Sülh istəyən Azərbaycan savaşa tam hazırdır - TƏHLİL

Sülh istəyən Azərbaycan savaşa tam hazırdır - TƏHLİL
Manşet / Hərbi
Oxunma sayı: 455
Təmas xəttində düşmən tərəfin təxribatları davam edir. Sözsüz ki, erməni silahlı qüvvələri bunun cavabını həmişə olduğu kimi, artıqlaması ilə alır. Son vaxtlar işğal altındakı torpaqlarımızda erməni hərbçiləri arasında artan itkilər bunu təsdiq edir. Cəbhə xəttində gərginliyi siyasi və hərbi ekspertlər müxtəlif səbəblərlə izah edirlər.

“Ermənistan daxildəki sosial problemləri, siyasi gərginliyi gizlətmək üçün hər zaman olduğu kimi cəbhədə təxribatlara əl atır”.

Bunu koronavirus pandemiyası dönəmində təmas xəttində atəşkəsin mütəmadi pozulması haqqında danışarkən ehtiyatda olan polkovnik Şair Ramaldanov söyləyib (Modern.az). O qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edənə qədər ermənilərin təxribatları davam edəcək: “Son zamanlar ermənilər xüsusilə Qazax istiqamətində sərhəd qoşunlarının yerləşdiyi hissələrdən atəşkəsi pozurlar, təxribatlara əl atırlar. Amma Dövlət Sərhəd Xidmətinin Qazax istiqamətində yerləşən bölmələrinin professionallığı göz qarşısındadır. Hiss olunur ki, şəxsi heyət də peşəkarlıqla torpaqlarımızı müdafiə edir”.

Hərbi ekspertə görə, Ermənistan cəbhə xəttində, o cümlədən sərhəd bölgəsində gərginliyi ona görə saxlamağa çalışır ki, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və digər beynəlxalq qurumların diqqətini çəksinlər. “Çünki təşkilatın katibi pandemiyadan öncə belə bir fikir səsləndirib ki, hər hansı hadisə baş verərsə, Ermənistanın yanında olacaqlar. Bunu bayraq tutan rəsmi İrəvan gərginliyi ona görə artırmağa çalışır”, - deyə o vurğulayıb.

Ş. Ramaldanov bu xüsusda Ermənistanın hədəfinin Azərbaycan Silahlı Qüvvələrinin təxribatçı orduya cavab atəşi açmaq olduğunu deyib: “Onların susdurulması nəticəsində Ermənistan tərəfinin itkiləri də ola bilər. Bu isə onların özünə xeyir edir. Ermənilər insanlığa xas olmayan addımlar atırlar. Bu gün bütün dünya pandemiya ilə mübarizə apardığı bir vaxtda Ermənistan yenə də cəbhədə təxribatlara əl atır. Çünki Ermənistan ordusunun sıralarında da koronavirusa yoluxma halları var. Sosial şəbəkələrdə bunu təsdiqləyən paylaşımları oxuyuruq. Dağlıq Qarabağda koronavirusla əlaqədar vəziyyət daha gərgindir. Yoluxma faktlarının artması istisna edilmir. Amma Ermənistan hökuməti bu məsələni olduğu kimi təqdim etməkdən çəkinir. İstənilən halda, düşmən tərəfi öz cavabını alır, təxribat cəhdləri cavab atəşi ilə susdurulur. Hələ ki bizim torpaqlarımız işğal altındadır, müharibə şəraitindəyik, Ermənistanı yerində oturtmamışıq. Ona görə mütəmadi olaraq cəbhədə gərginliyi hiss edəcəyik. Azalmayan yeganə məqam isə əsgərlərimizin ruh yüksəkliyi, düşməni qarşısında əzmlə, cəsarətlə, peşəkarlıqla dayanmasıdır”.

Şübhə yox ki, sülh istəyən müharibəyə hazır olmalıdır - xüsusın də ərazisinin bir qismi işğal altında olan ölkə. Dağlıq Qarabağa dair danışıqlar prosesində isə durğunluq davam edir. Ötən həftə Rusiya XİN başçısı, erməni kökənli Sergey Lavrovun verdiyi məlum açıqlama da prosesə stimul verə bilmədi. Əksinə, nə qədər qəribə də olsa, İrəvanda isterika doğurdu.

Problemin mərhələli həlli ilə bağlı Lavrovun söylədikləri hələ də müzakirə mövzusudur. Əcəba, gerçəkdənmi Rusiya konfliktin nizamlanmasında ciddi dönüşə nail olmaq istəyir?

ABŞ-da yaşayan azərbaycanlı politoloq Ərəstun Oruclu belə düşünmür (Teleqraf.com). Onun fikrincə, Rusiya xarici işlər nazirinin məlum açıqlaması cavablardan çox suallar doğurub: “Bunu Rusiyanın münaqişənin həllində dəyişməyə başlayan mövqeyi saymaq olmaz. Bu, anladığım qədər Rusiyanın özünün qurduğu oyundur və Ermənistanın sərtləşən kompromissiz mövqeyinin də arxasında birmənalı olaraq Rusiya dayanır. Məqsəd Azərbaycana təzyiq edərək, onu Rusiyaya daha da yaxınlaşdırmaq, ölkənin suveren hüquqlarının bir hissəsini Rusiyaya güzəştə getməsinə nail olmaqdır ki, bunun əvəzində də Rusiya Azərbaycana bəzi əraziləri işğaldan azad etmək imkanı yarada bilər”.

Politoloqun sözlərinə görə, belə kombinasiya Ermənistan üçün işğal etdiyi ərazilərin az bir hissəsini itirməklə və hakimiyyət dəyişikliyi ilə nəticələnən siyasi böhran, Azərbaycan üçün isə suverenliyin xeyli dərəcədə itirilməsi demək olardı. “Bundan sonra elan olunan atəşkəsə nəzarət üçün Rusiya sülhməramlılarının təmas xəttinə yerləşdirilməsi isə məsələnin birdəfəlik qapadılması demək olardı. İstisna deyil ki, Rusiya həm də Azərbaycan-İran sərhədinə nəzarəti götürmək istəyir, çünki bu, onun Yaxın Şərq siyasətinin daha aktiv fazaya keçə bilməsi üçün həyati əhəmiyyətli amillərdəndir. Bütün bunların Azərbaycan üçün nə demək olduğunun isə zənnimcə, nə izaha, nə də təhlilə ehtiyacı var”, - deyə o əlavə edib.

*****

Ancaq nə olur-olsun, bir daşlaşmış həqiqət var. Bu da ondan ibarətdir ki, Ermənistan öz əsas qonşuları - Türkiyə və Azərbaycanla dil tapıb dinc-yanaşı yaşamağı öyrənməyincə inkişaf və rifah yoluna çıxa bilməyəcək, heç bir fövqəlgüc də onun dadına çata bilməyəcək.

Bu və digər səbəbdən rusiyalı konfliktoloq Yevgeni Mixaylov haqlı olaraq o qənaətdədir ki, qonşularla sülh və anlaşma əldə eləmək - bu gün Ermənistanın yeganə şansıdır.

Sitat: “Ermənistanın zəif iqtisadiyyatının büdcəsi Azərbaycanın qarşısını almaq imkanında ola bilməz və tamamilə aydındır ki, İrəvan özünün şovinist cəhdləri ilə tamamilə baş-başa qalacaq. Rusiya isə əksinə, regionda sülhün qarantı kimi çıxış edəcək. Güman edirəm ki, İrəvan öz sifətini saxlamaq üçün əraziləri qaytaracaq. Paşinyan başa düşməlidir ki, Ermənistan böyük Avrasiyanın bir hissəsidir və qonşularla sülh şəraitində yaşamaq lazımdır ki, sərhədlər açılsın və ölkə inkişaf eləsin”.

Öz növbəsində Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov hesab edir ki, İrəvan rəsmilərinin son bəyanatları ilə Minsk prosesi və onun məntiqi öldürülüb. “Ermənilər öz mövqelərini bəyan edirlər. Əgər biz danışıqları davam etdirsək, o zaman bu, faktiki şəkildə o demək olacaq ki, biz onların ”gündəliyi"ni qəbul edirik" - eks-nazir deyib.

Nizamlama prosesinin perspektivinə toxunan politoloq deyir ki, ATƏT isə təcavüzkarı sülhə məcbur edə bilməz. Bunu yalnız BMT edə bilər: “Belə bir situasiyada Azərbaycan özünü göstərə bilər. Lavrov öz bəyanatı ilə ermənilərin mövqeyinin sərtləşməsi üçün bəhanə verdi. Baş verənlərin mahiyyəti bu. Yalançı manevrlərə uymaq lazım deyil. Gerçəkdə mahiyyətində bizim üçün tamamilə sərfəli olmayan yanaşmalardan söhbət gedir. Hesab edirəm ki, əgər əvvəllər biz problemin danışıqlar yolu ilə həllinə ümid edirdiksə, artıq bu yol özünü tükədib. Uzun illər danışıqlar prosesinin içində olan adam kimi deyirəm ki, əgər sülh yolunun əvvəlində hansısa illüziya var idisə, artıq o da dağılıb. Siyasi vasitələrdən biri kimi danışıqlar özünü tükədib. Demək, başqa üsullar seçilməlidir, çünki təcavüzkarın cavabı verilməlidir”.

Müharibə variantında Rusiyanın rolundan danışan Tofiq Zülfüqarovun sözlərinə görə, əgər bir neçə il öncə Rusiyanın Ermənistana verdiyi “təhlükəsizlik çətiri” bizə mane olurdusa, bu gün həmin “çətir”dən de-fakto heç nə qalmayıb: “Üstəlik, Qarabağ məsələsi ətrafında hərbi-siyasi və hərbi-strateji qüvvələr nisbəti bizim xeyrimizə dəyişib. Nə ilə bağlıdır bu? Ölkəmizin silahlı qüvvələrinin, demoqrafik situasiyanın, iqtisadi imkanlarımızın güclənməsi ilə. Yeni situasiya nöqteyi-nəzərdən Naxçıvan faktorunu da qeyd etməyə dəyər - Naxçıvandan İrəvana qədər 40 km-dən bir az artıq məsafə var. Bu isə ”Qrad" yaylım atəşi tipli sistemlərin hədəf ala biləcəyi məsafədir. Bundan əlavə, konfliktin özünün xarakteri dəyişib və bunu beynəlxalq birlik qəbul edir. İki on illikdir ki, Qarabağ münaqişəsinə Azərbaycanla Ermənistan arasında konflikt kimi baxılır. Odur ki, reallıqlardan çıxış eləmək, cəmiyyətə hər şeyi olduğu kimi danışmaq lazımdır. Hamı üçün olduqca aktual olan məsələ - cəmiyyətimizə müharibənin qaçılmaz olması hissini aşılamaqdır. Və toplumun bütün komponentləri - təbliğat, iqtisadiyyat, səhiyyə buna hazır olmalıdır. Mülki müdafiə, səfərbərlik tədbirləri - bütün bunlar da müvafiq şəkildə hazırlıqlara cəlb edilməlidir".

Bir sözlə, Qarabağda antiterror əməliyyatının vaxtı çatıb...
"Yeni Müsavat"