Peşəkar arıçılar Prezidentdən kömək istəyir…- Yevlax Malbinəsi kəndinin icra nümayəndəsi və bələdiyyə sədri arıçılığın inkişafına mane olur…

Peşəkar arıçılar Prezidentdən kömək istəyir…- Yevlax Malbinəsi kəndinin icra nümayəndəsi və bələdiyyə sədri arıçılığın inkişafına mane olur…
Manşet
Oxunma sayı: 86
Kəndin 40 hektar torpağını satan bələdiyyə sədri və icra nümayəndəsi niyə arıçılara torpaq vermir ? 

Sakinlərin Prezidentə məktubları niyə Yevlax poçtunda it-bata  düşür ? 


Məlumdur ki, cənab Prezident İlham Əliyev son illər ölkəmizdə ənənəvi təsərrüfat sahələri olan pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın inkişaf etdirilməsinə xüsusi diqqət ayırıb. 
Belə ənənəvi sahələrdən biri də arıçılıqdır. 
Gundelik-Bakıya müraciət edən Yevlax rayonu, Malbinəsi kəndinin 34 yaşlı  sakini Mahmudov Sərvər  Mahir oğlu Prezidentin tapşırıqlarını yerinə yetirməyən yerli icra və bələdiyyə orqanlarından şikayətçidir. 
Peşəkar arıçının şikayətini olduğu kimi dərc  edirik:
Mən arıçıyam,  PULS-R şirkəti tərəfindən icra edilən “Şirin Qızıl”  lahiyəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin dəstəyi  ilə 2019-cu ildə təşkil edilən "Arıçılıq Akademiyası" təlimlərində iştirak etmişəm və arıçılıq üzrə SERTİFİKAT-larla təltif olunmuşam.
Ana arı yetişdirmək və bölgələrdə  cins ana arılarının sayının artırılması və yayılması, arıçılığın inkişafı üçün bacardığım qədər kömək  göstərir  və gənc nəsli bu yöndə istiqamətləndirirəm.
PULUS-R şirkəti tərəfindən mənə yaxşı arıçı olduğum üçün Azərbaycanda az sayda olan və “Qırmızı kitab”a salınmış ağac növləri  (  Evodiya, Amerikan ağcaqayını, Paviloniya, Akasiya növləri, İlğın, İydə  və s kimi nektar verimli ağaclar) verilib. 
Bu ağacların əkilməsi üçün torpaq sahəsi lazım olduğunu kənd icra nümayəndəsinə və  bələdiyyə sədrinə və digər qurumlara  dəfələrlə  desəm də nəticəsi olmayıb. 
Bizim məqsədimiz  arıcılığın inkişafı, təbiəti gözəlləşdirmək, gənc nəsli zərərli təsirlərdən qorumaqdır. Bunun üçün bizə Yevlax rayonunun Malbinəsi kəndində 3 hektar torpaq sahəsi lazımdır. Təəssüf ki, kənd icra nümayəndəsi və bələdiyyə  sədri bizə kömək etmir. Amma…
Malbinəsi bələdiyyə  torpaqlarının çoxu kənd icra nümayəndəsi  Muxdarov Qalib Vahid oğlu və bələdiyyə sədri  tərəfindən  işğal edilib,  40 hektara yaxın bələdiyyə torpaqları  müxtəlif vətandaşlara satılıb. 
Bu şəxslər imkan vermir ki, Prezidentimizin tapşırığı ilə arıçılığı inkişaf etdirək  və geniş bir meşə zolağı salaq. Ən pisi də odur ki, Prezidenə göndərdiyimiz  müraciətlər Yevlax rayon  poçtunda it-bata düşür, yəni məktublar ünvana yetişmir”. 
Müraciəti Sərvər Mahmudovdan başqa, xeyli sayda Malbinəsi kənd sakinləri də imzalayıb:          
Seyidov Vaqif Barat oğlu,
Əliyev Nağı Şakir oğlu,                                                                                            
Əmirahov Fərzamil Bərxudar oğlu və başqaları. 
Peşəkar arıçı olan  şikayətçi müraciətinin sonunda yuxarıda adını çəkdiyimiz ağacların nektar verimi ilə bağlı fikirlərini qeyd edərək ölkə başçısından kömək istəyir. /Gundelik-baku.com/