Plastik əməliyyata hazırlaşan “Pişik” Günel: “Evimin ipotekasının pulunu ödəyə bilmirəm"

Plastik əməliyyata hazırlaşan “Pişik” Günel: “Evimin ipotekasının pulunu ödəyə bilmirəm"
Şou
Oxunma sayı: 393
“Plastik əməliyyata getmək istəyirdim, amma bu gün bir qızın cərrah masasında ölməsi gözümü qorxutdu”.
Bunu Oxu.Az-ın əməkdaşı ilə söhbətində “Pişik” ləqəbi ilə şou-biznesdə tanınan Günel Ələkbərova deyib.
Sənətçi karantində kökəldiyini və bu səbəbdən əməliyyat etdirmək istədiyini söyləyib:

“Aşpazlıq bacarığım olmasa da, kifayət qədər dadlı yeməklər bişirirəm. Karantində evdə oturub yemək bişirib, yedim və kökəldim. Evdə idman alətlərim var. Lakin idman etməyi sevmirəm. Artıq çəkidən birdəfəlik canımı qutarmaq üçün qərara gəldim ki, əməliyyat etdirim. Bədən şəkilləndirici əməliyyat keçirmək istəyirdim. Amma hələlik bu fikrimdən daşındım”.
Özünü kasıb təbəqənin nümayəndəsi adlandıran sənətçi karantinə görə evinin aylıq ipoteka pulunu ödəyə bilmədiyini açıqlayıb:
“Qızım karantində darıxmasın deyə ona “dağ siçanı” almışam. O da balaladığından başımıza oyun açır. Karantin müddətində zaman-zaman qızımla küçəyə çıxıb, ərzaq mağazalarına gedirik. Bütün günü evdə oturmaq da olmur. Bağ evim olsaydı, ailəlikcə dincələrdik.
Mən kasıb təbəqənin nümayəndəsiyəm. Bir mənzilimiz var. Onu da 20 illik ipoteka ilə almışam. Aybaay banka pul ödəyirik. Üç aydır ipotekanın pulunu ödəyə bilmirik. Faizlər də ödəcəyimiz məbləğin üstünə gəlib”.
Müğənni karantin müddətində borca düşdüyünü etiraf edib:

“İnanın ki, yığdığım pulun hamısını karantin başlayandan bəri xərcləmişəm. Vəziyyət maddi baxımından yaxşı deyil. Hətta borca düşmüşəm. İki aydan çoxdur işləmirəm. “Bağ evim belə gəldi, avtomobilim belə getdi” deyənlər sırasına mən aid deyiləm. Fəhlə necə işləyib, bir parça evinə çörək aparırsa, mən də onlar kimi (Toyda, şou proqramda səhnə alır - red.) çalışıram. Mənim də çörək pulum toy və tədbirlərdən çıxır”.
G.Ələkbərova verilişlərə çıxmamağının səbəbini belə izah edib:
“Efirlərə incəsənətə aid olmayan insanları çıxarırlar. Belə məqamları görüb, efirə çıxmaq istəmirəm. Mənə qarşı çaşan və hörmətsizlik edən verilişlərə ikinci dəfə ayaq basmıram. Barmaqla sayılacaq qədər səviyyəli televiziya proqramları var. İndi televiziyaya maraq da azalıb”.
Müsahibəsinin sonunda Günel Ələkbərova sənətdən uzaq ifaçıların “fəaliyyətlərini” başlarına qaxınc edib:
“Instagram”da xəbər səhifələrinin adminləri 3-5 manat alıb, sənətə aid olmayan insanları reklam edib, dağ başına qoyurlar. Sosial şəbəkələri açırsan, elə təsəvvür yaranır ki, sanki Azərbaycan yalnız model və müğənnilərdən ibarətdir. Baxırsan ki, bir metr boyu var, özünə model deyir (gülür). Bu şeylər biz sənətçiləri əlçatan edir”.