Qəpik-qəpik bahalaşan qiymətlər...- “Yeni Tarif Şurası” yaranıb, hər gecə 3 qız marketlərdəki qiymətləri 5 qəpik qaldırır...

Qəpik-qəpik bahalaşan qiymətlər...- “Yeni Tarif Şurası” yaranıb, hər gecə 3 qız marketlərdəki qiymətləri 5 qəpik qaldırır...
Manşet
Oxunma sayı: 119
Qiymətləri  səssizcə  qaldıran işbazlar  Prezidentin də qəti tapşırığını nəzərə almır...

Məlumdur ki, bütün dünyada qiyməti bazar tənzimləyir. İqtisadi dildə desək, tələb və təklif deyilən iqtisadi kateqoriya var. Tələb artırsa, qiymət artır, əks halda qiymətlər düşür. Bu məsələnin iqtisadi tərəfi. 
Azərbaycan hakimiyyəti haqlı olaraq, daha doğrusu, vətəndaşların  vəziyyətini nəzərə alaraq bəzi qiymətləri  ( nəqliyyat, kommunal xərclər, benzin, hətta çörək və buğda məhsulları və s ) nəzarətdə saxlayır və bu məsələ Tarif Şurası tərəfindən tənzimlənir. 
Ancaq təəssüf ki, bəzi işbazlar ölkədə zaman-zaman  süni qiymət artımı yaradır, qiymətləri süni şəkildə şişirdirlər.
Bu isə  kasıb təbəqənin  büdcəsinə kəskin təsir göstərir. 
Bunu nəzərə alaraq möhtərəm Prezidentimiz İlham Əliyev cənabları  dəfələrlə və sərt şəkildə belə işbazlara xəbərdarlıq edib: 
“Süni bahalaşmaya son qoyulmalıdır. İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı suni şəkildə bəzi işbazlar qiyməti qaldırmaq istəyirlər. Müəyyən dərəcədə biz ərzaq məhsullarının idxalından asılıyıq. Hələ 100%  özümüzü yerli istehsalla tam təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, həmin məhsullarda ümumiyyətlə qiymət artımı olmamalıdır”. 
Cənab Prezident bundan artıq nə deməlidir ki..?
Təəssüf ki, işbazlar  guya qiymət artımına  yol vermədiklərini göstərmək üçün  qiyməti süni şəkildə şişirtməyin  yollarını tapıblar. 
Yəni qiymətləri birdən-birə deyil, qəpik-qəpik  bahalaşdırırlar. 
Vətəndaşlarımız da  süni qiymət artımı ilə az qala hər gün rastlaşırlar. Məsələn sakinlərdən biri deyir ki,  sabun bu gün  6 qəpik bahalaşıb, şəkər tozu 12 qəpik  bahalaşıb və s. 
İşbazlar  bu metodla  elə gizli-gizli, qəpik-qəpik qaldırırlar ki, insanlar  ilk baxışdan fərqində olmasınlar. 
Hətta vəziyyət o qədər kritik olub ki, insanların zəruri və gündəlik tələbat malları, ərzaqlar  da, yağ da, süd də hər gecə bahalaşır. 
İşbazlar çalışır ki, qiymət artımı səssiz-küysüz olsun, yəni ictimai narazılıq olmasın. 
 Artıq marketlərdə qiymətlər əl yandırır, adi yumurta, yuyucu tozlar  hər gün bahalaşır. 
Təsəvvür edirsiniz, dövlətimiz  kərə yağ üçün  dövlət rüsumunu  3 dəfə azaltmaq barədə düşünür ki, camaat  dolana bilsin, işbazlar isə əksinə qiymətləri qaldırır. 
Bayramlar ərəfəsində  isə işbazlar qiymətləri  “ceyran belinə” qaldırır. 
Bir soruşan yoxdur ki, ay  dələduzlar, bayramda nə baş verir ki, qiymətləri  süni şəkildə qaldırırsınız ? 
Bu  işbazlar dövlət başçısının qəti xəbərdarlığını da nəzərə almırlar. 
3-4 qəpik qiymət artımı ilə bağlı  danışanda isə işbazlar deyir ki, noolub ee, 3-4 qəpiklə dünya dağılmadı ki…
Bu yaramazlar başa düşmür ki,  3-4 qəpiyi hesablayanda  ayda  70-80 manat  eləyir. Kasıb təbəqənin isə  buna imkanı çatmır. 
Süni qiymət artımı ilə bağlı  ekspertlərin fikirlərini oxuyanda adam məəttəl qalır.
Biri monopoliyanı, o biri  gömrüyü, başqa birisi  Tarif Şurasını ittiham edir. Ancaq heç kim  süni qiymət artımının necə həyata keçirildiyini, mexanizmini göstərmir. 
Gundəlik-Bakıya daxil olan məlumata görə,  hər gün gecə, yəni alıcılar olmayanda  3 qız marketlərə daxil olaraq  ərzaq məhsullarının üzərindəki  qiymətləri  5 qəpik bahalaşdırır. 
Bu  biabırçılıq  bir dəfə baş vermir, demək olar ki, hər gecə təkrarlanır. 
Və  gizli, xəlvəti mexanizm demək olar ki, bütün marketlərdə, NEPTUNda, SOLİTONda, RAHAT marketlər şəbəkəsində və digər marketlərdə baş verir. 
Yəni  marketlər  gecələr  süni qiymət artımı ilə məşğul olurlar. 
Amma işbazlar unudur ki, kasıb təbəqəni düşünməyən, Prezidentin tapşırığını nəzərə almayan  bu gizli qiymət artımının  səsi-küyü bir gün çıxacaq. 
Bax, onda işbazların başına DƏMİR YUMRUQ dəyəcək.