Ağcabədinin icra başçısı Rafil Hüseynov bağçada işləyən qadınları testdən keçirib- Nəticədə 200-ə yaxın qadın işini itirib...

Ağcabədinin icra başçısı Rafil Hüseynov bağçada işləyən qadınları testdən keçirib- Nəticədə 200-ə yaxın qadın işini itirib...
Manşet
Oxunma sayı: 104
İcra başçısı indi də məktəbdə çalışan qadınları testdən keçirməyə hazırlaşır...

Cənab başçı öz oğlu Şəhriyarı da tesdən keçirsin...


Yandı Masallının çırağı, söndü Ağcabədinin çırağı...



Xatırlatma üçün  bildirək ki, ötən sayımızda “Ağcabədinin icra başçısı uşaq bağçasında işləyən qadınlar  arasında “test” imtahanı keçirir”  başlıqlı şikayət yazısı dərc  etmişdik. 
Yazı  Ağcabədi  sakini Günel Yusif qızı Mehdiyevanın Gundelik-Bakıya səsli müraciəti əsasında hazırlanmışdı. 
Səsli müraciətdə Günel  Mehdiyeva bildirirdi ki, o, Ağcabədi  rayonunun  Hacıbədəlli kəndində yaşayır, atası Qarabağ müharibəsində şəhid olub: 
“15 ildir  Səməd Vuğun adına uşaq bağçasında işləyirəm. 
Həyat yoldaşım  Novruzov  Qabil   Əfqanıstan  müharibəsi  veteranıdır. 
Həyat yoldaşıma Rusiya məhkəməsinin qərarı ilə 10 il həbs cəzası verilib. 
Həyat yoldaşım artıq  həbs cəzasının  5 ilini Rusiyada çəkib. 
Bir sözlə, ailə başçısı olmayan başsız qadınam”. 
Şikayətçi  sonra bildirirdi ki,  15 ildir uşaq bağçasında işləyirəm, hazırda 208 manat maaş alıram və maaşımın 150 manatını kredit verirəm: 
“Anamın köməkliyi ilə birtəhər yaşayıram. 
Rafil  Hüseynov Ağcabədiyə icra başçısı gələnədək öz həyatımızı  birtəhər yaşayırdıq. 
Rafil Hüseynov 2019-cu ildə Ağcabədiyə icra başçısı təyin olunandan sonra  bizim  qara günlərimiz başladı. 
Belə ki, icra başçısı Rafil  Hüseynov bizi icra hakimiyyətinə dəvət edərək  sorğu-sual edir, elə suallar verir ki, heç bizim sahəyə dəxli yoxdur. 
Sorğu-sualdan sonra  bizim qarşımızda şərt  qopyulur: Ərizənizlə işdən çıxmalısınız”. 
Günel  Mehdiyeva  haqlı olraq soruşur ki, axı biz niyə işdən çıxmalıyıq, hansı səbəbə görə, işimizi itirməliyik, işdən çıxsam, mən nə ilə dolanmalı, hansı pulla yaşamalıyam ? 
Günel Mehdiyevanın müraciətindən bəlli olur ki, başçı göstəriş verib ki, könüllü ərizə yazmayanların maaşlarını kəsin, qoy məcbur olub işdən çıxmaqla bağlı ərizə yazsınlar. 
Ağcabədidə  Günel Mehdiyeva kimi hüququ tapdalanan  qadınlar  az deyil. 
Məsələn, ərizə yazmağa məcbur edilən qadınlardan biri də bağçada çalışan  Abbasova Fəridə Sumbat qızıdır. 
Ən dəhşətlisi odur ki, işdən çıxmaqla bağlı təzyiqlərə məruz qalan  qadınlardan biri deyib ki, özümü yandırıb öldürəcəm...
Müraciətdə o da qeyd edilir ki, işdən çıxmaqla bağlı ərizə yazmaq tələb olunan qadınlardan biri də Səfərin qohumudur. Ancaq sonra ona dəyməyiblər. Söhbət RİH-nin Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar  Səfər  Səfərovdan gedir. Səsli müraciətin  sonunda Günel Mehdiyeva bildirir ki, İcra hakimiyyətində işləyən Sevinc xanım bizə deyir ki, icra başçısı  sizi  yanına çağırır, görmək istəyir...icra başçısı deyib ki, əgər ərizə yazmasalar özüm bilirəm onlara nə edəcəm…İcra başçısının tapşırığını  qadınlara çatdıran şəxsin  RİH-də İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləyən Sevinc Niftalıyeva olduğu aydın olur. Müraciətin axırında Günel Mehdiyeva deyir ki, biz ehtiyat edirik, görəsən, icra başçısı bizə nə edəcək ? 
Biz  ötən sayımızda  bu səsli müraciəti dərc edəndə redaksiyanın adından cənab icra başçısı  Rafil Hüseynova xəbərdarlıq  etdik ki,  biz  imkan verməyəcəyik ki, kimlərsə əllərində olan səlahiyyət resurslarından istifadə edib cənab Prezidentimizin gördüyü  tarixi işlərə kölgə salmağa çalışsınlar. 
Yazı dərc olunandan sonra düşünürdük ki, Rafil  Hüseynov qanunsuz əməllərini dayandırar və müvafiq orqanlar bu barədə heç olmasa düşünər. 
Təəssüf olsun ki, biz düşünən kimi olmadı. 
Bu gün aldığımız məlumata görə, Ağcabədidə 200-ə yaxın bağça işçisi icra başçısının testindən keçə bilmədiyi üçün işlərindən azad olunublar. 
İndi isə növbə Ağcabədidəki qadın müəllimlərə çatıb. İcra başçısı Rafil Hüseynov deyib ki, bağçadan sonra məktəblərədə  çalışan müəllimələri testdən keçirəcəm. 
Görəsən, Rafil Hüseyova başa salan tapılacaqmı ki, sənin özünü  testdən keçirmək lazımdır. Əgər sən testdən keçirməyi bacarırsansa ( buna ciddi şübhəmiz var ) öz ailə üzvlərini, ilk növbədə oğlun Şəhriyarı testdən keçir. 
Gundelik-Bakı olaraq  müvafiq dövlət qurumlarına müraciət edirik ki, məsələnin ciddiliyini nəzərə alaraq problemi nəzarətə götürün.
 
Redaksiyadan: Məsələnin aktuallığını nəzərə alaraq işini qanunsuz olaraq  itirən bağça işçiləri ilə mütəmadi telefon əlaqəsi saxlayırıq.
Məqalə dərc olunmağa hazır ikən aldığımız son  məlumata görə, Ağcabədi RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı  Ceyhun Mamedov şikayətçi Günel Mehdiyevanı qəbul edib. Ceyhun  Mamedov ona irad bildirib ki, sənin atan şəhid deyil. 
Birincisi, söhbət icra başçısı Rafil Hüseynovun qanunsuz olaraq rayon məktəbləri və uşaq bağçalarında atestasiya keçirməklə bağlı verdiyi  sərəncamdan gedir. Rafil Hüseynov kimdir ki, atestasiya keçirə, imtahan götürə. 
İkincisi, qanunsuz işdən çıxarılan Günelin şəhid qızı, yaxud məmur qızı olmasının hüquqi mənası yoxdur. 
Günel Mehdiyeva da Ceyhun Mamedovun yersiz iradına cavab olaraq  bildirib ki, bütün şəhidlər və qazilər qardaşlarımız və atalarımızdır. Mən öz hüququmu tələb edirəm. 
Günel Mehdiyevanın “SƏN  Dövlət İmtahan komissiyasının üzvüsən ki, məni sorğu-sual edirsən” sualına Ceyhun Mamedovun  ikinci iradı o olub ki, mənimlə danışanda SİZ deyə müraciət edin. 
Bu iki yersiz və gülünc irad onu göstərir ki, Rafil Hüseynovun əməkdaşları da “ağa”ları ağıldadır.  
Sadəcə, məlumat üçün bildirək ki, Ceyhun Mamedovun anası rayondakı mağazada satıcı işləyir. 
Son dəqiqələrdə aldığımız digər məlumata görə, işdən azad olunanlar arasında Ağcabədi rayonu, Hüsülü kənd sakini olan uşaq bağçası müdirəsi Əliyeva  Gövhər Dərgah qızı da var. 
Gövhər Əliyeva Əmək Məcəlləsinin  70 C maddəsi ilə işdən azad edilib. 
Gövhər Əliyeva müxbirimiz ilə söhbətində bildirdi ki, atam veteran olub, anam qəhrəman ana, ərimin qəbri isə Ağdam ərazisindədir: “Hazırda iki nəvəmə mən baxıram, Ordumuz üçün iki əsgər böyüdürəm. Rafil Hüseynov məni 3 dəfə  xəbərim olmadan qanunsuz olaraq işdən azad edib”. 
Ümumiyyətlə, qadınların  icra hakimiyyətinə dəvət olunması, sorğu-sual edilməsi, şübhəli təkliflər, işdən çıxarılan gənc qadının anasının qızı barəsində “Onun üçün öz ailəsi daha dəyərlidir...” deməsi və digər ilginc məlumatlar  Rafil Hüseynovun “atestasiya” əməliyyatının arxasında daha çirkin işlərin dayandığını deməyə əsas verir. 
Rafil  Hüseynovun  “atestasiyasından”  əziyyət çəkənlərdən biri də “partşkola”  dostunun gəlinidir. 
Deməli, rayona ilk dəfə gələn icra başçısı Rafil Hüseynov  “partşkola”da bir yerdə oxuduğu dostunun evində gecə qonaq olur və səhər onun gəlinini bağçada işə götürür. İndi işdən azad olunanlar arasında dostunun gəlini də var.   
Ümumiyyətlə, bizimlə əlaqə saxlayan Ağcabədi sakinləri deyir ki, RİH-nin qabağında  30-dan artıq mülki şəxs  vətəndaşların icra hakimiyyətinə, vəzifəli şəxslərin qəbuluna düşməsinə imkan vermirlər. 
Artıq  camaatın canı boğazına yığılıb. Deyirlər ki, niyə biz işimizi itirməliyik, qoy 69 yaşlı Rafil Hüseynov  vəzifəsindən getsin. 
Rafil Hüseynov  Masallının icra başçısı vəzifəsindən azad olunub, Ağcabədiyə icra başçısı gələndə, Masallı camaatı toy-bayram edərək, deyib ki, “Yandı Masallının çırağı, söndü Ağcabədinin çırağı”. 
Bu cümlə onu  göstərir ki, Rafil Hüseynov həqiqətən də ağcabədililərin çırağını söndürməyə gəlib. 
Bizi izləyin.
P.S Bu məsələ ilə bağlı Ağcabədi sakinlərinin hansı təklifi olsa 0502011260 nömrəsinə zəng edə bilərlər. /Gundelik-baku.com/