“Səhərlər çörək bişirib Binə bazarında satardıq”

“Səhərlər çörək bişirib Binə bazarında satardıq”
Şou
Oxunma sayı: 500
“Rusiyadan təzə köçmüşdük. Öz evimiz də yox idi. Üç övlad, ata və ana. Dolanmaq üçün atam qaldığımız evin həyətində təndir tikmişdi. Anam gecələr xəmir yoğurur, səhərlər çörək bişirirdi, sonra aparıb Binə bazarında satardıq. Elə həvəsli idim ki, yararlı olum deyə. Can atırdım ki, onunla gedim və çörək satım. Hərdən özü ilə aparırdı”.
Publika.az xəbər verir ki, bu sözləri tannmış aktrisa Günay Əhməd instaqramda yazıb.
Aktrisa çətin keçən uşaqlıq xatirələrini izləyiciləri ilə paylaşıb: “Amma satışın bir qaydası var idi. “Çörək var, çörək var... 500 manat” (o vaxtın pulu ilə) deyə qışqırmalı idin. Mən də qışqırırdım, həm də sevinclə. Mən getdiyim gün çörək çox satılardı. Elə bilirdim ki, ayağım düşərli idi. Amma indi anlayırm ki, bəlkə də balaca qızcığaza acıyıb alırdılar o çörəyi...
Hardan hara gəldik. Heç vaxt keçmişimdən utanmadım. O günlər məni mübariz, gözütox etdi və öz zəhmətinlə qazanmağı öyrətdi. Heç vaxt düşünmədim ki, niyə “O uşağın barbi kuklası var, mənim yox”. Vallah qısqanmadım, onun yerinə də sevinməyi bilirdim. Bu gün də hər şeyi gülərək qarşılayıram. Bu da keçər deyirəm. Keçir də... Allahın bizim üçün nə planlar qurduğundan bixəbərik. Nədənsə, bu gecə “Çörək, çörək 500 manat” deyən, özünü lazımlı sayan qızcığaz üçün çox darıxdım”.