Fərəc Kərimli Ukraynada döyüş təcrübəsini bölüşür - Foto

Fərəc Kərimli Ukraynada döyüş təcrübəsini bölüşür - Foto
Dünya
Oxunma sayı: 0
“Ukraynadan dostların dəvəti ilə həm vəziyyətlə yerində tanış olmaq üçün, həm Müsavat Partiyası adından, Azərbaycanda Ukraynaya dəstək verən hər kəsin dəstəyini ifadə etmək, həm də təcrübə mübadiləsi üçün Ukraynaya gəldim. Artıq bir aydan çoxdur Vətəndən ayrıyam”.
Bunu Müsavat partiyasının sədr müavini Fərəc Kərimli sosial şəbəkə hesabında yazıb.
“Döyüşlərə qatılmasam da, Ukrayna Silahlı Qüvvələrinin tərkibində olan, qardaş Krım Tatarlarının yaratdığı Numan Çelebicihan adına Milli Qvardiyaya döyüş hazırlığında əlimdən gəldiyi qədər yardımçı oldum. Bundan sonra da Ukraynanın, qardaş Krım Tatarların hər zaman yanında olacağıq”, - F. Kərimli bildirib.
O, paylaşımında Ukrayna Ali Radasının deputatı Mustafa Cəmilovla görüşündən də söz açıb:
“12 mayda dünyaca məşhur mübarizə adamı, Krım Tatarlarının hüquqları uğrunda mübarizə apardığı üçün uzun illər sovet hakimiyyəti dövründə həbslər və sürgün həyatı yaşamış, Ukrayna Ali Radasının deputatı Mustafa Cəmilovla görüşdük. Mustafa bəy bizim üçün canlı əfsanədir və örnək alınacaq şəxsiyyətdir, onunla görüşmək şərəfdir. Görüşdə keçmiş DQ komandanı Fəhmin Hacıyev və Müsavat Məclisinin üzvü, hərbi jurnalist Ayxan Hacıbəyli də iştirak etdi”.
F. Kərimli Ukraynadakı müharibənin gedişatından da bəhs edib:
“Müharibənin gedişatına gəldikdə isə, ürəyiniz rahat olsun, Ukrayna xalqı aslanlar kimi öz vətənləri uğrunda, hətta deyərdim bütün dünyanın xoşbəxt gələcəyi uğrunda döyüşür. Beynəlxalq birliyin davamlı dəstəyi ilə də hər gün daha da güclənir. Qələbə Ukraynanındır. Krım başda olmaqla Ukraynanın bütün işğal olunmuş torpaqlarının azad olacağına inanıram”.
Qeyd edək ki, Fərəc Kərimli İkinci Qarabağ müharibəsində iştirakına görə “Vətən uğrunda” medalı ilə təltif olunub.