Əli İnsanov müxalifətlə görüş təşəbbüsü edib

Əli İnsanov müxalifətlə görüş təşəbbüsü edib
Siyasət
Oxunma sayı: 376
2019-cu il noyabrın əvvəlində Müsavat Partiyasının qərargahında adıçəkilən partiyanın başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, AXCP sədri Əli Kərimli, AXP sədri Pənah Hüseyn, sabiq səhiyyə naziri Əli İnsanov, keçmiş səfir Hikmət Hacızadə və “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin iştirakı ilə görüş keçirilmişdi. Arif Hacılının təşəbbüsü ilə reallaşan görüşün tərkibi, formatı ictimai marağı özünə cəlb edə bilmişdi.

Xüsusilə bu, Əli İnsanovun müxalifətlə birləşməsi və yeni birlik formatının ortaya çıxması kimi şərh edilirdi. Sonradan bu formatda daha bir görüş keçirildi. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq sözügedən format-tərkib bir araya gəlməyib.

Bu format nədən dayandı? Yaxın gələcəkdə davam edəcəyi gözlənirmi?

AXP sədri Pənah Hüseyn Musavat.com-a bildirib ki, bu, hansısa uzun müddətli bir təşkilat və ya əməkdaşlıq modeli kimi nəzərdə tutulmamışdı: “O dövrdə növbəti seçki ilə bağlı məsləhətləşmə, müzakirə məqsədi ilə keçirilən görüş idi. Sonradan növbədənkənar seçkilər oldu. Növbədənkənar seçkilər qurtarandan isə koronavirus məsələsi ortaya çıxıb. Bəllidir ki, xüsusi karantin rejimi qüvvədədir. Belə bir şəraitdə təbii ki, qeyd edilən formatda və digər formatlarda görüşlər, toplantılar keçirmək gündəmdə deyil. Həmin tərkibdə görüş Müsavat başqanı Arif Hacılının təşəbbüsü ilə baş tutmuşdu. Qarşıdakı dönəmdə, daha doğrusu karantin rejimi ləğv edildikdən sonra yenidən belə bir təşəbbüs qaldırıb-qaldırmayacağını isə yəqin ki, Arif Hacılı söyləyə bilər.

Parlament seçkiləri yekunlaşan ərəfədə Əli İnsanov növbəti dəfə toplaşmaq təşəbbüsü ilə çıxış eləmişdi. Lakin koronavirus başladı və təşəbbüs reallaşmadı.

Ümumiyyətlə, müxalif partiya sədrlərinin bəziləri ilə telefon və ya internet vasitəsilə söhbətlərimiz olur. Amma bu rəsmi müzakirələr aparmaq məqsədilə aparılan danışıqlar deyil”.

Müsavatdakı mənbə isə sözügedən formatda görüşün tamamilə gündəmdən çıxmadığını, xüsusi karantin rejiminə görə keçirilmədiyini bildirdi. Mənbənin dediyinə görə, noyabrda keçirilən görüşdə iştirak edənlərdən ikisinə - Əli İnsanovla, Hikmət Hacızadəyə yaşları 65-dən yuxarı olduğu üçün ümumiyyətlə evdən çıxmaq qadağası var. Digər iştirakçıların isə cəmi 2 saatlığa evdən çıxması mümkündür. Belə vəziyyətdə isə görüş, toplantı keçirilməsi mümkün deyil.