İrəvanda üçtərəfli görüşlərin keçirilməsi regiona sülh gətirə bilər? - Deputatlardan AÇIQLAMA

İrəvanda üçtərəfli görüşlərin keçirilməsi regiona sülh gətirə bilər? - Deputatlardan AÇIQLAMA
Cəmiyyət
Oxunma sayı: 6 355
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Zahid Oruc Azərbaycan, Türkiyə və Ermənistan liderlərinin İrəvanda görüşünün keçirilməsini təklif edib.
O, qeyd edib ki, xaricdən siyasi hücumlara ən yaxşı cavab Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın İrəvanda Nikol Paşinyanla üçtərəfli sülh görüşüdür. Praqadan, yaxud Soçidən yaxın və təhlükəsiz şəhərlər Bakı, İrəvan və Ankaradır. Xalqlar əbədi müharibə və düşmənçilikdə yaşaya bilməz”.
Ednews sözügedən təkliflə bağlı Milli Məclisin deputatları Elman Nəsirov və Sahib Əliyevin fikirlərini öyrənib.
Yeni Azərbaycan Partiyasının üzvü Elman Nəsirov qeyd edib ki, üç dövlət arasında ilk növbədə görüş yerinin razılaşdırılması ilə bağlı yekdil qərar olmalıdır.
“Bakı, İrəvan və ya Ankarada görüşün keçirilməsi regionda dayanıqlı və davamlı sülhün formalaşmasında önəmli və əhəmiyyətli rol oynaya bilər. Bu görüşün baş tutması çox mətləbdən xəbər vermiş olacaq. Hər üç dövlətin paytaxtında liderlər səviyyəsində üçtərəfli görüşlərin keçirilməsi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına geniş və müsbət imkanlar yaradacaq. Bununla yanaşı, görüşlərdə Türkiyə-Ermənistan münasibətlərinin bərpası, hər iki dövlət arasında sərhədlərin açılması, o cümlədən regional əməkdaşlığın inkişafı ətrafında nəticə yönlü müzakirələr aparmaq olar. Bütövlükdə, görüşlərin bütöv region üzrə ümumi sülh və təhlükəsizlik konsepsiyasının hazırlanmasına təkan verəcək”.
Deputat Sahib Əliyev Zahid Orucun təklifini rasional yanaşma hesab edib.
“Biz açıq-aşkar görürük ki, regionda və ya regiondan kənar siyasi qüvvələr əvvəlki dövrlərdə olduğu kimi Ermənistandan geosiyasi alət kimi istifadə edirlər. Bu kimi halların davam etməsi Cənubi Qafqaz, əsas da Ermənistan üçün müsbət heç nə vəd etməyəcək. Əksinə regionda vəziyyəti daha da gərginləşdirir. Azərbaycanlılar və ermənilər eyni coğrafiyada yaşayırıq. Buna görə də bir-birimizə necə yanaşmağımızdan asılı olmayaraq, birlikdə rahat yaşamaq üçün normal əlaqələr qurmalıyıq. Normal əlaqələr heç də bir-birini sevmək və baş verən hadisələri unutmaq mənasına gəlmir. Bu baxımdan Bakı, İrəvan və ya Ankarada üçtərəfli görüşlərin keçirilməsinin mümkün olduğunu hesab edirəm. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyənin dövlət rəhbərləri altılıq formatı təklif etməklə sülhə hazır olduqlarını bildiriblər. Lakin Ermənistan sülhə hazırdırmı? Təəssüf ki, bu suala birmənalı cavab tapmaq çətindir. Çünki Ermənistan müstəqil dövlət deyil və bir çox siyasi güclərin vassalıdır. Yenə də bütövlükdə Zahid Orucun bu təklifi müsbət yanaşmadır. Hər üç dövlətdə görüşlərin keçirilməsi regionda daimi sülhün və əmin-amanlığın təmin olunması, o cümlədən Ermənistanın acınacaqlı şəraitdən xilas olması baxımından çox müsbət siyasət ola bilər”.