Bir diktatorun sevdiyi, o birinin nifrət etdiyi diktor – “sovet dövlətinin səsi” olan Levitanın parlaq karyerası

Bir diktatorun sevdiyi, o birinin nifrət etdiyi diktor – “sovet dövlətinin səsi” olan Levitanın parlaq karyerası
Araşdırma
Oxunma sayı: 368
Radio 20-ci əsrdə hər bir evdə sevilən əşyalardan biri syılıb. Bu kiçik qutunun qiyməti və aylıq ödənişi hamı üçün əlçatan olub. Aylıq ödənişdən sonra məhdudiyyətsiz istifadə olunan radioda insanlar gün ərzində xəbərlərə, müsiqili və əyləncəli proqramlara, qəzetlərin xülasəsinə, uşaq verlişlərinə və s. qulaq asıblar. Səhər saat 6-da dövlət himni ilə başlanan verilişlər gecə saat 24-də dövlət himni ilə də yekunlaşıb. Sonralar televiziyanın inkişafı və internetin meydana gəlməsi radionun evlərdəki populyarlığını aşağı salıb. Amma bununla, radio erası bitməyib. Hazırda elə bir avtomobil sahibi tapılmaz ki, maşında radiodan istifadə etməsin.
7 may dünyanın elm və texnika tarixinə radionun yarandığı gün kimi daxil olub. 1895-ci ilin məhz bu günü rus fiziki Aleksandr Popov yeni kəşfini, icad etdiyi radionu dünyaya təqdim edib. Bu hadisənin üstündən 50 il keçdikdən sonra, 1945-ci ildə SSRİ-də 7 may tarixi Radio günü kimi rəsmiləşdirilib.

Radio deyəndə göz önünə ilk gələn onun diktorları və aparıcıları olur. Üzdən görünməsələr də, efirə çıxdıqları ilk saniyələrdən səsləri ilə tanınırlar. Beləliklə də televiziyadan fərqli olaraq, radioda çalışanlar səsləri ilə məşhurlaşırlar. 20-ci əsrin belə məşhurlarından biri də Yuri Levitan olub. Onu təkcə SSRİ-də deyil, bütün dünyada tanıyıblar. Təkcə sıravi insanlar yox, həm də dövlət başçıları. Əlbəttə, əgər bir diktoru əsrin ən qəddar diktatorlarından biri olan Adolf Hitler özünə düşmən sayıbsa, bunu etiraf edibsə, həmin şəxsin populyar olması şübhəsizdir.

Levitan kim olub? Diktator Hitler diktor Levitanı hansı səbəbdən özünə düşmən sayıb? Musavat.com əfsanəvi diktor Yuri Levitan haqqında ən maraqlı faktları təqdim edir.
1. Yuri Levitan 1914-cü ildə Rusiyanın Vladimir şəhərində dərzi ailəsində anadan olub.
2. Gələcəyin məşhur diktoru uşaqlıqda kinoulduz olmağı arzulayıb.
3. Böyüdüyü həyətdə Levitan səsi ilə fərqlənib. Qonşular öz uşaqlarını səsləmək üçün Levitandan səsgücləndirici kimi “istifadə” ediblər.
4. Məktəbi bitirdikdən sonra Levitan sənədlərini Moskvada Kino texnikumna verib. Nitqindəki qüsurlara, yəhudi ləhcəsinə, səliqəsizliyinə görə onu bu təhsil ocağına yararlı saymayıblar.
5. Levitan həmin ərəfədə Moskva küçələrində elan lövhələrində özünə iş axtarıb. Bu axtarış onun gələcək həyatını müəyyənləşdirib. Belə ki, Levitan radio diktorlarının müsabiqəsi ilə bağlı elana rast gəlib və həmin müsabiqədə iştirak edərək müvəffəqiyyət qazanıb.

6. Yuri Levitanın ilk iş yeri Radio Verlişləri Komitəsi olub. Təcrübəsiz əməkdaş kimi onu yalnız gecələr efirə buraxıblar, o, qəzetlərin xülasəsini oxuyub. Stalin onu məhz bu gecə xülasələrnə qulaq asarkən tanıyıb. Stalin elə həmin gecə Radio Verlişləri Komitəsinin sədrinə radioda qurultaydakı məruzəsinin oxumasını Levitana həvalə etməyi göstəriş verib. Həmin vaxt Levitanın 19 yaşı olub. Bununla da komitədə bəyənilməyən Levitan ölkənin bir nömrəli diktoruna çevrilib.
7. 1941-ci ildə müharibənin başlanması ilə bağlı xəbəri efir vasitəsi ilə ilk dəfə xarici işlər komissarı Molotov çatdırsa da, Stalinin göstərişi ilə ikinci dəfə bu xəbəri Levitan səsləndirib.
8. 1941-45-ci illərdə Levitan “Sovinformbüro”nun və Stalinin əmrlərini səsləndirib. Stalinin bu barədə xüsusi sərəncamı olub: “Müdafiə Komitəsinin məlumatlarının və əmrlərinin əhaliyə çatdırılması yalnız Yuri Levitana həvalə edilsin”.
9. Hitlerin cəzalandırmaq istədiyi insanların siyahısında Levitanın adı birinci yerdə olub. Onun səsi füreri hədsiz dərəcədə hiddətləndirib, “ilk növbədə Sovet İttifaqının səsini kəsmək lazımdır” deyən fürer, onu məhv edən şəxsə 250 min marka pul mükafatı vəd edib.

10. Sovet rəhbərliyi Levitanın təhlükəsizliyi üçün lazımi tədbirlər həyata keçirib. Levitanın xarici görünüşü ilə bağlı mətbuatda mütəmadi olaraq yanlış məlumatlar yayılıb. Ümumiyyətlə, həmin dövrdə yaxın çərçivəsindən başqa Levitanı heç kim üzdəm tanımayıb.
11. 1941-ci ildə Göbbelsin əmri ilə Radio komitəsinin həyətindəki bomba partlayışından sonra alman radiosu radio mərkəzinin dağıdılması və Levitanın məhv edilməsi ilə bağlı xəbər yayıb. Ancaq 20 dəqiqədən sonra Levitanın əzəmətli səsi efirdən yenidən eşidilib: “Sovet qoşunlarının şücaəti nəticəsində hər 7 saniyədən bir, bir alman əsgəri məhv edilir...” Bu hadisədən sonra yanlış xəbər yayan alman radiosunun rəhbərliyi Hitler tərəfindən ciddi cəzalandırılıb.
12. Yuri Levitan müharibə illərində “Sovinformbüro”nun iki mindən artıq məlumatını, Müdafiə Komitəsinin yüz iyirmidən artıq xəbərini oxuyub.

13. Marşal Rokossovski Levitanın səsindəki gücün bir diviziyanın gücünə bərabər olduğunu söyləyib.
14. Alman faşizmi üzərində qələbə ilə bağlı məlumatı oxumaq da Levitana qismət olub. Amma bu məsələdə o, problemlərlə üzləşib. Belə ki, məlumatı səsləndirmək üçün Qırmızı meydandan Kremlə gedən Levitan izdihamın arasından keçə bilməyib. Qələbə xəbərinə toplaşanlar ona “hara keçirsən, mane olma, indi Levitan danışacaq” deyə, diktora yol verməyiblər. Levitan izdihamın arxasından keçmək məcburiyyətində qalıb.
15. Müharibədən sonrakı illərdə Yuri Levitan hökumət və dövlət müraciətlərini oxuyub, Qırmızı meydandan, Kremlin Qurultaylar sarayından reportajlar aparıb, televiziya və radioda bir sıra verilişlərin aparıcısı olub.

16. Yuri Levitanla Yuri Qaqarinin sıx dostluq əlaqələri olub. Adaş olduqlarından Levitan adlarının qarşısına rəmzi olaraq rəqəmlər qoyub, Yuri 1 və Yuri 2. Qaqarin adların rəqəmləşdirilməsi ilə razılaşmayıb: “Bir hər ikimiz birinciyik...”
17. Yuri Levitan SSRİ-də ilk xalq artisti adını alan diktor olub. Ona qeyri-rəsmi olaraq “Kremlin dəmir səsi” titulunu veriblər.
18. Yuri Levitan 1983-cü ildə, 68 yaşında olarkən veteranlarla görüşə gedən zaman Belqorod şəhərinin ətrafında yolda ürəyindən kəskin ağrı tutub. Onu yaxınlıqdakı kənd xəstəxanasına çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
19. Əfsanəvi diktor Yuri Levitan Moskvada, Novodeviçye qəbistanlığında dəfn olunub.
Arzu edək ki, Azərbaycan radiosunda da qələbə xəbəri səslənsin və bu xəbəri səsləndirən diktor da Yuri Levitan kimi adını tarixə həkk etsin.