Milyonların sevimlisi, məşhur “üçlüy”ün ən “zəifi” - FOTO

Milyonların sevimlisi, məşhur “üçlüy”ün ən “zəifi” - FOTO
Mədəniyyət
Oxunma sayı: 425
Hər kəsin sevdiyi şəxslə müəyyən qədər bənzərliyi olur. Uşaq vaxtı ekranlardan sevərək izlədiyim, güldüyüm, amma hər zaman yazığım gəldiyi Georgi Vitsının 102 yaşı tamam olur. Bəli, məhz Vitsın. Soyadındakı ikinci “i” onu çox incidirdi, belə yazılmasını heç istəmirdi. Səbəbi vardı...
Yüzdən çox filmdə rol alan Vitsın ömrünün son illərində nə filmdə görünürdü, nə də teatrda. Heç kimlə danışmır, müsahibə vermirdi. Onun ölümü də həyatı kimi müəmmalı oldu. Dünyasını dəyişəndə reytinq xətrinə KİV nümayəndələri “Aktyor kasıblıq içində can Verdi” məzmunlu haray-həşir qopartdılar. Amma qızı və həyat yoldaşı susmayan zənglərə cavab vermədilər və bütün yardımları geri çevirdilər.
Ekranların sevimli sərxoş, cüvəllağı, oğru personajlarının mahir ifaçısı əslində teatrda çalışır və dramatik obrazlar oynamaq arzusunda idi. Rejissor Qriqori Kozentsov çəkəcəyi “Belinski” filmində Qoqol obrazı üçün aktyor axtarışında idi.
Günlərin bir günü Georgini görən rejissor “Nəhayət ki, axtardığımı tapdım” deyə sevinmiş və onu bu rola təsdiqləmişdi. Onun çəlimsiz fizionomiyası, uzun burnu rola çox uyğun idi. Və bu rolla Vitsın kinoda debütünü edir.
Aktyor eyni zamanda Leonid Qaydayın “Пёс Барбос и необычный кросс” filmində onun həyatını büsbütün dəyişən, kino karyerasını saat kimi tənzimləyən “Trus” (qorxaq) obrazına da dəvət alır. Çəkilişlər təxminən eyni vaxtda başlasa da, komik rol ekranlara daha tez çıxır. Beləliklə də gələcəyin məşhur dram aktyoru “məhv olur”.
SSRİ də çox məşhur olan bu film Morqunov, Nikulin və Vitsın “üçlüy”ünü digər komediyalara daşıyır. Bir-birinin ardınca sıralanan komik filmlər “Qoqol”u kölgədə buraxır. Georgi alkoqol düşkünü obrazlarını o qədər inandırıcı yaradırdı ki, ictimaiyyətdə onun həyatda da belə olması haqda şübhələr yaranırdı.
Əslində isə o, papiros çəkmir, dilinə bir damcı spirtli içki vurmurdu. Çəkilişlərin birində onu pivə içmək üçün dilə tutsalar da, qətiyyətlə rədd edir. Məcburən içkini itburnu şirəsiylə əvəzləyirlər. Amma süni pivə köpüyü yarada bilmirlər deyə onu heç olmasa bircə qurtum pivə içməsi üçün yalvar-yapış edərək razı salırlar.
Vitsın ətdən də imtina edib yoqayla məşğul olurdu. Evində göyərçin və tutuquşu saxlayır, zamanının çoxunu onlara həsr edirdi. Məşhurlaşdıqca daha çox təkliyə çəkilir, ünsiyyətdən qaçırdı. Çəkilişlər arası fasilədə kimsəylə danışmaz və başı üstə dayanmağı sevərmiş. Evini qala kimi saxlayır, kimsənin özəlinə qarışmasına şərait yaratmırdı. Həyatını teatra həsr edən, bir çox teatrlarda butafor, əlbisəçi, qrimçi işləmiş həyat yoldaşı Tamara Miçurina, qızı Nataşa və özündən başqa heç kim onların özəlini bilməzdi. Ən adlı-sanlı şəxslərin belə üzünə bağlı olan qapısını isə elə birinin üzünə açırdı ki... Kanalizasiya quyusuna sərələnmiş adamı (səfili) dartıb çıxardıb evinə aparan, onu orda qoyub özü çıxıb gedən ürəyə malik idi Vitsın...
Onun nə doğum günü bəlli idi, nə də doğulduğu şəhər. Fin şəhərciyi Tereokidə doğulmuşdu, amma uzun müddət sənədlərində Peterburq yazılırdı. Təvəllüdü dəqiq deyildi deyə, 80 illik yubileyini iki dəfə qeyd etdilər. O isə “İstədiyiniz vaxtda keçirə bilərsiniz, amma mənsiz” deyərək iştirakdan imtina etmişdi.
Tamaşaçılarını çox sevsə də, görüşdən imtina edirdi. Kimsəyə demədiyi səbəbi vardı. Var-dövlət yığmaq üçün şansı da, imkanı da vardı.
“Kimsəyə ağız açma ki, heç kimin qarşısında əyilməyə məcbur olmayasan”, - deyən sənətkar mənəvi azadlığını ömrünün sonuna kimi qorudu. Hətta yaşadığı evi qızına verib həyat yoldaşı ilə kiçik bir mənzilə daşınmışdı. 1993-cü ildə məşhur “üçlüy”ün (Morqunov, Nikulin, Vitsın) şərəfinə yaradılmış muzey isə nəinki onu sevindirməmiş, əksinə əsəbləşdirmişdi.
“Чем больше узнаю людей, тем больше люблю собак” ifadəsini tez-tez təkrarlayırdı. Sahibsiz küçə itlərini yedizdirər, quşları yemləyərdi. Ona görə də dəfnində çox qəribə mənzərə yaranmışdı - quşlar məzarının üstündə dövrə vurur, itlərsə qəbristanlığı dörd bir tərəfdən əhatəyə almışdılar. Vitsının əcdadları “вицы”dan səbətlər hörər və həyatlarına belə davam edirmişlər. Bu “ы” ona doğmaydı, nəslin yadigarı idi. Sənədindəki hərf səhvi onu incidirdi. O, məşhurluğundan istifadə edib bunu redaktə etdirə bilərdi, amma etmədi...
Yaşa dolduqca sevimli aktyorumun simasında, gözlərində olan kədəri daha yaxşı anlayır, onu daha çox sevirəm. Doğum günün mübarək, əziz Vitsınım.
Zeleneqorskda abidəsi qoyulan sənətkar mənə görə “Mr.Bean”dən daha istedadlıdır.