Mərkəzi Ordu İdman Klubu, yoxsa rüşvət yuvası ?- Rəşad Quliyevin “hərbi xidmət” biznesi...

Mərkəzi Ordu İdman Klubu, yoxsa rüşvət yuvası ?- Rəşad Quliyevin “hərbi xidmət” biznesi...
Manşet
Oxunma sayı: 183
Bu klubda  hərbi  qulluq 40-50 min manata başa gəlir

Hərbi Prokurorluq bu biznesə şərikdir ?

Rüşvət və  korrupsiya yuvasına  bər-bəzəkli  ad  da tapıblar – Mərkəzi Ordu İdman Klubu.
Və  burada  xeyli sayda  Azərbaycan əsgəri vətən qarşısında öz hərbi borcunu yerinə yetirir, yəni hərbi qulluq keçir. 
Adama deyərlər, paytaxt Bakının  göbəyində  İdman Klubunda  hərbi xidmət keçmək necə olur ? 
Bəlkə, səhərlər klubun yaşıl meydançasında dombalaq aşmaq, günortalar  gərnəşmək, axşamlar əsnəmək hərbi qulluqdur, cənablar ? 
30 ildir  müharibə gedən, şəhidlər verən ölkədə  “dərə xəlvət tülkü bəy”  deyib, özünü  Mərkəzi İdman Klubunda günə verənlərə nə ad vermək olar ? 
Bəs kasıb, imkansız ailələrin övladları döyüşdə şəhid olanda, minaya düşəndə siz harada idiniz, ay papasının gül balaları ? 
Bəli,  Mərkəzi İdman Klubu 30 ildir  imkanlı, varlı, vəzifəli şəxslərin övladlarını həqiqi hərbi xidmətdən yayındırmaqla məşğuldur. Niyə, məqsəd nədir ?
Birincisi,  vəzifəli şəxs  övladını vətən yolunda ölməyə qoymur, övladını qoruyur. Vətəni yox, övladını. 
İkincisi, bu haldan istifadə edən Mərkəzi Ordu İdman Klubunun rəsiləri təkcə son 30 ildə milyonlar qazanıblar. 
Bəli, Müdafiə Nazirliyinin tabeçiliyində olan Mərkəzi Ordu İdman Klubu əsl  rüşvət yuvasıdır. 
 Təsəvvür edirsiniz, ordudan, həqiqi hərbi xidmətdən yayınmağın qiyməti 20-30 min, son  vaxtlar  isə 40-50  min manat olub. 
Bu yüksək maaş alan məmurun  5-6 illik maaşıdır. Bəs məmur haradan 30-40 min tapıb Mərkəzi Ordu İdman Klubunun rəislərinə verir?
Biz şanlı ordumuzun Aprel döyüşünü, 44 günlük müharibədəki möhtəşəm qələbəsini alqışlayırıq, ordumuzla qürur duyuruq. Amma qalib ordunun nüfuzuna kölgə salanlar da az deyil. Bizim də məqsədimiz ordumuzu deyil, problemləri yaradanları ifşa etmək, onlarla bağlı olan neqativ halları işıqlandırmaqdır. 
Axı, cənab Prezident özü də dəfələrlə media mənsublarına müraciət edib ki, problemləri işıqlandırın, ictimailəşdirin. 
Bizim də məqsədimiz hərbi səfərbərliyi özünün şəxsi biznesinə çevirən zabitlərə diqqəti yönətməkdir. 
Bəli, uzun illər Bakıda yerləşən Mərkəzi Ordu İdman Klubu ( MOİK ) sözün həqiqi mənasında rüşvət və korrupsiya yuvası olub. Yuxarıda  dediyimiz kimi, bu hərbi hissədə qulluq etməyin qiyməti ortalama  30- 40  min manatdır. İndi bu rəqəmi vurun əsgərlərin sayına, sonra alınan nəticəni illərə vurun...Astronomik rəqəm alınır ee. 
Görün, MOİK-in sabiq rəisi polkovnik-leytenant Rəşad Quliyev kimi zabitlər bu illər ərzində neçə milyonlar qazanıb. 
Təsəvvür edə bilməzsiniz ki, müharibə gedən ölkədə məmur balaları MOİK-də necə qulluq edirlər. 
Deməli, məmur övladı öz sürücüsü ilə 200 min dəyəri olan avtomobillə hansısa hərbi hissəyə gedir, orda and içmə mərasimindən sonra MOİK-ə “komandirovat” olunur və Allah qoymasa  həqiqi hərbi xidmət başlayır. 
Bu milyonları  Rəşad  Quliyev  istəsə də təkcə mənimsəyə bilməzdi. Rəşad Quliyevin Müdafiə Nazirliyində şərikləri olmasa, onu çoxdan  “gedər-gəlməzə  hərbi xidmətə “ yola salmışdılar. 
Görəsən,  bu boyda cinayət əməllərini Müdafiə Nazirliyi, cənab nazir görmür ?  
Görür, niyə görmür ? 
Milyonları mənimsəyən həmən Rəşad Quliyevin vəzifəsini bir az da böyüdüblər. O, hazırda Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində polkovnik rütbəsində, İdman kafedrasında idman rəisi kimi çalışır. 
Yaxşı  Rəşad Quliyevin əməllərini müdafiə nazirləri görməyib. Bəs Hərbi Prokuror niyə görməzdən gəlir ? 
Əgər  MOİK-də baş verən cinayət əməllərinə şərik deyilsə, niyə susur, niyə tədbir görmür ? 
Qoy, bu suallara əlaqədar dövlət qurumları cavab versin. /Gundelik-baku.com/