Freedom House”dan absurd hesabat: Kremlin vassalı Ermənistan “azad ölkələr” qrupunda

Freedom House”dan absurd hesabat: Kremlin vassalı Ermənistan “azad ölkələr” qrupunda
Cəmiyyət
Oxunma sayı: 1 257
Mənzil-qərargahı ABŞ-da yerləşən “Freedom House” qeyri-hökumət beynəlxalq hüquq müdafiə təşkilatı yeni hesabatını dərc edib. Hesabata əsasən, Ermənistan azad ölkələr sırasındadır.
Bildirilir ki, Ermənistan 2021-ci ildəki 71 balını bu il 74 bala çatdırıb. Hesabat 2021-ci il iyunun 1-dən 2022-ci il mayın 31-dək olan dövrü əhatə edir.
Sənəddə həmçinin deyilir ki, Ermənistandakı yerli və beynəlxalq vətəndaş cəmiyyəti qrupları 2021-ci ilin iyulunda qəbul edilmiş Cinayət Məcəlləsindəki ağır təhqirlə bağlı maddəni pisləyib və Ermənistan hökumətini onun ləğvinə inandırıblar.
Azərbaycan hesabatda ənənəvi olaraq yenə “qeyri-azad ölkələr” siyahısına salınıb.
Maraqlıdır, görəsən, Rusiyanın vassalı və forpostu Ermənistan necə “azad ölkə” sayıla bilər? Ümumiyyətlə, bu təşkilat hər il ənənəvi siyahılar dərc edir. Əslində onu qrant mafiozu da adlandırmaq olar. Bu şəbəkə illərdir ölkələrə münasibətdə qərəzli mövqedən çıxış etməkdədir. Ermənistanı azad ölkələr siyahısında göstərib onu Almaniya, İngiltərə, digər Qərbi Avropa dövlətləri ilə bir cərgədə qoymaq biabırçılıqdan başqa bir şey deyil. Çünki Ermənistan hər cəhətdən Rusiyadan asılı dövlətdir.
Adını “Azadlıq Evi” kimi təqdim edən bir təşkilat hər il dünya ölkələrində vətəndaş azadlıqları və demokratiyanın mövcud səviyyəsini göstərən hesabatı ilə gündəmə gəlir. Təşkilatın illik hesabatlarına nəzər saldıqda aydın şəkildə sezilir ki, qurumun fəaliyyəti tamamilə qərəzli, qeyri-obyektiv məlumatlara əsaslanır.
Elman Nəsirov — Vikipediya
Elman Nəsirov: “Ermənistanı özlərinə tərəf çəkmək və Rusiya orbitindən qoparmaq istəyirlər”
Deputat Elman Nəsirov qeyd etdi ki, bu təşkilatı ABŞ maliyyələşdirir: “Pulu verən də ”mahnı"nı sifariş edir. Sadəcə, onlar həmişə bizə qarşı qərəzli olublar. Bu təşkilat hesabat hazırlayarkən eyni mərkəzdən məlumat toplayır. Onlar erməni mənbələrindən, antimilli ünsürlərdən, “sapı özümüzdən olan baltalar”dan informasiya əldə edirlər, amma Azərbaycan dövlətinin mövqeyini dinləmirlər. Plüralizmdən danışanlar bütün tərəflərin rəyini öyrənməlidir. Ancaq illərdir ki, anti-Azərbaycan dairələrdən məlumat alaraq qərəzli hesabat hazırlayırlar. Təəssüf ki, Xocalı soyqırımı törətmiş bir ölkəyə münasibətdə bu davranışı görməmişik. Bu gün də onu azad ölkə sayırlar".
E.Nəsirov hesab edir ki, əslində hədəf Ermənistanı Rusiyanın nəzarətindən tam çıxarmaqdır: “Sorosun fərasətli uşaqlarından olan Paşinyanı hakimiyyətə gətiriblərsə, onun rəhbərlik etdiyi ölkəni də təbii ki, azad ölkə hesab edəcəklər. Bununla Ermənistanı daha da özlərinə tərəf çəkmək və Rusiya orbitindən qoparmaq istəyirlər. Paşinyan manevr edərək özünü Rusiyaya yaxın göstərsə də, iki stulda otursa da, Moskvada bilirlər ki, o kimə yaxındır. Ona görə bu hesabat qərəzli, sifarişlidir”.
ALDP sədri Fuad Əliyev:“Ehtimal var ki, növbədənkənar parlament seçkiləri  keçirilsin” » Sözçü qəzeti
Fuad Əliyev
ALDP sədri Fuad Əliyevin sözlərinə görə, hesabatlar heç nəyi həll etmir: “Əlbəttə ki, bizdə demokratiyanın, azadlığın vəziyyətini ideal saymaq olmaz, amma Ermənistanı azad ölkə görmək tam rəzalətdir. Bu dövlətdə edilən cinayətlər, müharibə cinayətləri, o cümlədən Paşinyanın mətbuatın böyük bir hissəsini ələ alması, insan haqlarına hörmətsizlik göz qabağındadır. Bundan əlavə, işğalçı bir ölkəni, ordusu mövqelərimizi tez-tez atəşə tutan Ermənistanı azad görmək vicdan hissini itirməkdir. ”Freedom House" ləyaqətini çoxdan itirmiş təşkilatdır və siyasi bizneslə məşğuldur. Onlar belə hesabatlarla Ermənistanı şirnikləndirir, ABŞ-a yaxınlaşdırırlar. Bu sifariş birbaşa Vaşinqtondan gəlib. Nensi Pelosinin səfəri, konqresmenlərin çıxışları göstərir ki, ardıcıllıq var və indi də sözügedən təşkilat bu dəstək xəttini davam etdirir".
Partiya sədrinin fikrincə, bu təşkilat layihədir və obyektivliyi yox, maraqları üstün tutur: “Azərbaycanla bağlı hesabatlarda heç zaman ədalətli ola bilməyiblər. Çünki birtərəfli mövqeni öyrənirlər. Hətta siyasi partiyaların fikirlərini soruşmurlar. Onların əməkdaşlıq etdiyi adamlar var və hər zaman həmin fəallardan aldıqları informasiya əsasında hesabat hazırlanır. Bu da obyektivliyi pozur. Gəlib müxalif partiyaların da rəyini soruşsunlar, bəlkə biz daha düzgün məlumatlar verəcəyik, başqa problemləri dilə gətirəcəyik”.