Məlahət Abbasovanın verilişi bağlandı - "Mən itirmədim..."

Məlahət Abbasovanın verilişi bağlandı - "Mən itirmədim..."
Mədəniyyət
Oxunma sayı: 367
Əməkdar artist Məlahət Abbasovanın AzTV-də yayımlanan "Məlahətli söhbətlər" verilişinin yayımı dayandırılıb.
Aktrisa bu haqda İnstaqram-da canlı yayımda deyib. O, jurnalist Əli Novruzəliyevin sualını cavablandıraraq incidiyini söyləyib.
Ötən həftə proqramı efirə getməyən M.Abbasova "Veriliş nə vaxt olacaq" sualına belə cavab verib:
"Yayımlanmayacaq, son verilişim oldu. Bunla bağlı açıqlama verəcəm. Çox səviyyəli veriliş olub. Xalq bu verilişi çox sevdi. İki dövlət, tək millət adına olan bir proqram idi. Türkiyənin ən tanınmış simaları qonaq oldu. Bu insanları Bakıya gətirmək asan deyildi.
Gözəl işlər baltalanmamalıdır. Xalqı maarifləndirən verilişlər olmalıdır. Yaxşı, sosial proqramlar olmalıdır, amma buna da dəstək durmalı idilər. Maddiyat güdülməməli idi. Mən Türkiyədə teatr rəhbəriyəm, burada seriallardan nə qədər qazanmaq olur. Amma maddiyatı kənara qoyub, mənəvi dəyərlərə üstünlük verdim. Azərbaycan üçün nələrsə etməyə çalışdım. Ancaq son iki-üç gündə problem yaşandı. Mən itirmədim, kanal itirdi.
İzləyicilər iradlarını mənə yox, kanala bildirsinlər. Amma mənim üçün fərqi yoxdur, o kanal olmasın, başqasına gedəcəm".
Qeyd edək ki, "Məlahətli söhbətlər" bundan əvvəl ATV-də yayımlanırdı.