DYP: "Sürücülərin buz bağlayan yollarda avtomobil idarə etməmələri tövsiyə olunur"

DYP: "Sürücülərin buz bağlayan yollarda avtomobil idarə etməmələri tövsiyə olunur"
Cəmiyyət
Oxunma sayı: 435 854
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev hava şəraitinin dəyişməsi ilə əlaqədar sürücülük təcrübəsi az olan şəxslərin buz bağlayan yollarda avtomobil idarə etməmələrini tövsiyə edib.

Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

R. Tağıyev bildirib ki, yollarda yarana biləcək qəzalar və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülər avtomobil idarə edərkən diqqətli olmalıdır:

"Yolların buz bağlamasını nəzərə alaraq, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun tənzimləməlidirlər. Həmçininsürücülərdən zərurət olmadan ötmə əməliyyatı aparmamaları və qəfil manevrlər etməmələri xahiş olunur".

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən Bakıda və Abşeron yarımadasında yanvarın 14-15-də bəzi ərazilərdə gecə və səhər saatlarında, rayonlarda da həmçinin yanvarın 14-16-da gecə və səhər saatlarında magistral yolların buz bağlama ehtimalı var.