Zəmanəmizin görkəmli Dövlət və Siyasi Xadimi İlham Əliyevin doğum günüdür...

Zəmanəmizin görkəmli Dövlət və Siyasi Xadimi İlham Əliyevin doğum günüdür...
Manşet / Cəmiyyət
Oxunma sayı: 15 721
Azərbaycan min illərlə tarixi və dövlətçilik ənənələri olan bir ölkədir. Bəlkə də çoxlarına qəribə gələ bilər, amma unutmayaq ki, dünyada 5000-dən artıq xalq, etnos qrup var, amma dövlətlərin sayı 200-dən artıq deyil. Yəni biz dünyada az sayda müstəqil dövləti olan millətlərin biriyik. Bunu dəyərləndirmək və qorumaq lazımdır. 
Bizim tariximizdə Şah İsmayıl kimi dövlət adamı, sərkərdələr olub. Karl Marks onun haqqında demişdi: “Səfəvilər sülaləsinin yaradıcısı Şah İsmayıl Xətai Fateh olub. O, hakimiyyətdə olduğu 14 il ərzində 14 əyaləti fəth edib”. Bizim tariximizdə Heydər Əliyev kimi dahi siyasətçi olub və hər zaman Dövlət Siyasətində öz sözünü deyən rəhbərlərdən biri olub. 
Unutmayaq ki, Heydər Əliyevin sayəsində hələ 70-ci illərdə Əliyev soyadı Azərbaycanın simvoluna çevrildi və Azərbaycanı dünyada tanıtdı. Məhz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənabları da bu şərəfli tarixin ənənəvi davamçısıdır. Qarabağ problemini məhz cənab İlham Əliyevin həll etməsi uca Tanrının və tarixin qərarıdır. 
Onu da qeyd etməliyik ki, adına Qarabağ problemi dediyimiz məsələ 30-40 ilin problemi deyil, bu problemin 100 illərlə yaşı var. Və 100 illik problemi həll etməklə cənab İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı. Təkcə öz adını yazmadı, həm də Azərbaycan xalqının adını dünyaya şərəfli bir xalq kimi tanıtdı. 
Həqiqətən də məğlub xalq olmaqdan ağır dərd ola bilməz. Son 30 ildə xalqımızın ünvanına nələr deyilmədi, nə qədər aşağılayıcı sözlər eşitdik. Sonda  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuz 44 günlük müharibə və 23 saatlıq antiterror əməliyyatı ilə 30 il işğal altında olan torpaqlarımızı erməni işğalçılardan azad etdi və dövlətimizin ərazi bütövlüyü, suverenliyi bərpa olundu. Və Azərbaycanın nüfuzu dünyada tarix boyu olmayan qədər yüksəldi. Bu Azərbaycan tarixində ilk dəfə baş verdi. 
Azərbaycan dünyada siyasi, iqtisadi, hərbi qüdrətinə görə söz  sahibinə çevrildi. Əlbəttə, bütün bu uğurların kökündə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən strategiya dayanırdı. Və bu təməlin üzərində cənab İlham Əliyev özünün fenomenal siyasəti nəticəsində 100 illik tarixi olan problemi həll edə bildi. 
Açıq etiraf etməliyik ki, 70 illik sovet dönəmində də adına Stepanakert deyilən, Xankəndi ermənilərin at oynatdığı şəhər idi. Bunu orada yaşayanlar gözəl bilir. Amma indi Xankəndində Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları hərbi paradı qəbul edir, şəhərdə idman yarışları keçirilir. Bu tarixi qələbədir. Bu tarixi qələbədə Birinci Vitse Prezidentimiz Mehriban xanım Əliyevanın öz misilsiz  xidməti var. 
Unutmayaq ki, müasir dünyada informasiya müharibəsi gedir. Və Mehriban xanım Əliyevanın beynəlxalq  qurumların üzvü kimi ölkəmizin mədəniyyətinin təbliğində rolu misilsizdir. Mehriban xanımın simasında dünya xalqımızı sivil toplum kimi tanıdı.  
Bu gün möhtəşəm zəfəri Azərbaycan xalqına qazandıran Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin doğum günüdür. Adını Azərbaycan tarixinə qızıl hərflərlə yazan Prezidentimizi təbrik edir, Azərbaycan dövlətinin daha da güclənməsi üçün Müzəffər Ali Baş Komandanımıza uğurlar arzulayırıq.
Ad gününüz mübarək Müzəffər Ali Baş Komandan!

Habil Vəliyev "Yeni Əkinçi" Qəzetinin Baş Redaktoru