Türkiyədə gənc qadın “cinçıxarma” zamanı öldürülüb

Türkiyədə gənc qadın “cinçıxarma” zamanı öldürülüb
Dünya
Oxunma sayı: 16
Türkiyədə "cin çıxarma” seansı gənc qadının dünyasını dəyişməsi ilə nəticələnib.
Türkiyə mediası xəbər verir ki, hadisə ötən ilin mart ayında baş verib.

Ankara şəhərində psixoloji problemləri olan 30 yaşlı Özge Nur Tekinə molla olduğunu iddia edən Erdal Kaya adlı bir şəxsin məsləhəti əsasında "cin çıxarma” seansı tətbiq edilib.

Qadının həyat yoldaşı Selçuk Tekin Erdal Kaya ilə telefonda söhbət aparıb. Bu zaman "molla” Tekinə "qadının içinə cin girib, dediklərimi etsəniz, yoldaşını xilas edərəm” deyib. "Molla” Selçuk Tekinə qadının belinə oxlov ilə 100 dəfə vurmasını, daha sonra isə hicama (küpə üsulu ilə müalicə - red.) etmək lazım gəldiyini bildirib. Bunun ardınca bir qurban kəsmək lazım gəldiyini deyib.

"Molla”nın dediklərini edən S.Tekin daha sonra həyat yoldaşı və ailəsi ilə qurban kəsməyə yollanıb. Lakin burada qadının halı pisləşib və huşunu itirib. O anda ailə "molla”ya zəng edib və o, "İkinci qurbanı kəssəniz, qadın özünə gələcək” deyib.

"İkinci qurbanı da kəsdik, lakin həyat yoldaşım özünə gəlmədi. Xəstəxanaya getdiyimizdə öldüyünü dedilər”, - deyə Selçuk Tekin bildirib.

İstintaqı tamamlayan prokurorluq Selçuk Tekine qarşı "həyat yoldaşına qəsdən xəsarət yetirilməsi nəticəsində ölümə səbəb olmaq” maddəsi ilə iddia qaldırıb. Bununla yanaşı, qadının valideynləri, Selçuk Tekinin anası, hicamanı həyata keçirən qadın və "molla” Erdal Kaya barəsində "cinayətdə iştirak etməkdən” 18 ilə qədər həbs istənilir.

Hadisədən sonra saxlanılan Erdal Kaya qaynaqçı olaraq işlədiyini, dinlə bağlı məlumatı olduğundan insanlara tövsiyyə verdiyini bildirib. O qeyd edib ki, Tekin ailəsinə dua və tövbə etmələrini, nəzirlərini vermələrini deyib, qadını oxlovla vurmalarını, hicama etdirmələrini isə deməyib.