Nazirlik pulla satdığı torpaqları zor gücü ilə geri alır - 99 illik etibarnamənin ETİBARSIZLIĞI

Nazirlik pulla satdığı torpaqları zor gücü ilə geri alır - 99 illik etibarnamənin ETİBARSIZLIĞI
Cəmiyyət
Oxunma sayı: 88
Bakı şəhəri, Ramana qəsəbəsi Şuşa şəhərciyi sakinlərinin Kənd Təsərrüfatı Nazirliyinə aid icarə əsasında aldıqları torpaqlar zor gücü ilə icarədarlardan alınır.

Bu barədə Yenicag.az-a “Şəfqət nuru” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri və “Nur” uşaq evinin rəhbəri Aynurə Xudiyeva məlumat verib.

Aynurə Xudiyevanın sözlərinə görə, sotu 1300 manatdan torpaqları vətəndaşlara icarəyə veriblər. İndi isə əraziyə çoxlu sayda polis tökərək, insanları həmin torpaqlardan çıxarmaq istəyirlər:

“Şuşa şəhərciyində 450 məcburi köçkün yaşayır. Şəhərciyə aid olan torpaqlardan başqa digər torpaqlar Kənd Təsərrüfatı nazirliyinin balansındadır. Kənd Təsərrüfatı Nazirliyinin balansında olan torpaqları icarə əsasında vətəndaşlara satıblar. Ordan torpaq alan vətəndaşlar ev tikib. Digər vətəndaşlar kimi, mən də ordan torpaq almışam. Torpağı almaq üçün 14 min manat pul vermişəm. Kənd Təsərrüfatı Nazirliyininn və qəsəbə icrasının nümayəndəsi gəlib ki, ərazidən çıxın. Bizdən çıxarış istəyirlər. O torpaqların çıxarışı yoxdur. Hamıya torpaqlar 99 illik etibarnamə ilə satılıb. Nə camaatın torpağını vermirlər, nə də pulunu.

Hazırda əraziyə çoxlu sayda polis əməkdaşı cəlb edirlər. Əgər nazirlik torpağını istəyirsə, pulumuzu versin, çıxaq. Deyirlər, pulu kimə vermisiniz, gedin ondan alın”.

Aynurə Xudiyeva qeyd edib ki, ərazidə digər torpaqlar alınıb, hasarlanıb, onları çıxarmırlar, yalnız bir neçə məcburi köçkün ailəsinin aldığı torpaqları onların əlindən almaq istəyirlər.

Mövzuya qayıdacağıq…