Karantin dövründə aliment necə ödənilir?

Karantin dövründə aliment necə ödənilir?
Araşdırma
Oxunma sayı: 419
Məlum olduğu kimi, hazırda koronavirusla bağlı Azərbaycanda karantin rejimidir.
Karantin müddətinin bitməsi və ya artırılması isə vəziyyətin gedişatından asılıdır.
Məlum virus səbəbindən karantin rejimində bir çox sahələrin, o cümlədən günəmuzdla işləyənlərin fəaliyyəti məhdudlaşdırılıb. Belə bir durumda boşanan ailələrdə alimentin ödənilməsi məsələsində də çətinliklərin baş verməsi istisna deyil.
Bildirək ki, Ailə Məcəlləsi valideynlərin üzərinə uşaqlarını saxlamaq vəzifəsini qoyub. Belə ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Qanunvericilik uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulması qaydasını müəyyənləşdirir.
Amma aliment ödəyən tərəfin işləməməsi və başqa gəlirinin olmaması onu aliment ödəməkdə çıxılmaz duruma salır.
Maraqlıdır, indiki durumda bu məsələ ilə bağlı hansı addımlar atılır?
Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında deyib ki, bu barədə hər hansı rəsmi qərar və ya dəyişiklik yoxdur:
“Bu da o deməkdir ki, həmin şəxslər əvvəllər hansı qayda ilə alimenti ödəyirdilərsə, indi də ödəməlidirlər. Kim işləmirsə, gəliri yoxdursa, bilirsiz ki, onlara birdəfəlik yardım ödənilir. Kimlər isə işləyirlərsə, əvvəlki qayda ilə alimenti ödəyirlər. Deyim ki, şəxs birdəfəlik yardım almasa belə bu, onu alimenti ödəməkdən azad etmir. Hətta 190 manat çatmırsa, üstünü düzəldib ödəməlidir. Məhkəmə qərarı var və ödənilməlidir. Yəni başqa vasitə yoxdur. Məsələn, Aliment Fondu yaradılsa idi, indiki durumda fond həmin məbləği ödəyəcəkdi və sonradan şəxsdən tutula bilərdi. Amma bu vasitələr olmadığı üçün proses dəyişmir. Əslində əvvəlki proseslərdə də belə idi. Məhkəmə qərarı varsa, şəxsdən qazancının olub-olmamağından asılı olmayaraq aliment tələb olunur. İndi də həmin qaydalar qüvvədədir və bu məsələdə yenilik yoxdur. Məhkəmə qərarları və icrası təxirə salınmayıb, dayandırılmayıb. Bu baxımdan da aliment ödənməlidir, əks təqdirdə həmin şəxslər məsuliyyətə cəlb olunacaqlar. Təbii ki, uşaqlar karantin dövründə də əvvəlki kimi yeməlidir və yaşamalıdırlar”.