Rusiyanın Aİ-nin ümumi ticarətindəki payı azalır

Rusiyanın Aİ-nin ümumi ticarətindəki payı azalır
Dünya
Oxunma sayı: 16 904
Rusiyanın Avropa İttifaqının (Aİ) ümumi ticarətindəki payı ikinci rübdə 2 faizdən aşağı düşüb.
Avropa Statistika İdarəsi (Eurostat) ikinci rübdə Aİ ilə Rusiya arasında ticarətə dair məlumat yayıb.
2022-ci ilin fevralında Rusiyanın Aİ-nin ümumi idxalında payı 9,6 faiz olduğu halda, 2023-cü ilin iyununda bu nisbət 1,7 faizə düşüb. Bu dövrdə Rusiyanın Aİ ixracatındakı payı 3,8 faizdən 1,4 faizə enib. İkinci rübdə Rusiyanın Aİ-nin ümumi ticarətindəki payı 2 faizdən aşağı düşüb.
İttifaq ilə Rusiya arasında ticarət kəsiri bu ilin iyun ayına kimi 400 milyon avroya qədər azalıb. Bundan başqa, Aİ-nin Rusiyaya ixracı 2022-ci ilin martında 3,4 milyard avro olduğu halda, 2023-cü ilin iyununda 2,9 milyard avro təşkil edib.
Müharibədən əvvəlki 2021-ci ilin ikinci rübündə Aİ təbii qazın 38,5 faizini, neftin 29,2 faizini və kömürün 45 faizini Rusiyadan təmin edirdi. Bu ilin ikinci rübündə Aİ-nin Rusiyadan təbii qaz idxalının payı 12,9 faizə, neft idxalının payı 2,3 faizə, kömür idxalının payı isə sıfra enib.
Qeyd edək ki, Aİ Ukraynadakı müharibəyə görə indiyədək Rusiyaya qarşı 11 sanksiya paketi tətbiq edib. Bu çərçivədə Rusiyaya ticarət, maliyyə, enerji, o cümlədən neft və kömür, sənaye, texnologiya, nəqliyyat, qızılla bağlı geniş məhdudiyyətlər tətbiq olunub. Mindən çox insanın və 250-yə yaxın qurumun əmlakı dondurulub.