Koronavirusdan sonra dünyada nələr dəyişəcək? - TƏHLİL

Koronavirusdan sonra dünyada nələr dəyişəcək? - TƏHLİL
Araşdırma
Oxunma sayı: 404
Roma Papası tarixdə ilk dəfə insanlar olmadan Pasxa ayini icra edib. Məkkədə müqəddəs Beyt əl-Hərəm isə artıq bir neçə həftədir boşdur. Amma boş qalan yalnız ibadət evləri deyil.

Həmçinin, dünyanın ən qaynar, 24 saat “yatmayan” Nyu-York, Paris kimi şəhərlərinin küçələri bomboşdur, Hindistanda hava təmizləndiyi üçün ilk dəfə insanlar Himalay dağlarını açıq gözlə görüblər, planetin müxtəlif yerlərində delfinlər, balinalar sahillərdə üzür, vəhşi heyvanlar şəhər küçələrində dolaşmağa başlayıb.

Bütün bunlar koronavirusun gətirdiyi, gözlə görünən və ən əsası, mediada əks olunan dəyişikliklərdir. Sirr deyil ki, koronavirus planetin simasında ciddi dəyişikliklərə səbəb olub. Bu dəyişikliklər ilk növbədə səhiyyə və iqtisadi-sosial sahədə acı nəticələr doğurub.

Artıq iki milyona yaxın insan xəstəliyə yoluxub, 120 minə yaxın insan ölüb. ABŞ, İtaliya, İspaniya, Böyük Britaniya kimi ölkələrdə xəstəlik səhiyyə sistemini çətin vəziyyətə salıb. ABŞ prezidenti koronavirusdan ölənlərin sayının 100 mini (ABŞ-da) keçəcəyini bəyan edib. Ən pisi odur ki, bu xəstəliyin nə zaman bitəcəyi hələ dəqiq məlum deyil.

Lakin indi pandemiyanın tibbi nəticələrindən çox sosial-iqtisadi təsirləri daha böyük rezonans doğurub. Məsələ ondadır ki, pandemiya səbəbindən dünyanın əksər ölkələrində karantin rejimi tətbiq olunub, istehsal, xidmət sahələrində durğunluq yaranıb. Bu isə o deməkdir ki, milyonlarla insan işsiz qalıb, dövlət yardımına möhtac vəziyyətdədir.

Beynəlxalq Valyuta Fondu bir qədər əvvəl bəyan edib ki, koronavirus 2008-ci il maliyyə böhranından daha pis və bənzəri görünməmiş iqtisadi böhrana səbəb olacaq.

Yeri gəlmişkən, pandemiyanın ilkin mərhələsində bəzi analitiklərin dinlərin mövqeyini itirəcəyi ilə bağlı fikirlərinə qarşı daha ciddi arqumentlər ortaya çıxıb. İndi bir çox mütəxəssislər hesab edirlər ki, koronavirus dinlərin mövqeyini daha da gücləndirdi. Bunu Qərb paytaxtlarında kütləvi dualar, həmçinin, kilsə və məscidlərin təşkil etdiyi ehtiyacı olan insanlara yardım aksiyaları da göstərir. Üstəlik, fərdiyyətçi şüurun zəifləməsi istər-istəməz dinin rolunu gücləndirir.

Pandemiyanın dünyanın simasını dəyişməsi yalnız iqtisadi və ya sosial sahədə olmayacaq. Mütəxəssislər digər sahələrdə də köklü dəyişikliklər olacağını düşünür. Məsələn, daha əvvəl dünyada əsas kütləvi qırğın silahı nüvə bombası hesab olunurdu. İndi artıq nüvə silahından daha dəhşətli və qarşısıalınmaz “silah” mövcuddur. Üstəlik, nüvə silahından fərqli olaraq, bioloji silahlar, öldürücü viruslar yaratmaq üçün böyük mərkəzlərə, dövlət proqramlarına gərək yoxdur.

Eyni zamanda, tibb elmi də inkişaf edəcək. Bəşəriyyət tibb elminin inkişaf etməsi gerçəyi qarşısında qaldı. Bu sahənin daha da inkişaf etdirilməsi böyük ölkələrin prioritetləri sırasına daxil olacaq. Bu siyahını daha da uzatmaq olar.

Ancaq indi nüfuzlu ekspertlər, fikir adamları pandemiyadan sonra dünyada siyasi düşüncə və sosial münasibətlər sahəsində də ciddi dəyişikliklərin olacağını proqnozlaşdırır.

“Sapiens - Bəşəriyyətin Qısa Tarixi” əsərinin müəllifi, israilli tarixçi-yazar Yuval Noah Harari, fransız filosof və sosioloq Edqar Morin və digərləri koronavirus pandemiyasının dünyamıza gətirəcəyi dəyişiklik haqqında fikirlərini açıqlayıblar.

Harariyə görə, koronavirusla mübarizə vasitələri gələcəkdə dünyanın şəklini dəyişməkdə istifadə olunacaq. İlk növbədə, yazarın fikrincə, bu cür böhranlar insanları daha sürətli qərar qəbul etməyə vadar edəcək. Eyni zamanda, o bildirib ki, pandemiya zamanı formalaşmış insanlara total nəzarət mexanizmləri daha sonra da fəaliyyətdə qalacaq.

Məsələn, artıq Çində, Cənubi Koreyada və İsraildə hökumət şəxslər haqqında məlumat toplayan, onları izləyən və qapalı qərarlar qəbul edən mexanizmlər hazırlayıb. Çində isə karantin qaydalarını pozan bütün vətəndaşları izləyən, yerlərini müəyyən edən sistem, üz tanıma kameralarından istifadə olunur. İndi bu sistemlər normal görünsə də, xəstəlikdən sonra bu qaydalar total nəzarətə çevrilmə riskləri yaradır.

Ancaq Harari texnologiyanın inkişaf etdiyi bu əsrdə ölkələrin xəstəlikdən sonra daha çox təcrid olunacağına inanmır. Onun fikrincə, əksinə, pandemiyadan sonra qlobal əməkdaşlıq daha da artacaq, məlumat mübadiləsi daha da inkişaf edəcək. Çünki yazara görə, daha da qapanmaqla bu cür xəstəliklərdən müdafiə və xilas olmaq mümkün deyil.

Filosof Edqar Morin yerli mediaya verdiyi müsahibəsində pandemiyanın qlobalizm dəyərlərinə zərbə vurduğunu deyib. Onun sözlərindən belə məlum olub ki, baş verən böhran qlobalizm dövründə həmrəyliyin olmadığı, sadəcə, qarşılıqlı asılılığın olduğunu göstərdi.

Filosofa görə, qlobalizm texniki və iqtisadi inkişafa yol açsa da, insanlar arasında qarşılıqlı anlayış düşüncəsində bir inkişafa səbəb olmayıb. Əksinə, qlobalizmin vüsət aldığı 1990-cı illərdən sonra dünyada müharibələr və iqtisadi böhranlar artıb.

Ekoloji böhran, nüvə silahları, durğunlaşan iqtisadiyyat kimi qlobal təhlükələr fatalist insanlar cəmiyyəti yaradıb. Bu səbəbdən də filosofa görə, pandemiyadan sonra insanlar ictimai və siyasi olaraq yenilənmə üçün neoliberal doktrinanı tərk edərək, yeni bir yol axtarmalı olacaq. Ən əsası, filosofun qənaətinə görə, karantin dövründə insanlar şəxsi həyata zaman ayıracaq və bunun faydalı, vacib olduğunu görəcəklər.

Ümumi olaraq bütün fikir adamları, analitiklərə görə, dünyanın iqtisadi, siyasi sistemində ciddi dəyişikliklər olacaq. Koronavirus sonrası dünyanın “superdövlət” anlayışı dəyişəcək, lider dövlət deyil, bir neçə güclü dövlətlərin olduğu dünya nizamı ortaya çıxacaq. Həmçinin, ABŞ-ın lider imicinin zəiflədiyi, Avropa İttifaqında çat yaranacağı, hətta ittifaqın dağılacağı kimi nəzəriyyələr ortaya atılıb.

Amma bütün bunlar hələlik yalnız fərziyyələrdir. Hərçənd, bu fərziyyələrin müəllifləri dünyaca məşhur, təcrübəli və bilikli mütəxəssislərdir. Bütün bunların nə qədər real olacağını isə zaman göstərəcək. Özü də o qədər də uzaq olmayan zaman.
//oxu.az//