Ağcabədi sakinləri tarlasını suvarmağa su tapmır..? - “Nə bələdiyyəmiz var, nə də icra nümayəndəmiz..”

Ağcabədi sakinləri tarlasını suvarmağa su tapmır..? - “Nə bələdiyyəmiz var, nə də icra nümayəndəmiz..”
Manşet
Oxunma sayı: 1 477
İcra başçısı Rafil Hüseynov sakinləri qəbul etmir…

“Azərsumeliorasiya”   ASC hara baxır..? 


Cənab Prezident İlham Əliyev neçə il öncə Azərbaycanın postneft  dövrünə hazır olmasını, daha dəqiq desək, qeyri-neft sektorunun inkişaf etdirilməsini əsas xətt olaraq elan etdi. 
Əlbəttə, neft, qaz təbii  sərvətdir, ancaq bu da sonsuz deyil,  bir zaman tükənəcək.
Ona görə də  bir cəmiyyət və dövlət olaraq buna hazır olmalıyıq. 
Heç kimə  sir deyil ki, bu gün Azərbaycan dövlətinin ixracatının 80 faizi  neft və qazdır. 
Bunun üçün də 20 ildir ki, Azərbaycan dövləti aqrar sahəyə milyardlar qoyub, sahibkarlara, iş adamlarına, fermerlərə  subsidiya verir, güzəştli avadanlıqlar, gübrə, toxum  verir ki, aqrar sahə inkişaf etsin. 
Yəni həm ucuzluq olsun, həm də aqrar məhsulları ixrac edək, ölkəyə valyuta gəlsin. 
Amma, görünən odur ki, bu subsidiyalar, aqrar kreditlər bəzi məmurlar tərəfindən mənimsənilir, daha doğrusu, oğurlanır. Və nəticədə  bu gün Azərbaycanda kartofun və soğanın qiyməti 2 manata çatıb. 
Kənd təssərrüfatı məhsulları günbəgün bahalaşır. 
Təsəvvür edirsiniz, lobyanın bazarda qiyməti  4 manatdır. 
Azərbaycanda  tarix  boyu belə qiymətlər olmayıb. 
Ona görə ki,  başda Kənd  Təsərrüfatı  Nazirliyi, Azərsumeliorasiya  və s dövlət qurumları olmaqla  dövlətin ayırdığı milyardaları  öz şəxsi bizneslərinə yönəldiblər. Və nəticədə Azərbaycan kəndlisi, fermeri  qalıb  çarəsiz  durumda. 
Qiymətlər isə bazarda ceyran belinə qalxıb. 
Heç kimə sirr  deyil ki, kəndlinin, fermerin əkib-becərməsi üçün ilk növbədə  SU lazımdır. 
Su deyən kimi ilk növbədə  yada  cənab Prezident İlham Əliyevin bir neçə ay öncə müşavirədə dedikləri düşür:
Bəli,  prezident İlham Əliyev ölkədə su təsərrüfatının vəziyyətinə həsr edilmiş və videokonfrans rejimində keçirilən müşavirə zamanı bu sahədə hökm sürən neqativ meyllər barədə sərt danışıb. Prezident ölkədə su itkisinin 40-50 faiz təşkil etməsini “dözülməz hal” adlandırıb, bu itkilərin kimlərinsə marağında olduğunu dilə gətirib.
Prezident onu da əlavə edib  ki, itkilərin əsas mənbəyi torpaq kanallardır, amma təkcə torpaq kanallar deyil. Digər mərhələlərdə də itkilərə yol verilir: “Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir. Bəzi hallarda heç itki olmur, amma suyun həcmi itkilərə silinir. Mənə verilən məlumata görə, burada da xoşagəlməz hallar kifayət qədər geniş vüsət alıb. Ona görə, birincisi, biz bu itkiləri azaltmalıyıq. Çünki 40-50 faiz itki dözülməz səviyyədədir. Mən yenə də deyirəm, əgər itkilər aradan qaldırılsa, bizim mövcud su mənbələrimiz və su resurslarımız kifayətdir”.
Gördünüzmü, Prezident deyir ki, itki adı ilə suyu silirlər…
Bəli, su buxarlanıb, nə bilim, torpağa hopub-filan…cəfəngiyyatdır. 40-50 faiz  su Azərmeliorasiya ASC-nin rəhbərliyinin, sədr müavinləri Zakir Quliyevin və Rafiq Aslanovun  cibinə gedib. Və nəticədə…
İndi baxacağınız  videodan görünür ki, Ağcabədi sakinləri  susuzluqdan haray salır, Prezidentdən kömək istəyir. 
Ağcabədidə sakinlər çıxılmaz durumdadırlar. Dəfələrlə aidiyyatı qurumlara, başda icra başçısı Rafil Hüseynov olmaqla, bütün rəhbər şəxslərə şikayət etdiklərini bildirən narazı ağcabədililər qeyd edirlər ki, bu gün onlar əkin sahələrini suvarmağa bir damcı su da tapmırlar.
Ağcabədi rayonunun İmamqulubəyli  kənd sakini  Kamil Kərimov 2-ci qrup əlildir, 5 nəfərlik  ailənin sahibidir. Kamil Kərimov  deyir ki, pensiya ilə ailəmi saxlaya bilmirəm, dövlət bu torpağı mənə verib ki, əkim-becərim və ailəmi saxlayım:
“Bu sahədə pambıq əkirəm, arpa əkirəm, yonca əkirəm. Amma su olmadığı üçün hamısı tələf olur. İcra başçısı Rafil Hüseynova deyirik, bizi  saymır. Bələdiyyəni, icra nümayəndəsini yerində tapa bilmirik”. 
Digər rayon sakini  Nadir Qasımov deyir ki, hər il 3 ton pambıq  təhvil verirəm: 
“Bu il əkdiyim pambığın çiyidləri susuzluqdan məhv olub. Rayonda bu qədər artezian quyusu var. 14 arteziandan  10-nu  çoxdan dayanıb. Kabellərini kəsib aparıblar. Bizim kəndimiz sanki yiyəsiz  qalıb. Nə bələdiyyəmiz var, nə də icra nümayəndəmiz. Dərdimizi kimə deyək..? 
Ağcabədi sakinləri sonda cənab Prezident İlham Əliyevdən kömək istəyirlər. 
Yazı çapa hazırlanarkən, Ağcabədi rayonu Mehrablı kənd bələdiyyəsinin sədri Mamedov Sahib İslam oğlu ilə rayon polis şöbəsinin rəisi Ənvər müəllimə arxalanaraq, hansı özbaşınalıqlara imza atdığı haqda yazı dərc edəcəyik. Bizi izləyin.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. /Gundelik-baku.com/