Alimpaşa Məmmədovun ortağı Famil Xəlilov HƏBS OLUNACAQ? - “Bu əməl mütəşəkkil dəstə tərəfindən törədilən cinayətdir”

Alimpaşa Məmmədovun ortağı Famil Xəlilov HƏBS OLUNACAQ? - “Bu əməl mütəşəkkil dəstə tərəfindən törədilən cinayətdir”
Cəmiyyət
Oxunma sayı: 8
Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət ortaqlarının dairəsi getdikcə genişlənir. Başçının oğlu Adil Adilzadə ilə yanaşı “Park Kolizey” MTK-nın rəhbəri Famil (Veyis) Xəlilov da yaxın zamanlarda həbs oluna bilər. Belə ki, sabiq başçı Şəmkir ərazisində olan, real bazar dəyəri ən xəsis dəyərləndirmələrə görə 3 milyon manatı aşan bir neçə obyekti “su qiymətinə” oğlunun adına keçirib. “Park Kolizey” MTK-nın rəhbəri Famil Xəlilov isə icra başçısını şirnikləndirməklə Şəmkirdə yerləşən hərbi hissələrdən birinin düz yaxınlığında çoxmərtəbəli bina tikintisini gerçəkləşdirib. Elə həmin binadan Alimpaşa Məmmədova az qala 1 mərtəbəni tutan mənzil hədiyyə olunub.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, baş verənlər korrupsiya cinayətidir və bu cinayətlərdə iştirak edən hər bir kəs istintaqa cəlb edilməli, qanun qarşısında cavab verməsi təmin olunmalıdır: “Azərbaycanda bir yazılmamış qayda var - başçı, 3-4 nəfər ətrafından tutulur və 3 il sonra adamlar heç nə baş verməmiş kimi azadlığa çıxıb xalqdan, dövlətdən oğurladıqları pullar, əmlaklar üzərində sərbəst şəkildə sərəncam verməkdə davam edirlər. Bunu görə digər başçılarda fikir formalaşır ki, məsələn, Alimpaşa Məmmədovu tutdular nə oldu ki? 3 il yatdı, lap uzağı 3 milyon xərclədi və çıxdı... Qanun isə tələb edir ki, cinayətdə iştirak edən bütün şəxslərin dairəsi müəyyən edilsin, hər bir şəxs törətdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb olunsun”.

Hüquqşünas deyir ki, iş adamları başçıya rüşvət veriblərsə, bu haqda o, həbs ediləndən sonra istintaqa könüllü şəkildə məlumat verməyiblərsə, onlar da rüşvət verməyə görə həbsə alınmalıdır: “Tutaq ki, Alimpaşa Məmmədov iş adamı Famil Xəlilovun rayonda tikinti işləri aparmasına mane olub. Bunun qarşılığında ondan pul tələb edib. Aralarında anlaşma olub və Famil Xəlilov başçıya pul, mükafat qismində əmlak və ya digər qiymətli əşya veribsə, bu artıq cinayət əməlidir. Başçı vəzifədə olduğu müddətdə Famil Xəlilov bu cinayət haqda ifadə verməyibsə, həbsindən sonra da bunu etmirsə, iş adamının əməli Cinayət Məcəlləsinin rüşvət vermə maddəsinin təsiri altına düşür.

Cinayət Məcəlləsinin 312-ci maddəsi rüşvət vermədir, yəni aktiv rüşvətxorluqdur.

Alimpaşa Məmmədova rüşvət verən şəxslər də mütləq şəkildə istintaqa cəlb olunmalıdırlar. Əgər istintaq zamanı müəyyən olunsa ki, Famil Xəlilov istintaq orqanına könüllü məlumat verib, bu halda cinayət məsuliyyətindən azaddır. Əks halda isə onu 8 ilə qədər cəza gözləyir".

Hüquqşünas Alimpaşa Məmmədovun oğlu Adil Adilzadənin də həbsi üçün kifayət qədər əsasların olduğunu açıqlayıb: “Adil Adilzadə həddi-buluğa çatmış şəxsdir. Dəyəri milyonlarla manatla ölçülən dövlət əmlakının adına keçirilməsinə razılıq veribsə, notariat hərəkətləri baş tutubsa, avtomatik olaraq həbsə alınmasına əsaslar var. Bu əməl mütəşəkkil dəstə tərəfindən törədilən cinayətdir və Adil Adilzadə atası ilə yanaşı qanun qarşısında cavab verməlidir”.

Xatırladaq ki, Alimpaşa Məmmədovun həbsinə səbəb rayondakı korrupsiya halları, aparılan qanunsuz tikililər, habelə şəhərin baş planına uyğun gəlməyən, tikinti normativlərini ciddi şəkildə pozan çoxmərtəbəli binalara verilən qanunsuz icazələrdir. Qanunsuz tikililər isə “Park Kolizey” MTK adlı tikinti şirkəti tərəfindən aparılıb. Alimpaşa Məmmədov rayonda tikinti monopoliyası yaradıb və qeyri-qanuni olaraq digər tikinti şirkətlərini rayona buraxmayıb. Belə ki, “20 Yanvar” abidəsinin ətrafında salınmış park sonradan hansısa yollarla çoxmərtəbəli yaşayış binasi üçün ayrılıb və artıq burada binanın tikintisi yekunlaşmaq üzrədir. MTK rəhbəri Famil Xəlilov bir neçə çoxotaqlı mənzili başçıya bağışlayıb. Binanın bir mərtəbəsinin mənzillərini birləşdirərək Alimpaşa Məmmədova, 4 otaqlı bir mənzili rayonun baş memarı İlqar Quliyevə və hazırda həbs olunan digər aidiyyəti şəxslərə rüşvət olaraq verib.

Bundan əlavə, Famil Xəlilov həmin parkın ərazisini almaq üçün Alimpaşa Məmmədova 1 milyon 300 min manat da pul veribmiş. Alimpaşa Məmmədov şirkət rəhbəri F.Xəlilova rayonun İsrafil Məmmədov və ya 4-cü küçə adlandırılan ərazisində tikinti aparmağa da şərait yaradıb. Belə ki, tikintisinə yalnız 6 mərtəbə olmaqla icazə verilən bina 9 mərtəbə olaraq tikilib. Maraqlıdır ki, binanın tikintisinə məhz 6 mərtəbəyə qədər icazə verilməsi həmin ərazidə hərbi hissənin yerləşməsi ilə bağlı olub. Binanın tikintisi hərbi obyektlərlə bağlı normativi pozduğundan yolverilməz olsa da hansısa yollarla 9 mərtəbəli bina tikilib.

Rəsmi açıqlamaya görə, Alimpaşa Məmmədov Şəmkir rayonu ərazisində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən ümumilikdə 382 min manat, rayon ərazisində sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan ümumilikdə 217 min manat vəsaiti tabeçiliyində olan şəxslər vasitəsilə rüşvət qismində istəyərək alıb.