Ermənistanla Dağlıq Qarabağı birləşdirən yeni yolun çəkilişini önləməyin yeganə yolu - VURMALIYIQ!!!

Ermənistanla Dağlıq Qarabağı birləşdirən yeni yolun çəkilişini önləməyin yeganə yolu - VURMALIYIQ!!!
Hərbi
Oxunma sayı: 356
Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistanla Dağlıq Qarabağı birləşdirən magistral ordumuz tərəfindən nəzarətə götürülüb.

Maraqlıdır, o yolda hərəkət edən düşmənin canlı qüvvəsi və hərbi texnikası ordumuz tərəfindən məhv edilə bilərmi?

Hərbi ekspert Ramil Məmmədli bildirdi ki, Azərbaycan ordusu son 4 il ərzində həyata keçirdiyi əməliyyatlar nəticəsində Ermənistanın hərbi strateji niyyətlərinə ciddi zərbə vura bildi: “Biz bunu ilk olaraq 2016-cı ildə aprel döyüşləri zamanı gördük. Bu zaman ermənilər strateji hərbi mövqelərini itirdilər və bununla da məlum ərazilərdə Azərbaycan ordusu nəzarət imkanlarını gücləndirdi. Ermənilər növbəti belə zərbəni isə Naxçıvan istiqamətində aldılar. 2018-ci ilin mayında Günnüt əməliyyatı həyata keçirildi. Bu əməliyyatda Şərur rayonunun Günnüt kəndi, ”Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olundu, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçdi. Döyüşlər nəticəsində ən vacib məqamlardan biri də Ordumuzun İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarəti ələ alması oldu. Bununla da Ermənistan öz ərazisində hərbi nöqteyi-nəzərdən strateji uğursuzluğa düçar oldu. Bu o deməkdir ki, hərbi əməliyyatlar başlayarsa, Azərbaycan İrəvan istiqamətindən Qarabağdakı separatçı qruplaşmalara göndərilən hərbi yardımın qarşısını almaq imkanına malik olacaq. Təbii ki, söhbət, yerüstü nəqliyyatdan gedir. Ümumiyyətlə Naxçıvan istiqamətindən ordumuzun mövqelərinin güclənməsi ərazilərimizin işğaldan azad edilməsi üçün başlayacaq əməliyyatlarda Azərbaycana böyük üstünlük verə biləcək".

Ekspertin sözlərinə görə, Avropa Parlamentinin 2020-ci il 10 iyun tarixli bəyannaməsində də qeyd edilir ki, Ermənistandan Azərbaycanın işğal altında olan ərazisinə magistral yolun tikintisi Azərbaycanın səlahiyyətli qurumlarının razılığı olmadan qərarlaşdırıldığına görə bu proses beynəlxalq hüququn norma və prinsiplərinin birbaşa pozuntusudur. Bununla bərabər sənəddə həm də magistral yol tikintisinin münaqişə prosesinə yaratdığı maneə və təhlükələr də öz əksini tapıb. Bəyannamədə göstərilib ki, magistralın tikintisi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının işğalı nəticələrinin möhkəmləndirilməsinə yol açaraq etimad və sülhün yaradılmasına əlavə təhlükələr yaradır: “Bu məqam da Azərbaycana istənilən an həmin yollarda hərəkət edən texnikanı və canlı qüvvəni hədəfə almaq, vurmaq imkanı verir.

Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolu inşası beynəlxalq hüquqa da ziddir".

Qarabağ Azadlıq Təşkilatı (QAT) isə işğalçı Ermənistanın Dağlıq Qarabağa düşmən ölkədən üçüncü magistral yol çəkməsinin qarşısının həmin yola və digər nəzarətimizdə olduğu deyilən yollara zərbə endirilməsi ilə alınmalı olduğunu bildirən bəyanat verib. Bəyanatda ermənilərin bütün həyasız addımlarının qarşısının müharibə ilə alınması tələb edilir: “Ermənistan həyasız mövqeyindən geri çəkilmir, hər cür yolla Dağlıq Qarabağdakı qondarma rejimi dünyaya təqdim etməyə, dünyada yanlış ictimai rəy yaratmağa çalışır. Bir müddət əvvəl təşkil etdikləri ”andiçmə" şousu, indi “yolçəkmə” oyunbazlığı da həmin məqsədə xidmət edir. Avropa İttifaqının region üzrə məruzəçiləri birgə bəyanatla bu məsələyə münasibət bildiriblər, Ermənistanın hərəkətlərini qınayıblar və münaqişənin “Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində” həllinin vacibliyini qeyd ediblər. Bu, müsbət hadisə kimi qiymətləndirilə bilər. Amma biz artıq bu cür kağız üzərində qalan bəyanatlarla kifayətlənə bilmərik. Beynəlxalq təşkilatlar bizə mənasız kağız bəyanatlar göndərir, ermənilərə isə bütün işğalçı və ilhaqçı hərəkətləri üçün geniş şərait yaradırlar. Beynəlxalq qurumların, üzdəniraq vasitəçilərin yalançı xidmətlərindən imtina etməli, onları birdəfəlik rədd etməliyik".

Qurum hesab edir ki, əgər Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən magistral ordumuzun nəzarətindədirsə, Müdafiə Nazirliyi sözdən əmələ keçməli və həmin yollarda hərəkətin qarşısı alınmalıdır. Azərbaycan cəmiyyətinin də gözləntisi budur.
“Yeni Müsavat”