anlaşmaya əsasən, Türkiyə Azərbaycana 200 milyon TL məbləğində kredit xətti açır və Azərbaycan həmin pulla Türkiyədən hərbi texnika, silahlar ala bilər.

İctimai Televiziyanın hazırladığı reportajda Türkiyədən təhlükəsizlik və terrorla mübarizə sahəsi üzrə ekspert Coşkun Başbuğ deyib ki, Azərbaycan qardaş ölkədən istədiyi silahı və texnikanı ala bilər. Amma inkişaf edən texnologiyaları, yeni müharibə metodlarını və regiondakı şərtləri nəzərə alaraq ölkəmiz Türkiyədən daha çox yeni döyüş sistemləri, o cümlədən pilotsuz döyüş təyyarələri, pilotsuz kəşfiyyat təyyarələri (PUA) və “Atak” hücum vertolyotları ala bilər.

Hərbi və strateji məsələlər üzrə ekspert Yusuf Alabarda isə hesab edir ki, Türkiyənin istehsal etdiyi silahlı və silahsız PUA-lar Dağlıq Qarabağda potensial döyüş əməliyyatlarında effektli olacaq. Çünki həm Suriyada, həm Liviyada Türkiyənin PUA-ları hərbi əməliyyatlar teatrında vəziyyəti Ankaranın xeyrinə dəyişdirə bilib.

*****

Azərbaycanın Türkiyədən “Bayraktar” , “Akıncı” və digər pilotsuz aparatlar almasının mümkünlüyü barədə “Yeni Müsavat” zamanında yazmışdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ilin fevralında Bakıya etdiyi son səfəri zamanı bu məsələyə məxsusi toxunulmuşdu. Prezident İlham Əliyev isə birgə mətbuat konfransında bildirmişdi ki, Azərbaycan qardaş ölkə ilə ortaq silah istehsalı haqda müzakirələr aparır və Türkiyədən yeni silahlar alacaq.

Yada salaq ki, səfər çərçivəsində Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclası keçirilmiş, iclasın yekununda tərəflər arasında 14 əməkdaşlıq sənədi imzalandı. İlham Əliyev əməkdaşlığın müxtəlif istiqamətləri haqqında danışarkən hərbi sənaye kompleksləri arasında əməkdaşlığa xüsusi önəm verdiklərini vurğulamışdı.

İlham Əliyevin Türkiyədən yeni hərbi texnika alınacağı barədə açıqlamasına isə Ərdoğan bu sözlərlə dəstək vermişdi: “Ordularımızın güclü olması önəmlidir. Bu baxımdan müdafiə sənayelərimizin gücləndirilməsi vacibdir”. Bu isə hərbi əməkdaşlığın artıq yeni və daha yüksək mərhələyə keçməsi demək idi.

Türkiyə lideri öz çıxışında terrorla mübarizədə də iki dövlətin əməkdaşlıq etdiyini vurğulamış, buna misal olaraq, FETÖ terror təşkilatı ilə mübarizədə Türkiyəyə ən çox dəstək verən ölkənin Azərbaycan olduğunu qeyd eləmişdi. Birgə mübarizə aparılmalı olan daha bir terror yuvası isə əlbəttə ki, işğal altındakı Dağlıq Qarabağdır...

*****

Əsəd ordusuna sağalmaz zərbələr vuran Türkiyə PUA-larına gəlincə, Azərbaycanın müdafiə naziri Zakir Həsənov hələ mart ayında keçirdiyi xidməti müşavirədə İdlib döyüşlərinin təcrübəsinin öyrənildiyini və Türkiyədən yeni silahların alınması üçün iş getdiyini demişdi. Başqa sözlə, tezliklə Türkiyə hərbi sənayesinin istehsalı olan, dünyanın aparıcı ölkələrini diqqətini çəkən, hədəfi yüksək dəqiqliklə vuran və Rusiyanın da hesablaşmalı olduğu “ağıllı” raketlərlə təchiz edilmiş PUA döyüş sistemlərinin Azərbaycan Ordusunun silahlanmasında yer alacağı şübhə doğurmur.

İşğalçının yuxusunu qaçırdan silahlardan biri də elə Bakının silahlanmasına daxil olacaq yeni silahlardır. O işğalçı ölkə ki, tüğyan edən pandemiya səbəbindən onsuz da kasad olan maliyyə potensialı daha bərbad duruma düşməkdə və Azərbaycanla silahlanma yarışında ayaqlaşması mümkünsüzə çevrilməkdədir.

*****

Bu arada Ermənistanla yanaşı, işğal altındakı Dağlıq Qarabağda da koronavirusa yoluxanların sayında sürətli artım olması haqda xəbərlər gəlməkdədir. Erməni KİV-lərinin məlumatına görə, o səbəbə bu gündən Covid-19 testi neqativ olmayanlar bölgəyə buraxılmayacaq. Beləcə, onsuz da izolə olunmuş ərazinin olan-qalan ac-yalavac əhalisi bundan sonra daha sərt blokada şəraitində yaşamalı olacaq.

Təbii ki, belə “qadağalar”ın Azərbaycan Ordusuna zərrəcə dəxli yoxdur. Silahlı Qüvvələrimiz Bakının məqbul bildiyi istənilən tarixdə və sözsüz ki, Xankəndinin “izni”-filanı olmadan qanuni torpaqlarımızda antiterror əməliyyatına qərar verə bilər. Bu, qarşıdakı yay mövsümündə də, pandemiyanın davam edəcəyi gözlənilən payız aylarında da mümkündür. Hər halda, hərbi əməliyyatlar haqda öncədən bilgi verilmir.

Başqa sözlə, Azərbaycan əsgəri Dağlıq Qarabağı həm işğalçı-terrorçu virusundan, həm də koronavirusdan qurtara bilər. Yerli erməni əhalinin kriminal rejimin və qorxunc virusun girovluğundan yalnız Azərbaycan dövləti xilas edə bilər. Bunu bir çox mülki erməni artıq anlamağa başlayıb. Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevə edilən müraciətlər buna sübutdur. Onların sayı artacaq. Məntiq bunu diktə edir...
“Yeni Müsavat”