“Yəqin şirkət nazir Sahil Babayevə məxsusdur. Adamın beyni “error” verir."

“Yəqin şirkət nazir Sahil Babayevə məxsusdur. Adamın beyni “error” verir."
Manşet / Araşdırma
Oxunma sayı: 14 936
Məlum olduğu kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi inzibati binasında dövlət bayrağının əks olunması ilə bağlı tender elan edib. Tenderin qalibi "Lotus Co" QSC-dir. Şirkətə agentliyin binasında bayraq əks etdirmək üçün 35 min 300 manat vəsait ödəniləcək.

DİA.AZ bildirir ki, iqtisadçı Natiq Cəfərliyə görə bu, ölkəyə, vətəndaşa hörmətsizlik, büdcəni dağıtmaqdır: “Qələbədən sonra büdcəni dağıtmaq, büdcədən oğurlamaq, qeyri-rasional xərclər etmək xəyanət kimi qiymətləndiriləcək. Çünki işğaldan azad edilmiş şəhərləri, kəndləri bərpa etmək üçün bizə hər qəpik lazım olacaq. Bu proses onmilyardlarla vəsaitə başa gələcək. Keçmiş günlər bitdi, yeni sistem gələcək - daha şəffaf, daha rasional və daha hesabatlı, başqa yol yoxdur”.

Dia.az bildirir ki, "Lotus Co" QSC 2017-ci ilin avqustunda yaradılıb. Vergilər Nazirliyinin saytındakı kommersiya hüquqi şəxslərin reyestr məlumatlarında göstərilir ki, sahibi Seymur Məmməd oğlu Cəfərovdur. Nizamnamə kapitalı 2010.00 manat olan şirkətin ofisi Bakıda yerləşir (Nəsimi rayonu, Mir Cəlal 4 Mkr, ev 60, m 89).

Onu da qeyd edək ki, iqtisadçı Qadir İbrahimli şirkətlə bağlı araşdırma aparıb. Deyir, "Lotus Co" QSC şirkəti təkcə sentyabrda 3 milyon manata yaxın 3 müxtəlif tender udub.

“Yəqin şirkət nazir Sahil Babayevə məxsusdur. Adamın beyni “error” verir. Adi bir binada bayrağın əks olunmasına niyə 35 min manat xərclənməlidir? Bir bayraq alıb taxırsan binaya, bitir. Bu, bayraq sevgisi deyil. Bayraq sevgisinin daşıyıcıları işğaldan azad olunmuş ərazilərimizə bayraq taxan əsgər və zabitlərimizdir”.

Qadir İbrahimli düşünür ki, həmin tenderin nəticələri ləğv olunmalı, vəsait yaralı əsgərlərin və şəhid ailələrinin sosial təminatına xərclənməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.