Azərbaycan Ağırlıqqaldırma Federasiyası beynəlxalq yarışlarda yaxşı nəticələrə ümid edir

Azərbaycan Ağırlıqqaldırma Federasiyası beynəlxalq yarışlarda yaxşı nəticələrə ümid edir
Cəmiyyət
Oxunma sayı: 7 276
Azərbaycan Ağırlıqqaldırma Federasiyası Bolqarıstandakı Avropa çempionatı və Tailanddakı Dünya Kubokunda yaxşı nəticələrə ümid edir.
"Report" xəbər verir ki, bunu qurumun vitse-prezident Firdovsi Umudov jurnalistlərə açıqlamasında deyib.
O, Bakıda yeni istifadəyə verilmiş bazada Özbəkistan yığmasının təlim-məşq toplanışı keçdiyini xatırladıb: "Milli komandalarımız hazırda Türkiyədə məşqlərini davam etdirirlər. Qadınlardan ibarət yığma Ankarada, kişilər isə Çorum şəhərindədirlər. Məqsəd gələcəkdə idmançılarımızın təcrübələrinin artırılmasıdır".
Federasiya rəsmisi ağırlıqqaldıranların şəraitini yaxşılaşdırmaq istədiklərini söyləyib: "Beynəlxalq arenada sözümüzü demək istəyirik.
Dövlətimiz idmana diqqət və qayğı göstərir. Yeni bazanın istifadəyə verilməsi də bunun bariz nümunəsidir. Özbəkistan dünyada ağırlıqqaldırmada tanınmış komandadır.
Belə məşq prosesləri ənənə halını alacaq. Hədəf və məqsəd kütləviliyi artırmaq, yeniyetmə və gənclərin məşq proseslərini düzgün şəkildə davam etdirməkdir. Bildiyiniz kimi, yeni məşqçilər korpusu artıq təsdiq olunub. Onların da qarşısına yarışlarla bağlı məqsəd qoyulub".