Qoçuların öldürmək istədiyi Şövkət... - 8 fakt

Qoçuların öldürmək istədiyi Şövkət... - 8 fakt
Mədəniyyət
Oxunma sayı: 382
Bu gün Azərbaycanın ilk peşəkar qadın opera ifaçısı, SSRİ Xalq artisti Şövkət Məmmədovanın doğum günüdür.

Sabahnews.az Kult.az-a istinadən Şövkət Məmmədova ilə bağlı 8 faktı təqdim edir:

1. Şövkət Məmmədova Gürcüstanın Tiflis şəhərində 18 aprel 1897-ci ildə pinəçi ailəsində anadan olub. Atası altı yaşında onun musiqiyə olan marağını görür. Bu səbəbdən bir neçə ildən sonra - 1910-cu ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin dəstəyilə onu Bakıya göndərir.

2. Nənəsi ilə Bakıya gələn Şövkət 1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yoldaşı Sona xanımın köməyi ilə İtaliyanın Milan şəhərindəki musiqi məktəbinə daxil olur.

3. Tağıyev Milanda təhsil alan Şövkətə hər ay xüsusi təqaüd göndərirdi. Lakin bir il sonra barəsində müxtəlif şayiələr yayıb, Şövkət xanımı Hacının gözündən salırlar.

4. Şövkət Məmmədova 1912-ci ildə Üzeyir Hacıbəyli ilə tanış olur. Həmin il ilk dəfə peşəkar ifaçı kimi Bakının Tağıyev Teatrında Üzeyir Hacıbəylinin "Ər və arvad" operettasından bir neçə parça ifa edir.

5. Şövkət Məmmədovanın səhnəyə örtüksüz çıxması Bakının müsəlman icmasını xeyli qəzəbləndirir. Hətta qoçular Şövkət Məmmədovanı öldürmək istəyirlər, ancaq Üzeyir Hacıbəyli və dostları onu Abşeron kəndlərinin birində gizlədir. Daha sonra müğənni gizlin yolla Biləcəri stansiyasından Tiflisə yola salınır. Şövkət Məmmədova elə Tiflisdə musiqi təhsilini davam etdirir.

6. 1915-ci ildə Kiyev Konservatoriyasında təhsil alarkən məşhur bəstəkar Reynhold Qlier ilə birlikdə verdiyi konsertlərdə həm klassik Avropa operalarından ariyalar, həm də Azərbaycan xalq mahnıları ifa edir. Konsertdən sonra Şövkət Məmmədovanın təşəbbüsü ilə Azərbaycana gələn Reynqold Qlier Bakı səfərindən bəhrələnərək "Şahsənəm" operasını yazır və əsəri Şövkət Məmmədovaya ithaf edir.

7. Kiyevdə oxuduğu müddətdə müğənni Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurur.

8. Şövkət Məmmədova Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə iki dəfə "Lenin", iki dəfə "Qırmızı Əmək Bayrağı" və "Şərəf nişanı" ordenləri ilə təltif edilib. 1938-ci ildə isə SSRİ Xalq artisti fəxri adına layiq görülüb.

Qeyd edək ki, görkəmli opera ustası 8 iyun 1981-ci ildə 84 yaşında Bakıda vəfat edib. Məzarı Fəxri Xiyabandadır. Ölümündən sonra Azərbaycan Dövlət Konservatoriyası yanında Opera studiyasına onun adı verilib.