"Ermənistanda siyasi böhranın səbəbi: məğlubiyyət, fərarilik, miqrasiya" - DEPUTAT AÇIQLADI

"Ermənistanda siyasi böhranın səbəbi: məğlubiyyət, fərarilik, miqrasiya" - DEPUTAT AÇIQLADI
Cəmiyyət
Oxunma sayı: 125
“Ermənistanın siyasi rəhbərliyində gərginlik hər gün daha da artmaqdadır. Artıq avqust ayının 24 və 25-də Ermənistan parlamentində baş verən toqquşma dediklərimizi bir daha təsdiqləyir. Belə ki, parlamentdə müxalifətdə dayanan "Şərəfim var" blokunun üzvü Anna Mirtiçyan hakimiyyətdə olan “Vətəndaş müqaviləsi” fraksiyasının təmsilçisi ilə söz mübahisəsindən sonra baş nazir Nikol Paşinyanı təslimçi adlandırıb. Bundan sonra parlamentin sədri Alen Simonyan Anna Mirtiçyanı zalı tərk etməyə dəvət edib. Lakin o imtina etdikdə mühafizəni çağırıb və belə olan vəziyyətdə müxalifətçilər Anna Mirtiçyanı əhatəyə alıb onu mühafizəçilərdən qorumağa çalışıb. Hətta bəzi deputatlar “Nikol satqındır” deyə şüarlar səsləndiriblər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.
Onun sözlərinə görə, belə olan vəziyyətdə son nəticədə Anna Mirtiçyan parlamentin zalından güc vasitəsilə çıxarılıb və 20 dəqiqəlik fasilə verilib. Bundan sonra deputatlar zala qayıtsalar da, yenidən müxalifət və iqtidar deputatları arasında əlbəyaxa savaş başlanıb. Avqust ayının 25-də də Ermənistan parlamentində yenidən gərgin anlar yaşanıb və hətta Ermənistanın keçmiş mudafiə naziri, Xocalı soyqırımının əsas qatillərindən biri olan Seyran Ohanyan qarşı tərəfə su butulkaları atıb və özü də butulkaların hədəfi olub. Bu arada o da məlum olub ki, 2021-ci ilin yanvar-iyul ayı, yəni yeddi ay ərzində hava nəqliyyatı vasitəsilə Ermənistana 43 min 39 nəfər geri qayıtmayıb və ölkənin ən böyük hava limanı olan Zvartnoç hava limanından 515 min 849 nəfərlik uçuş həyata keçirilsə də onlardan qeyd olunduğu kimi 43 min 39 nəfəri geri qayıtmayıb, 7 ay ərzində ölkənin digər böyük hava limanı Şirakı da 42 min 141 nəfəri tərk edib və onlardan qayıdanların sayı 26 min 118 nəfər olub. 16 min nəfər faktiki olaraq Ermənistanı tərk etsə də geri qayıtmayıb. Beləliklə, təxminən 7 ay ərzində ölkəni 60 minə qədər insan birdəfəlik tərk ediblər, yəni geri qayıtmırlar. Hətta erməni ekspertləri özləri vurğulayırlar ki, əgər yerüstü hava nəqliyyatı açılarsa, belə olan vəziyyətdə, ölkəni tərk edən miqrantların sayı dəfələrlə artıq olacaq və bunun da əsas səbəbi ilk növbədə iqtisadi və siyasi böhranla bağlıdır və təbii ki, bu böhranı kəskinləşdirən əsas amil isə Ermənistanın İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyəti olub”.
Deputat sözlərinə belə davam edib: “Eyni zamanda bu günləri Ermənistanın baş naziri vurğulayıb ki, İkinci Qarabağ müharibəsində ölkədə hərbi qulluqçuların itkisinin sayı 3773 nəfərdir. Əvvəllər isə bu rəqəmin 3705 nəfər olduğunu vurğulayırdı. Eyni zamanda, diqqətdən yayınmayan bir cəhət də onunla bağlıdır ki, Ermənistan parlamenti həm də hökumətin 5 il üçün proqramını müzakirə edir və həmin proqramın ən mühüm maddələrindən biri də Ermənistan Silahlı Qüvvələrindəki islahatlar fonunda qadınların hərbi xidmətə dəvət edilməsi ilə bağlıdır. Bunu da elə əsaslandırırlar ki, qadınlar ölkə əhalisinin əksəriyyətini təşkil edir və bu resursdan istifadə edilməməsi Ermənistanın milli və iqtisadi maraqlarına ziddir. Əslində isə səbəb başqadır. Səbəb yuxarıda qeyd etdiklərimizdir”.
“Birincisi, Ermənistanın İkinci Qarabağ müharibəsindəki biyabırçı məğlubiyyəti, silahlı qüvvələrinin darmadağın edilməsi, 10 mindən çox fərarinin olması və ölkəni 7 ay ərzində 60 minə qədər insanın birdəfəlik tərk etməsi ilə bağlıdır. Deməli, resursları çatmayan Ermənistan dövləti artıq qadınları hərbi xidmət üçün orduya cəlb etməkdədir və bu ordu ilə də Azərbaycana qarşı revanşist bəyanatlarla çıxış edirlər. Sözün həqiqi mənasında hətta bu yanaşma heç bir tənqidə belə dözmür”.