Azərbaycanda bu şəxslər taksi kimi işləyə bilməyəcək - RƏSMİ AÇIQLAMA

Azərbaycanda bu şəxslər taksi kimi işləyə bilməyəcək - RƏSMİ AÇIQLAMA
Cəmiyyət
Oxunma sayı: 1 780
“Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Təlimlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Təlim-Tədris Mərkəzi ilə yanaşı, AYNA ilə əməkdaşlıq çərçivəsində regionlarda yerləşən ali təhsil müəssisələrində - Gəncə şəhərindəki Azərbaycan Texnologiya Universiteti, Sumqayıt və Mingəçevir Dövlət universitetlərində keçirilir".
Bu sözləri BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib. 
Onun sözlərinə görə, hazırda Yevlax və Şəki şəhərlərində də taksi sürücülərinin müraciətləri qəbul olunur. Artıq regionlarda 600-dək sürücü təlimləri müvəffəqiyyətlə bitirərək şəhadətnamə əldə edib:
"Bu günədək təlimlərdə iştirak etmək üçün ümumilikdə 16 mindən çox sürücü müraciət edib. Onlardan 13 mindən çoxu təlimləri bitirib. Təlimlər tədris kabinetlərində və təlim meydançasında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim heyəti və təlim ustaları cəlb olunmaqla keçirilir.
İştirakçılara sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar, taksi minik avtomobilləri ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları aşılanır. Tədris proqramına taksi fəaliyyətində tətbiq edilən müasir texnologiyalar və proqram təminatlarından istifadə, sürücünün iş və istirahət rejimi normalarına riayət olunması, sərnişindaşımada hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ilk tibbi yardımın göstərilməsi kimi mövzular daxil edilib. Proqramın yekununda imtahan təşkil edilir".
Tural Orucov həmçinin deyib ki, təlimlərdə iştirak etmək istəyən taksi sürücüləri Bakı şəhəri, Ziya Bünyadov prospekti, 39C ünvanında yerləşən Təlim-Tədris Mərkəzinə müraciət edə bilərlər:
"Taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartı da alınmalıdır. Xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək və onların taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq.
Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq icazə veriləcək".