Sabiq məmur gəlininin müəmmalı ölümündən danışdı: “Ailədə bir-birinə hirslənə bilərlər, o da...” - ÖZƏL

Sabiq məmur gəlininin müəmmalı ölümündən danışdı: “Ailədə bir-birinə hirslənə bilərlər, o da...” - ÖZƏL
Cəmiyyət
Oxunma sayı: 254
Bakı şəhəri, Xətai rayonu ərazisində 1990-cı il təvəllüdlü Nəbizadə Turan Məmmədəli qızı yaşadığı binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar edib.
Bu barədə sosial şəbəkələrdə onun yaxınları məlumat verib. Bildirilir ki, 1990-cı il 26 may təvəllüdlü Nəbizadə Turan 22 avqust 2021-ci il tarixində intihar edib. Ata-anası Rusiya Federasiyasında yaşayan Turanın valideynləri cəsədi morqdan götürəndə, 10 illik ailədən heç kim morqa gəlməyib və dəfndə iştirak etməyib.
Turanın uzun müddət ailədaxili psixi zorakılığa məruz qaldığı deyilir. Qeyd də edək ki, Turan Nəbizadənin qayınatası alim, Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyevdir. O, uzun müddət yüksək vəzifələrdə çalışıb, hətta bir müddət Dövlət Əmək Müfəttişliyinin rəisi olub.
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Rauf Tağıyev bildirib ki, gəlininin psixoloji problemləri olub:
"Bu saat elə vəziyyətdəyəm ki, elə bədbəxt hadisənin təfərrüatını danışım, bir az da vəziyyətim pis olsun? O da, onun iki övladı da, mənim oğlum da virusa yoluxub. Gəlinim ruhi xəstə idi. Bu xəstəliyi bizə gəlməzdən əvvəl olub. Sənədləri Saratovdakı müvafiq tibb müəssisəsində yəqin ki, var. Bakıda da olanda tibb müəssisəsində müalicə alıb və çətinliklə onu müalicəyə aparmışıq. Həkimdən həmişə qaçaq olub. Bəxbəxt oldu yazıq. Oğlum yüksək hərarətlə, ağır şəkildə COVID-19-dan xəstəxanada yatır. Onun müalicəsi ilə məşğul olum. İki övladı başsız qalıb, nə ata, nə ana var yanlarında”.
R.Tağıyev gəlininin psixoloji zorakılığa məruz qalması barədə iddialara da münasibət bildirib:
“Psixoloji zorakılıq? Elə şey ola bilərmi? Ailədə bir-birinə hirslənə bilərlər, o da mütəmadi yox ki... 10 il bir yerdə yaşayıblar, psixoloji zorakılıq olsaydı, çoxdan ayrılmışdılar. Bu davam eləməzdi, iki uşaq olmazdı. Mən onların valideyninə həmişə deyirdim ki, gəlin, birlikdə müalicələri ilə məşğul olaq, onlar gəlmirdi. Hadisədən 2 gün öncə mən mesaj göndərmişdim, telefonumda yazısı da qalır. “Vəziyyəti ağırdır, təcili birinizin gəlməniz lazımdır” yazmışdım. Özlərinə də dedim ki, biriniz gəlsəydiniz, bu hadisə baş verməyəcəkdi".
Naibə
Cebhe.info