“Hələ acından ölməyiblər?” - Müğənnilər toysuzluğa “ÜSYAN ETDİ"

“Hələ acından ölməyiblər?” - Müğənnilər toysuzluğa “ÜSYAN ETDİ"
Şou
Oxunma sayı: 354
Koronavirus pandemiyası demək olar ki, bütün sahələrə öz mənfi təsirini göstərir.
Azərbaycanda da bununla bağlı digər ölkələrlə vəziyyət eynidir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, martın 15-dən etibarən toy məclislərinin keçirilməsinə də qadağa qoyulub. Bu da sözsüz ki, gəlirləri ən çox toylardan gələn məşhurların cibinə zərər edib.
Maraqlıdır, sənət adamları bu müddətdə toyların dayandırılmasından nə qədər ziyan görüb?
Müğənni Bahar Lətifqızı Cebhe.info-ya açıqlamasında bildirib ki, yalnız aprel ayı üçün 14 min manat itirib:
z"Ümumiyyətlə, mənə elə gəlir ki, dövlət işində işləyənlərdən başqa hamının gəliri tamamilə yoxa çıxıb. Hər il mart və aprel aylarında toylarda artım olur. Apreldə haradasa 8 toy itirmişəm. Hələlik yalnız aprel ayını hesablasaq, orta hesabla 14 000 itirmişəm".
Xalq artisti Bilal Əliyev deyib ki, hər ölkədə eyni vəziyyət davam edir, buna görə də ziyan təkcə sənət adamlarına şamil edilmir:
"Mən elə deməzdim ki, ziyana uğradıq. Çünki hər ölkədə bu vəziyyətdir. Ölkə başçısı da bununla bağlı Azərbaycan vətəndaşını qorumaq üçün tapşırıqlar verdi. Allah belə lazım bildi. Biz də hamı kimi oturmuşuq. Gözləyirik. 3 ay, 5 ay, 1 il-nə qədər olsa, bununla razılaşmalıyıq. Mən Xalq artisti olduğum üçün xalq adından danışa bilərəm. Xalqımız adından Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevə təşəkkür edirəm. Allah onu Azərbaycanımızın, xalqımızın üstündən heç vaxt əksik etməsin!"
Müğənni Əlikram Bayramov bu müddətdə 50-60 toy itirdiyini deyib:
"Hələ müğənnilər sağdır? Aclarından ölməyiblər hələ? Nə yaxşı sağ qalıblar?! Vəziyyət çox ağırdır. Külli miqdarda zərər görmüşəm. 50-60 toy itirmişəm. Dolanışıq ağırlaşıb, vəziyyət heç yaxşı deyil. Sənət aləmində də iş yoxdur. Yekə-yekə danışanlara baxmayın, bir az da keçsin, yumşalacaqlar. Heç kimə lazım deyilsiniz. Heç bilmirəm, iyulda toy olacaq, ya yox? İnanmıram. Çünki camaatın evini açdılar, buraxdılar. Onlar da evdə qalmır (yəqin ki, karantının yumşaldılmasını nəzərdə tutur-müəll.) Elə düşüblər ora sənin, bura mənim. 2 aydır ki, mən gəlib rayonda oturmuşam. Onlar isə şəhərin canına düşüblər. Ay yetim, yığıl xarabana, qoy, bu da qurtarsın, biz də çörəyimizi qazanaq. Məni televiziyalara çağırırlar, getmirəm. Mən virus tutsam, o birinə də salaram, ailəmə də salaram. O ki qaldı toya, imtahanlar da onlayn keçirilirsə, camaat necə toy etsin? Günü-gündən də yoluxma artır. Yalan demirlər ki. Adamlar var ki, inanmır. Televiziyalar bar-bar bağırır, bu deyir ki, nə var orada? Yan-yana gəzirlər, görüşürlər. O sənət adamlarının da çoxu "korona" tutacaq. Onsuz onlar tutmasa da, "korona"dır. Əsəbiləşdim. Metrolar da açılıb. Yoluxma artacaq. Yəqin, yenə karantin elan edilər. Dövlət nə etsin ki? Hansı millətin başçısı istəyər ki, onun vətəndaşları ölsün? O atadır e, ata. İlham Əliyev hamımızın babası sayılır, atası sayılır".
Xalq artisti Səməd Səmədov da xeyli sayda toy itirdiyini deyib:
"Bundan zərərə düşən tək biz - sənət adamları deyil. Dövlətlər, biznesmenlər, böyük şirkətlər bundan zərər çəkir. Təbii ki, biz də çox toy itirmişik. Amma əsas canımız sağ olsun".